backend

İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...

İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...




Maraqlı məqamdır. Nədənsə İsmayıllının dağları, təbiəti, insanları, rayon sakinlərinin uğurları barədə qələmə almaq istədiyim yazının əvvəlində şair ürəkli bir dostumuzdan nə vaxtsa eşitdiyim misralar yadıma düşdü:

Dağlar süfrə açır bahar gələndən,
Yaxınlı, uzaqlı qonaqdan ötrü.
Yay boyu süfrəyə gələn nemətin
Dodaqda dadı var, budaqda ətri.

Doğrusu, bu sətirlərin İsmayıllıda, Qəbələdə, Zaqatalada, Qubada və ya Daşkəsəndə yazıldığını bilmirəm. Amma onu dəqiq bilirəm ki, şeirdə dağların məhz bu günlərdə minbir rəngli süfrə açdığı, yay boyu həmin süfrəyə minbir nemət düzdüyü, nəhayət, oktyabrda payız küləklərinin “əli ilə” həmin süfrəni çırpıb, təmizləyib gələn il üçün saxlaması əsl kənd adamının müşahidələri əsasında qələmə alınıb. Bir də ki, bu şeirin hansı rayonda qələmə alınması o qədər də önəmli deyil. Çünki bizim dağların hamısı gözəldir. Amma insafən, İsmayıllı dağlarının gözəlliyi bir... vahid artıqdır. Bu üç nöqtəyə görə hörmətli oxucudan üzr istəyirəm. Çünki təbiət gözəlliyinin ölçüsünü (elə bir ölçü varmı, görəsən?) bilmədiyimə görə vəziyyətdən çıxmaq üçün “bir vahid” ifadəsini yazdım.
Bax belə, heç kəs inciməsin, o biri dağlarımızdan bir azca da olsa gözəlliyi çox olan İsmayıllı dağları bu gün-sabah yaxınlı-uzaqlı qonaqlar üçün əsrarəngiz süfrə açmaga başlayacaq, çöl, çəmən, ağaclar rəngarəng çiçək açacaq. Bu proses may ayının sonunadək davam edəcək. Sonra isə... naz-nemət mövsümü başlanacaq. Bu diyarın turizm potensialından indiki kimi istifadə edilməyəndə də dağlar gözəl, insanlar gülərüz idi. Ancaq indi qonaq-qara çox olduğuna görə insanlar təbiətin gözəlliyinə əlavə çalarlar qatıb, bölgə əhalisinin min illərdən bəri formalaşan özünəməxsus qonaqpərvərliyi birə beş qat artıbdı.
İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...
İsmayıllını xüsusi vurğunluqla sevən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla hər görüşümüzdə bu müqəddəs yerin gündən-günə gözəlləşdiyi barədə fikirlərin üzərinə qayıdırıq. Daha doğrusu, Mirdamət müəllim bu söhbəti tez-tez gündəliyə gətirir. Mən də sanki birinci dəfə eşidirmiş kimi maraqla qulaq asıram. Yuxarıda dedim axı... O əsl yurdsevər insan kimi bu gözəlliklə fəxr edir. Hərdən mən də ona qoşulub fəxr edəndə daha da ürəklənir: — Bir azdan bizim rayonun çal-çağırlı günləri başlanacaq. Əvvəllər qonaqlarımız ancaq öz respublikamızdan və keçmiş sovet şəhərlərindən olurdu. İndi isə Avropanın əksər ölkələrindən qonaq qarşılayırıq. Avtomobil yollarımızın yüksək səviyyədə yenidən qurulması, müasir standartlara cavab verən turizm obyektlərinin tikilib istifadəyə verilməsi, insanlarımızın daha çox qonağı və daha yüksək səviyyədə qarşılayıb yola salması... bütün bunlar buraya gələnlərin ildən-ilə deyil, aydan-aya artmasının əsas səbəbləridir. İnsana daxilən rahatlıq verən əməllər çoxdur. Ancaq mənə elə gəlir ki, dünyada qonaq qarşılamaqdan gözəl heç nə ola bilməz.

