backend

Bakı müşavirəsi dörd oliqarx başçının canına vəlvələ salıb - Özbaşınalığın sonu...

Bakı müşavirəsi dörd oliqarx başçının canına vəlvələ salıb - Özbaşınalığın sonu...















Bakı rayonlarının icra başçılarının iştirakı ilə keçirilən müşavirə 4 məmurun canına vəlvələ salıb

FİA.Az-ın əldə etdiyi xəbərə görə, Sabunçu icra başçısı Adil Vəliyev, Xətai icra hakimi Razim Məmmədov, Suraxanı başçısı İlqar Abbasov və Qaradağın şefi Süleyman Mikayılov təşviş içindədirlər.

Müşavirə haqda ilk xəbəri yayan modern.az-ın məlumatına görə, iclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Bakının bir neçə rayon icra başçılarının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqların olduğuna görə yaxın zamanlarda həmin icra başçıların işdən azad olunacağı xəbərdarlığı edilib.

Sayt yazıb ki, şikayətlər əsasən Suraxanı, Sabunçu, Xətai, Qaradağ rayonlarında olan narazılıqlarla bağlıdır. Bununla belə paytaxtın digər rayonlarının icra başçılarına da xəbərdarlıq edilib.

Gözlənilən odur ki, təmsil etdiyi bölgədə vəzifələrindən sui-istifadə edən, sakinlərin problemləri ilə maraqlanmayan icra başçıları tutduqları vəzifədən azad ediləcək.

Son illərdə Xətainin icra başçısından daha çox yaşıllıqların məhvi və ərazilərin satılması haqda şikayətlər, faktlar var. Suraxanı icra hakimi isə rayonla maraqlanmır, qəsəbələrin yolları bərbaddır, torpaqlar satışdadır.

Sabunçu icra başçısı da onlardan geri qalmır və təkcə Bakıxanov qəsəbəsinə göz gəzdirmək kifayətdir ki, bir qarış yer qalmadığını görəsən.

Qaradağ icra başçısı ilə bağlı hər şey aydındır. S.Mikayılov barəsində illərdir ancaq neqativ xəbərlər gəlməkdədir.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova arxalandığını gizlətməyən icra başçısının Qaradağdakı fəaliyyəti dözülməz həddə çatıb.

Rayonda "abadlıq və quruculuq" işlərinin kağız üzərində əks olunduğunu deyən şikayətçilər bildirirlər ki, əslində, icra hakimiyyəti bu ad altında milyonlar qazanır, büdcə isə məqsədli şəkildə talan olunur.

Halbuki o, fövqəlnazirin yox, prezidentin səlahiyyətli nümayəndəsidir və məhz dövlət başçısının dəfələrlə çıxışlarında qeyd etdiyi prinsiplərə, eləcə də, icra başçıslarına vediyi tapşırıqlara əməl etməyə, həmçinin xalqa hesabat verməyə borcludur.

FİA.Az xəbər verir ki, Süleyman Mikayılov bütün karxanalarda da pay sahibidir. Çox maraqlıdır ki, karxanalara maliyyə nəzarətini Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir.

Rasim Əhmədovun bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığdığı iddia olunur.

O da bildirilir ki, məhz Süleyman Mikayılovun göstərişi ilə karxanalarda daşın qiyməti (ədədi 30-35 qəpiyə satılan daşlar 40-45 qəpiyə qədər. red.) bahalaşdırılıb.

Eynilə Xətai icra başçısı R.Məmmədovun da gediş vaxtı çatıb. Paytaxtın Xətai rayonu icra başçısı Razim Məmmədov yaşıllıqların qəniminə çevrilib. Bu rayon illərdir ki, ağaclar məhv edilir.

Ancaq icra hakimininin arxası möhkəmdir, ona batan olmur. Odur ki, dəfələrlə Xətai rayonunda ağacların kəsilməsi və yerində obyekt tikilməsi faktları ictimailəşsə də, bir xeyri olmayıb.

Prezident yaşıllıqlara qənim kəsilən biznesmenlərə, məmurlara qarşı amansız olsa da, bəziləri əməllərindən çəkinmirlər. R.Məmmədov da onlardan biridir və Xətaini istədiyi kimi idarə edir, istədiyi kimi satır.

Müxtəlif vaxtlarda aparılmış araşdırmaların nəticəsinə əsasən qeyd etmək olar ki, bu gün Bakıdakı yaşıl “soyqırım” vəhşətləri daha çox Razim Məmmədovun icra başçısı olduğu Xətai rayonunda yaşanır.

Ümumiyyətlə, Xətai Rayon İcra Hakimiyyətinin başçısının yol verdiyi nöqsanlar bitib-tükənmək bilmir.

Əksər hallarda adı bəzi maliyyə əməliyyatlarında, torpaq satışında hallandırılan Razim Məmmədov demək olar ki, vəzifədə oturduğu illər ərzində yerli əhalinin etimadını doğrultmağı bacarmayıb.

Həmçinin, Sabunçu və Suraxanı rayon icra başçıları haqda saysız-hesabsız şikayətlər var, vətəndaşların problemlərinə baxmırlar, rayonları şəxsi obyektləri kimi istifadə edirlər.

Ona görə də Bakı müşavirəsi əksər icra başçılarına, xüsusən də adıçəkilən 4 rayon rəhbərinə böyük bir xəbərdarlıq olub. Onların vəzifədən kənarlaşdırılması planı işə salınıb.

Hakimiyyət nazirlərdən sonra icra başçılarını yeniləməyə başlayıb. Prezident xalqla işləyən məmurları qabağa çəkəcək.

Qeyd edək ki, Tovuz, Binəqədi, Gədəbəy icra başçıları işdən çıxarılıb.