backend

Azərbaycan demoqrafik fəlakətə yaxınlaşır

Azərbaycan demoqrafik fəlakətə yaxınlaşır






















"Abortlar daha çox Qafqaz regionunda artıb".

Azərbaycanda 2003-cü ildən başlayaraq doğum səviyyəsi tədricən yüksəlib.

"Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramında (2014-2025-ci illər)" qeyd olunub ki, bu dövr ərzində ümumi nəsilvermə əmsalı 1.9 səviyyəsindən yüksələrək 2013-cü ildə 2.2 təşkil edib. Qeyd olunan meyllərin və reproduktiv yaşda olan qadınların sayında və yaş strukturunda baş vermiş dəyişikliklərin nəticəsi olaraq, doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 2013-cü ildə 19 nəfərə qədər artıb.

qaynarxett.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bununla yanaşı diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir).

Qeyd olunanlar, ilk növbədə, valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Ölkədə diri doğulanların ümumi sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı 1990-cı ildə 2.6 faiz, 2003-cü ildə 10.5 faiz, 2013-cü ildə isə 14.5 faiz təşkil edib.

Eyni zamanda erkən yaşlarda doğuşlar ana və uşaqların sağlamlığı üçün təhlükə yaradır. Ananın yaşına görə diri doğulanların ümumi sayında 20 yaşa çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların xüsusi çəkisi 1990-cı ildəki 4.7 faizdən 2003-cü ildə 10.6 faizə və 2013-cü ildə 11.1 faizə qədər artıb. Rəsmi statistik məlumatlara əsasən, 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 2003-cü ildə 7 təşkil etdiyi halda, 2012-ci ildə bu göstərici 12 olub.

"Abortlar daha çox Qafqaz regionunda artıb"

Cinslər arasında qeyri-bərabərsizlik xüsusilə 1991-ci ildən bu yana kəskin artıb. Qafqazda abortlara xüsusilə ailədə ikinci, ya da üçüncü uşağın cinsi qız olarkən əl atılır. Məsələn, Ermənistanda əgər ailənin birinci uşağı qızdırsa, ikinci uşaq 61 faiz halda oğlan doğulur. Yaxud birinci uşaq oğlan olarsa, ikinci uşağın qız olmasına çox da mane olmurlar. Yəni bu ölkədə ailə üzvlərinin sayına deyil, kompozisiyasına diqqət yetirirlər. Ucuz qiymətə ultrasəs müayinəsi vasitəsilə dölün cinsiyyətini erkən dövrlərdə müəyyən edirlər. Sovet hakimiyyəti illərində ultrasəs müayinəsi əsasən orduda istifadə olunan nadir tibbi avadanlıqlardan idi, onun Qərbdən idxal olunması da qadağan idi. 1991-ci ildə həmin tibbi avadanlıqların geniş yayılması ilə abortlar da artmağa başlayıb.Amma bu tibbi avadanlıqlar Ukrayna və başqa qonşu ölkələrdə yayılsa da abortlar daha çox Qafqaz regionunda artıb. Burda siyasi səbəb ola bilər. Çünki hər üç Cənubi Qafqaz ölkəsində dondurulmuş münaqişələr var. Bu münaqişələr ailə planlaşdırılmasında oğlanlara üstünlük verilməsinə səbəb ola bilər.

Mənbələr: John Bongaarts: "Oğlan uşağı istəyinin həyata keçirilməsi" - Population and Development Review dərgisi. Marc Michael: "Qafqazda qız uşaqlarının azalmasının gerçək sirri" - International Perspectives on Reproductive Health dərgisi. (Azadlıq Radiosu)

Təranə Həsənova: "Oğlanların sayı qızların sayından həddindən artıq çoxdur"

Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi Təranə Həsənova "Bizimyol.info"ya açıqlamasında bildirdi ki, ölkəmizdə selektiv abortlar geniş vüsət almaqdadır. Onun sözlərinə görə, abortları ölkəmizin adət-ənənəsi ilə əlaqələndirmək olmaz: "Statistika illər ərzində daim dəyişilir. Selektiv abort yalnız bizə aid olan şey deyil. Yəni Azərbaycan dünya ölkələri arasında selektiv abortlara görə heç də birinci yerdə durmur. Statistikada Çin ilkin sıralarda gəlir. Orda başa düşmək olar ki, dünyaya gələn uşaqların sayına məhdudiyyət qoyulub. Bunu bir kənara qoyaq. Qonşu ölkə olan Gürcüstan selektiv abortlarda ən öndə gedir. Yəni bunun müsəlmançılığa, adət-ənənəyə heç bir adiyyatı yoxdur. O ki qaldı yerdə qalan xüsusiyyətlərə, bilirsiniz ki, hazırda iki uşaqlı ailə modelinə daha çox üstünlük verirlər. İkincisi, ailələrin uşaqları böyütməklə bağlı maddi cəhətdən problem olur. Ailələr istəyirlər ki, uşaqların sayı onların istəyinə uyğun olsun. Qısası onlar bunu tənzim edib, çox uşağın olmasına icazə vermirlər".

T.Həsənova qadınların abortları daha çox uşaq böyütməyin çətinliyi ilə əlaqələndirdiyini deyir: "Şəxsən mənim özüm üçün maraqlı olur. Ona görə də selektiv aborta gələn qadınlara bu sualı verirəm. Onlar hamısı bu cavabı verirlər. Deyirlər ki, ailədə iki uşağın olmasını istəyirik. Oğlan uşaqlarının çoxluğu ilə bağlı rəsmi statistika var. Ancaq mən qeyri-rəsmi statistikanı demək istəyirəm. Məktəblərdə siniflərə diqqət edin. Hazırda oğlanların sayı qızların sayından xeyli çoxdur. Məsələn, mənim övladımın biri məktəbi keçən il bitirdi, biri isə hazırda təhsil alır. Hər ikisinin oxuduğu sinifdə cəmi 6 qız vardı. Siniflərin böyük əksəriyyəti belədir. Oğlan və qızların sayı yarı-yarıya deyil. Bu proses artan tendensiya ilə davam edir".

Rəsmi statistikaya görə, 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub. Onlardan 73 182 oğlan, 62 359 qız olub. 2013-2014-cü tədris ilində I sinfə gedən şagirdlərin sayı 141 166 nəfər olub. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır.

Ailələrin dövlətin dəstəyinə ehtiyacı var

T.Həsənovanın fikrincə, bu prosesin qarşısını almaq məsələsi var. Onun sözlərinə görə, təbii seçim olmalıdır: "Bunun üçün ən azı ailələrin ümumi vəziyyəti yaxşılaşmalıdır. Burda dövlət proqramı olmalıdır. O proqram dövlətin nəzarəti altında ciddi şəkildə işləməlidir. Yəni ailələrə müxtəlif formada güzəştlər olmalıdır. Bunun üçün qonşu ölkələrin təcrübələrindən faydalanmaq olar. Ölkənin gəlirindən asılı olaraq həmin proqrama yeni nələrsə əlavə etmək mümkündür. Layihə hazırlanmalıdır və işlənməlidir. Əgər dövlət özü ailələrin arxasında dayanmasa, bu proses artan tendensiya ilə davam edəcək."

T.Həsənova vətəndaş kimi oğlan uşaqlarının çoxluğunun pis olmadığını deyir. "Biz müharibənin içərisində olan dövlətik. Torpağımızın 20 faizi yoxdur, bir yanı qırılmış ölkəyik. Ona görə oğlan uşaqları lazımdır ki, onlar gələcəyin potensial əsgərləridir. Digər bir məsələ, həmin oğlanlar böyüdükcə onlara yaşıd qızları haradan tapacaqlar? Həmin oğlan uşaqları ailə qurmaq üçün əcnəbi ölkələrin qızlarına üz tutacaqlar. O zaman ölkənin genefondu necə olacaq? Yəni daha qabağı düşünürəm. Bu işi həll etmək üçün dövlət dəstək olmalıdır".