Başcı ilə hər görüşümüzdə İsmayıllının infrastrukturunun iti sürətlə gözəlləşməsi barədə yeni nə isə eşidirdim. Bu dəfə isə söhbətə bir az ictimai-siyasi məzmun da qatmışdı: — Cənab Prezident İlham Əliyevin həm regionların inkişafına ayırdığı diqqət, həm də turizmin və sahibkarlığın inkişafına verdiyi önəmin nəticəsidir ki, bu gün İsmayıllı istənilən bölgə ilə tərəqqi yarışının qalibi ola bilər. Biz dövlət başçısına bir də ona görə minnətdarıq ki, bizim rayona xüsusi diqqət göstərir. Biz də borclu qalmırıq. İndi sadalayacağım faktlara və rəqəmlərə diqqət yetirək. 2018-ci il rayonumuz üçün yaddaqalan hadisələrlə zəngin olmub. 25-26 avqust 2018-ci il tarixlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonumuza tarixi səfər edərək rayonun sosial-iqtisadi inkişafına təkan verəcək bir sıra istehsal, infrastruktur və sosial layihələrin, o cümlədən Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, "Azərxalça” ASC-nin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Bəhliyan və 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və qəsəbədə təbii qazın açılışında iştirak etmişlər. Səfər zamanı cənab Prezident rayonun gələcək inkişafı üçün öz tövsiyə və tapşırıqlarını vermişdir.
İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...
2018-ci ildə Gəndov kəndində modul tipli məktəb binasının və Xəlilli kəndində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, Cülyan kəndində 40 yerlik uçaq bağçası əsaslı təmir olunmuş və hər üç obyekt istifadəyə verilmişdir. Uştalqışlaq və Girk kəndlərində modul tipli məktəb binalarının quraşdırılmasına, Basqal qəsəbə tam orta məktəbi üçün yeni 432 şagird yerlik məktəb binasının tikintisinə başlanmış və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulmuşdur.

Heydər Əliyev parkında fəvvarələr əsaslı təmir olunmuş, “Günəşli” yaşayış massivində Mübariz Orucov, S.Ə.Şirvani, M.F.Axundov və Babək küçələrində hasarlar təmir edilmiş və divarlar rənglənmişdir. İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir. Cümhuriyyətin 100 illiyi ərəfəsində 28 may küçəsində kommunikasiya xətlərinin yeri dəyişdirilərək küçə genişləndirilmiş, 1 saylı tam orta məktəbə yaxın ərazidə avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılmışdır. Şəhərin Kamran Məmmədov, İstiqlal, Nuru paşa, 28 May, Babadağ, Füzuli, V.Əliyarov, Səməd Vurğun, Abdulla Şaiq küçələrində asfaltlanma işləri aparılmış, ümumilikdə qeyd olunan 8 küçə və bir dalana 4377 metr uzunluğunda 26260 kvadratmetr asfalt örtük vurulmuşdur. Hazırda şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo” sanatoriya-istirahət mərkəzinin, Talıstan kəndi ərazisində İstirahət kompleksinin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir.
İl ərzində əsas kapitala 91 milyon 714 min manat və ya əvvəlki ildən 6,7 faiz çox investisiya qoyulmuşdur. Adam başına düşən investisiya 75 manat artaraq 1069 manata çatmışdır. İnvestisiyanın 53 milyon 382 min manatı (58,2 faizi) özəl sektor tərəfindən həyata keçirilmişdir. Vəsaitin 85 milyon 371 min manatı (93,5 faiz) tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

2018-ci ildə rayonda faktiki qiymətlərlə 257 milyon 554 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 248 min manat çoxdur. Adam başına düşən ümumi məhsul dəyər ifadəsində 214 manat artaraq 2969 manat təşkil etmişdir. Kənd təsərrüfatında 3,5 faiz, sənayedə 32,7 faiz, tikinti-quraşdırma işlərində 61 faiz, informasiya və rabitədə 10,3 faiz, ticarətdə 3 faiz artım əldə olunmuşdur. Əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz yüksələrək 192 milyon 920 min manata çatmış, keçən ildən 6 milyon 829 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 692 min manat artaraq, 27 milyon 612 min manat təşkil etmişdir.

