backend

Zərdabda icra başçısı ambulans yolunu satıb

Zərdabda icra başçısı ambulans yolunu satıb

Lütfəli Babayev xəstəxananın səkisi və həyətinin bir qismidə mağazalar tikdirərək, sahibkarlara “bağışlayır”

Zərdabda qəribə hadisələr baş verir. Rayonun icra başçısının sahibkarları incitdiyi, sakinlərin qanuni torpaqlarını əlindən aldığı, iş adamlarını aldatdığı, işdə heç də xoşagələn hadisələrin baş vermədiyinə dair məlumatlar səngimək bilmir. Dünən jam.az-ın elektron ünvanına daxil olan məlumat isə Zərdabda durumun daha birabırçı şəkildə olduğunu deməyə əsas verir.

Rayonun B.Məmmədov küçəsi 18 ünvanında yaşayan Xaliq İfrat oğlu Məmmədov yazıb ki, Zərdabın xəstəxanası bərbad halda olduğundan onun əsaslı təmirinə başlanılıb. Yüksək səviyyədə həyata keçirilən təmir işlərinin fonunda isə icra başçısı özünün biznesini qurmağa başlayıb. “Lakin bununla yanaşı, xəstəxananın qarşısı və yan hissələrindəki mağazalar, aptek binası, yeni əsaslı təmir edilən xəstəxana binasının görkəminə xələl gətirir. Belə ki, xəstəxananın giriş hissəsində insanlaın hərəkət ediyi səkilərdə mağaza yerləri xəstəxananın hasarını içəri çəkilməsi hesabına baş verib. Bütün dünyada maşınlar tıxacda olarkən təcili yardım maşınlarına yol verildiyi halda, Zərdabda təcili yardım maşınlarının yolu Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı və arxtektoru tərəfindən “pullu” müştərilərə satılmışdır”.

X.Məmmədov daha sonra yazır ki, icra başçısı və rayonun baş memarı hətta piyada gedişi üçün olan səkilərdə mağaza tikdirdikləri üçün xəstəxanaya gələn insanlar maşın yolu ilə hərəkət etməli olur ki, bu da oların həyatı üçün təhlükə yaradır. “Amma faciəvi durum həm də odur ki, verilmiş mağaza yerlərindəki yaşıllıqlar məhv edilir. Zərdabın icra başçısı Lütfəli Babayev bütün bunların Səhiyyə Nazirliyi ilə razılaşdırılmış formada edildiyini deyir. Amma buna inanmırıq. Ölkə rəhbərliyi və Səhiyyə Nazirliyindən xahişimiz budur ki, baş verən qanunsuzluqların qarşısını almaqda zərdablılara köməklik göstərsinlər”.