"15 yaşlı qızın böyütdüyü uşaq gələcəyin potensial cinayətkarıdır"

T.Həsənova deyir ki, qanunvericiliyə görə 18 yaşından etibarən qızlar nikaha girə bilərlər. Ancaq statistikada 20 yaşdan aşağı ana olanların sayı artır: "18 yaşdan yuxarı ailə qurub, ana olan qızların həm qanuni, həm də fiziki baxımdan ana olmasında hər hansı problem yoxdur. Qızların təhsildən yayınma halları dəhşətli dərəcədə artıb. Bir vətəndaş kimi bu hal ürəyimi ağrıdır. Yenə də dövlət bu məsələyə nəzarət etməlidir".

T.Həsənova 15 yaşında ailə quran bir qızın dünyaya gətirdiyi uşağa necə tərbiyə verəcəyinin sual altında olduğunu deyir: "Keçən əsrə müraciət etmək lazım deyil. O zaman nənələrimizin də savadı yox idi. Ancaq çox yaxşı insanlar böyüdürdülər. Bu keçən əsrdə idi. Bu günki informasiya əsrindən danışmaq lazımdır. 14-15 yaşında savadsız bir qızın dünyaya gətirdiyi uşaq da savadsız olacaq. Onun böyütdüyü uşaq gələcəyin potensial cinayətkarıdır. Mən ona başqa bir insan kimi baxmıram. Çünki o qızın özü uşaqdır. Özü nə bilir ki, uşağa da onu öyrətsin.

Dəyanət Rzayev: "17-18-ci əsrin geridə qalmış ərəb anlayışı bu gün Azərbaycana da tətbiq olunub"

Psixoloq Dəyanət Rzayev qız uşaqlarının istənilməməsi halı ilə çox rastlaşdığını deyir. Onun sözlərinə görə, bununla bağlı məsləhətə gələn şəxslər var: "Qadınlar deyirlər ki, yoldaşları qız uşağını istəmir. Deyirlər ki, yoxlatdır, əgər qızdırsa, abort etdir. Çox zaman kişilər deyirlər, "təsəvvür edə bilmirəm ki, mənim qızım olsun". Səbəbini soruşanda isə gələcəkdə qızının hansısa şəxslə bir yerdə olması düşüncəsini əsas gətirirlər. Hələ bu azmış kimi deyirlər ki, övladım qız olsa, onu özüm boğub öldürərəm. Ona görə də nəticələr belədir. Belə primitiv düşüncələr hələ də cəmiyyətimizdə var. Qadın sözünün özünə diskriminasiya var. Hansısa bir kişiyə deyilsə ki, "qadın kimi kişidir" bu təhqir hesab olunur. Ancaq hansısa qadına deyilsə ki, "kişi kimi qadındır" bu, tərif hesab olunur".

Psixoloqun fikrincə, bu komplekslərdən azad olmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində bir çox Şərq ölkələrində olduğu kimi komplekslər yaşanır: "Bu gün Şərqdə görün nələr baş verir? Hindistanda qadınları küçənin ortasında zorlayıb öldürə bilərlər. Bu qadın çatışmazlığı ilə əlaqədardır. 17-18-ci əsrin geridə qalmış ərəb anlayışı bu gün Azərbaycana da tətbiq olunub. Küçədə qadın keçən zaman söz atırlar, təhqir edirlər. Hansı inkişaf etmiş cəmiyyətdə bu halla rastlaşarsınız? Ancaq bizdə bu adi haldır. Bahalı markalı bir maşın yolda cavan qız görəndə siqnal verir, söz atır. Bununla belə günahı kişilərdə görmürlər, qadınlarda görürlər. Bizim cəmiyyətimizdə bu gün belə bir ifadə var: "Yaxşı qıza söz atmazlar". Dəfələrlə bu kimi halların şahidi olmuşam. Bütün bu səbəblərdən kişilər qız övladlarının olmasını istəmir. Kişilər düşünür ki, nə üçün gələcəkdə mənim qızıma kimsə söz atmalı, həyat yoldaşı onu incitməli, ağlatmalıdır. Bütün bunları düşünüb deyirlər ki, ondansa qızım olmasın. İkinci bir yanlış düşüncə isə nəsli oğlan övladlarının davam etdirməsidir. Çox səhv anlayışdır. Qadın da, kişi də irsiyyətin daşıyıcısıdır. Bunu yalnız kişilərə aid etmək olmaz".