2018-ci ildə rayonun yerli gəlir və xərcləri 6 milyon 837 min manat məbləğində təsdiq edilmişdir. Yerli xərclərin dotasiyasız, yerli gəlirlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 6 milyon 837 min manata qarşı 8 milyon 21 min manat (117 faiz) və ya 1 milyon 184 min manat artıq icra olunmuşdur. İl ərzində büdcə vəsaitindən qənaətlə istifadə olunmuş, proqnoz göstəricilərlə müqayisədə xərc maddələri üzrə 301,6 min manat az vəsait sərf olunmuşdur.

İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...
Son illərdə Velosiped istehsalı zavodunun, İsmayıllı Tikiş fabrikinin, dam örtükləri istehsalı müəssisəsinin, Göyçay çayı üzərində Su elektrik stansiyalarının, “Azərxalça” ASC-nin İsmayıllı filialının, özəl sektor tərəfindən kiçik emal müəssisələrinin istifadəyə verilməsi nəticəsində 9 milyon 141 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2 milyon 252 min manat çoxdur. Ümumi məhsul istehsalında sənayenin payı 2013-cü ildə 2,6 faiz, 2017-ci ildə 2,9 faiz təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici 3,5 faizə yüksəlmişdir.

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir və ümumi məhsul istehsalının 37 faizdən çoxu bu sahənin payına düşür. 2018-ci ilin məhsulu üçün 28821,5 hektar sahədə payızlıq, 3695 hektar sahədə isə yazlıq bitkilər olmaqla 33332 hektar sahədə əkin aparılmışdır. Dənli və dənli paxlalı bitkilər əkilmiş 30015,5 hektar sahədən 104 min 796 ton məhsul istehsal edilmiş, dəmyə şəraitdə məhsuldarlıq 34,8 sentner təşkil etmişdir ki, bu da respublika üzrə yüksək göstəricidir. 22 hektar sahədə tütün əkilmiş, 41,7 ton qurudulmuş tütün alıcı təşkilata təhvil verilmişdir. İstehsal əvvəlki ildən 14,6 ton artmışdır. 885 hektar sahədə kartof əkini aparılmış, hər hektardan 117,7 sentner olmaqla 10415 ton və ya əvvəlki illə müqayisədə 72 ton çox məhsul yığılmışdır. Sənaye üsulu ilə əkilmiş 200 hektar sahədən məhsuldarlıq 500 sentner olmuşdur. İl ərzində tərəvəz istehsalı 815 ton artaraq 8820 tona çatmışdır. Son illərdə 8423 kvadratmetr sahədə 78 istixana təsərrüfatı yaradılmışdır.1013 hektar üzüm bağından 4124 ton, 851 hektar meyvə bağından 8818 ton məhsul toplanmışdır. 2018-ci ilin yaz və payız mövsümündə 977,3 hektar sahədə yeni fındıq bağı, 104,3 hektar sahədə intensiv meyvə bağı, 22,8 hektar sahədə filloksera zərərvericisinə davamlı yeni üzüm bağı salınmışdır. 2019-cu ilin məhsulu üçün 29997 hektar sahədə şum çıxarılmış, 1267 ton fosforlu gübrə gətirilərək şum altına və səpinlə birlikdə verilmişdir. 23200 hektar buğda, 6173 hektar arpa, 70 hektar xəsil olmaqla, cəmi 29443 hektar sahədə payızlıq səpin aparılmışdır. Bu da keçən illə müqayisədə 622 hektar çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan 7923 nəfər istehsalçıya əkib-becərdikləri 28219 hektar sahəyə görə 2 milyon 175 min manat subsidiya hesablanmış və ödəniş həyata keşirilmişdir. Rayonda taxıl toxumçuluğu ilə məşğul olan 4 təsərrüfat tərəfindən 732 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmış, 1174,5 ton yüksək kondisiyalı toxum istehsal edilərək fermerlərə satılmışdır. Toxumçuluq təsərrüfatlarına 100 min 471 manat subsidiya ödənilmişdir. Rayon üzrə 51 min 765 baş iri buynuzlu, 180 min 730 baş xırda buynuzlu heyvan, 281 min 885 baş quş və 17053 arı ailəsi mövcuddur. Rayon üzrə diri çəkidə 5413 ton ət, 35506 ton süd, 10 milyon 300 min ədəd yumurta, 408 ton yun istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 57 ton, süd istehsalı 556 ton, yumurta istehsalı 802 min ədəd və yun istehsalı 10 ton artmışdır.
İsmayıllıda turizmin inkişafı üçün çox əlverişli potensialın olduğunu cənab Prezident dəfələrlə qeyd etmişdir. Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli Qərarına əsasən İsmayıllı Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlamışdır. Kəndlərdə yaşıl turizm ilə məşğul olan şəxslərlə görüşlər keçirilmiş, məlumat bazası yaradılmış, bukletlər hazırlanmış, rayon üzrə tur marşrutlarının xəritəsi hazırlanmışdır. Rayon ərazisində 32 istirahət mərkəzi fəaliyyət göstərir. Bu istirahət mərkəzlərində 1611-dən çox yataq yeri vardır. 2018-ci ildə rayona 105 min 823 nəfər turist gəlmişdir ki, bunların da 14613 nəfəri xarici turistlər olmuşdur.

İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...
Cari ildə qarşımızda daha böyük və daha əzəmətli vəzifələr durur. Daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək İsmayıllı rayonu üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirilmiş, konkret inkişaf planı hazırlanmışdır. Rayonda sənayenin inkişafı diqqət mərkəzində olacaq. Yeni tikilən Xalça emalatxanasının tikintisi başa çatdırılacaqdır. Yaxın gələcəkdə fındıq təmizləmə zavodunun tikintisi nəzərdə tutulmuşdur. Sənaye məhəlləsinin yaradılması üçün də müvafiq tədbirlər görüləcək,iş adamları tərəfindən emal müəssisələrinin açılması üçün tədbirlər davam etdiriləcəkdir. 2019-cu ildə rayonda “ABAD” (Ailə Biznesinə Asan Dəstək) Mərkəzi rayonun sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına və dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərən ailələrin biznesinə təkan verəcəkdir. Sertifikatlaşdırma, qablaşdırma, dizayn, marketinq və digər xidmətlərin bir mərkəzdə fəaliyyət göstərməsi istehsal olunan məhsulların maya dəyərinin azalmasına imkan verəcək, həmçinin ailə təsərrüfatlarına istehsal şəraitinin yaxşılaşdırılması və innovativ texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Fındıqçılığın kənd təsərrüfatının gəlirli sahələrindən biri, rayonumuzun torpaq və iqlim şəraitinə çox uyğun olduğunu nəzərə alaraq fındıq bağlarının beçərilməsinə daha çox diqqət yetiriləcəkdir.

Cari ildə ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi əsas hədəflərimizdəndir. Tütün əkini sahələri genişləndiriləcək və becərilməsinə diqqət artırılacaqdır.

Elmi nailiyyətləri və qabaqcıl təcrübəni heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin təsərrüfatında tətbiq etməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması yönümündə tədbirlər görüləcək, intensiv inkişafının təmin olunması üçün lizinq yolu ilə cins damazlıq heyvanların alınması istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Arıçılığın inkişafı üçün rayonda geniş imkanlar mövcuddur. Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsi ilə bu imkanlar daha da artmışdır. Dağlıq zonada iri arıçılıq təsərrüfatlarının yaradılması üçün tədbirlərin həyata keçirilməsi cari ildə diqqətdə saxlanacaqdır.

İl ərzində Qaraməryəm-Şəki avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Quşencə-Zoğallıq kəndlərinin giriş yolu, Muğanlı-İsmayıllı avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Ağbulaq-Qoşakənd kəndlərinin və Təzəkənd kəndinin giriş yolu əsaslı təmir olunacaq, asfalt örtük çəkiləcəkdir. Hazırda həmin yollarda iş gedir. Diyallı kəndinin giriş yolunun kəndin mərkəzi küçəsinin sonuna qədər uzadılması, Topçu kəndinin daxilindəki asfalt yolun, Tircan-Maçaxı və Basqal-Sulut yollarının təmiri də qarşıda duran vacib məsələlərdəndir.

İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...




































İl ərzində Kəlbənd kəndində tikilməkdə olan körpünün inşası başa çatdırılacaq, Qalacıq kəndinin girişində qəzalı vəziyyətdə olan körpünün tikintisi üçün müvafiq tədbirlər görüləcəkdir.

2019-cu ildə elektrik təsərrüfatında görüləcək işlərin layihələri hazırlanmış və təsdiqlənmişdir. 10/0,4 kilovoltluq elektrik şəbəkələrinin yenidən qurulması işləri davam etdiriləcək. Şəhərin 16-cı məhəllə, “Qarabağ” və Qəzli adlanan yaşayış massivlərində, Quşencə kəndi və Talıstan kəndi ərazisində olan yeni məhəllələrdə elektrik xətlərinin kabellə əvəz edilməsi, şəhərdə üç, Topçu və Qalagah kəndlərinin hər birində bir ədəd yeni transformatorun quraşdırılması nəzərdə tutulmuşdur.

Rayonda Girdimançay üzərində 10 meqavat-amper gücündə Su-Elektrik Stansiyasının tikilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində qarşıda daha böyük vəzifələr durur. Talıstan, Xəlilli, Gəraybəyli, İvanovka kəndlərində və şəhərin bir sıra yaşayış massivlərində müxtəlif diametrli daşıyıcı qaz xətlərinin dəyişdirilməsi və yenidən qurulması proqramlaşdırılmışdır. Rayonun Qalagah, Soltankənd, Uştal, Ruşan və digər iri yaşayış məntəqələrinin qazlaşdırılması vacib məsələ kimi qarşıda durur.

2 saylı Regional Sukanal idaarəsi tərəfindən Xanagah-İsmayıllı magistral su xəttinin tez-tez qəzalar baş verən hissəsində diametri 355 millimetr olan magistral su xəttinin 120 metr hissəsini yenisi ilə əvəz etmək, suyun mənbəyində sel və daşqınlar nəticəsində qrunt sularının yeraltı drenaja daxil olmasının qarşısını almaq üçün istinad divarının bərkidilməsi işlərinin görülməsinə başlanacaqdır.

Cari ildə mədəniyyət müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi və müasir avadanlıqların alınması nəzərdə tutulmuşdur. İsmayıllı rayon İncəsənət Məktəbinin və Diyallı kənd yaradıcılıq klubunun damının əsaslı təmiri planlaşdırılmışdır. Hazırda hər iki mədəniyyət müəssisəsində təmir işləri həyata keçirilir.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” ilə əlaqədar qarşıda daha mühüm vəzifələr durur. Əsaslı işlər görüləcək, qeyri-məşğul gənclərin işlə təmin olunması məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcəkdir. Cari ildəki əsas hədəflərimizdən biri rayonun girişində Gənclər Mərkəzinin və Bayraq Meydanının tikilməsidir.

Cari ildə ümumilikdə 18 obyektin açılışı nəzərdə tutulur. Bunların 16-da, yəni şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasında, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo sanatoriya- istirahət mərkəzi”ndə, Talıstan kəndi ərazisindəki İstirahət kompleksində, İsmayıllı Xalça emalatxanda, 100 yerlik uşaq bağçasında, 48 mənzilli yaşayış binasında, İvanovka Mədəniyyət Sarayının təmirində, Basqal qəsəbəsində inşa edilən tam orta məktəbin binasında, Qalacıq kəndinin qazlaşdırılmasında, Diyallı kəndində fermada, Kəlbənd kəndində körpünün tikintisində, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin inzibati binasında, Quşencə-Zoğallıq, Ağbulaq-Qoşakənd və Təzəkənd kəndlərinin giriş yollarında tikinti işləri hazırda davam etdirilir. Basqal qəsəbəsində Turizm kompleksinin və Fındıq emalı müəssisəsinin tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulub.
İSMAYILLI: Dağlar süfrə açır bahar gələndə...

Beləliklə, təbiəti uzunmüddətli süfrə açan, insanları qonaq qarşılamağı mənəvi borc bilən, sözün bütün mənalarında çiçəklənən İsmayıllıda görüb eşitdiklərimizin cüzi bir hissəsini qələmə aldıq. Bu isə Mirdamət müəllimin arzusu idi. Demişdi ki, hər şeyi yazmayın, qoy soydaşlarımız gəlib öz gözləri ilə görsünlər. Ona görə də biz məhz belə etdik...

Qaynarxett.az