backend

“Millətin ömrünə köçdü Elçibəy!”



Əbülfəz Elçibəyə həsr olunan şeirlər


Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının dönümüdür. Sufi ruhu, övliya, xislətinə sahib olan , prezidentlikdən, ümumiyyətlə siyasətçidən daha çox bir müdrik bilici potensialının daşıyıcısı olan Elçibəyə həm sağlığında həm də ölümündən sonra bir çox şerlər, hətta kitablar həsr olunub. Haqqında yazılan məqalələr və araşdırmaların isə sayı hesabı yoxdur.

Qaynarxett.az Əbülfəz Elçibəyə həsr olunan şerlərin bəzilərini təqdim edib:


Bəxtiyar Vahabzadə

Əbülfəz Elçibəyin ölümünə yazılan şer

Bizimlə bərabər bir Böyük yaşar

Nöqsan axtarırıq ancaq biz onda

Elə ki, itirdik haqq aşıb daşar

Dönər böyüklüyə nöqsan bir anda

O, öz ürəyini millətə verdi

Köksündə bu xalqın qəlbi döyündü

Onun millət dərdi məmləkət dərdi

Göyərib cismində xərçəngə döndü

Endi mələk kimi göylərdən yerə

Dünyadan şərəflə köçdü Elçibəy

O qəbrə köçmədi sığmazdı qəbrə

Millətin ömrünə köçdü Elçibəy!

***

Ramiz Rövşən

Səni sevdiklərin daş-qalaq eylər

Sənə bir daş atar yerindən duran,

Səni sevdiklərin daş-qalaq eylər.

Bir əlində daş var, birində Quran,

Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları,

Öpüb əzizlərsən sən o daşları,

Deyərsən: “Sağ olun, qan qardaşlarım,

Məni təzə daşa kim qonaq eylər?!”

Hər daş özü boyda köz olub yanar,

Cana damğa kimi basılıb yanar,

Qanlı yaraların qızarıb yanar,

Səni başdan-başa çilçıraq eylər.

Bircə tilsimin var, sevgi tilsimi,

Kim qırar Tanrıya bağlı bir simi?

Bilirsən Tanrı da öz Elçisini,

Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,

Daş dözməz, daş haray eylər.

O daşlardan tanrı sənə,

Bir ev tikib saray eylər.

***

Rüstəm Behrudi

Qəribə adam


Bu qəribə adamdı

Oxşarı yox heç kimə;

əli, saçı, gözləri,

dil açıb danışanda

dilində çiçək açan

dəli-dəli sözləri-

nə qəribə adamdı.

Nə qəribə adamdı

deyirəm, yer fırlanır.

Pıçıldayır astadan:

yurd yerində binəmiz

yox olub çadır-çadır.

Yəqin mənim göz yaşım

axıb yeri fırladır.

Nə qəribə adamdı

deyirəm, külək əsir,

yaxın dur bu ocağa,

gəl qoruyaq bu odu.

Pıçıldayır astadan:

bu əsən külək deyil,

yurd boyunca dolaşan

Xətainin ruhudu.

Bu adam nə qəribə,

nə qəribə adamdı.

Nə qəribə adamdı;

dərdinə bax, ay Allah,

niyə, niyə babası

Astiyaq min il əvvəl

vaxtında öldürməyib

xəyanətkar Harpağı?

Dərdinə bax, ay Allah,

hansı uzaq dağdasa

susuzluqdan saralıb

cır armudun yarpağı…

Nə qəribə adamdı

dərdinə bax, ay Allah!

Nə qəribə adamdı,

dedim,-sənin bəd günün,

dedi,-o gün ki, özüm,

özümə tələ quran

– gülsüz qoyan gülüstan,

Sivas, Şuşa, Çaldıran;-

birmi, üçmü, ya beşmi?

Dedim:- qardaş, neyləyək,

bizimki bunsuz keçmir.

Dedim:- sənin oxşarın:

– bir ləçəkdim nə vaxtsa

solmayan bir çiçəkdə.

Dedim:- ən gözəl günün?

Dedi ki, gələcəkdə.

Bu adam nə qəribə,

nə qəribə adamdı.

Dedim:- arzun, istəyin?!

Bir ah çəkdi dərindən:

– təzə-təzə doğulan

qurd ağızlı körpələr

görən nə vaxt bu yurdu

tanrı kimi görk elər?!

Bu adam nə qəribə,

nə qəribə adamdı!

Nə qəribə adamdı-

bu adamın sevinci,

bu adamın dərdi də

tamam özgə biçimdə.

Bu qəribə adamdı

mənə elə gəlir ki,

bu adam ölən günü

özü qazıb qəbrini

basdıracaq özünü

ürəyinin içində!

***

Əsəd Cahangir

Elçibəyin cənnətə varid olması

Bülbül uçur yuvasına,

Budu, şah gəlir, şah gəlir!

Süzür eşqin havasına,

Budu, şah gəlir, şah gəlir!

Çərxi-fələk savaşından,

Budu, şah gəlir, şah gəlir!

Cəhənnəmin o başından

Budu, şah gəlir, şah gəlir!

Nə enlidir kürəkləri,

Rəşidilər soyundandır.

Atı yorur küləkləri,

Düldül, Rəfrəf suyundandır.

Mat qoyubdur fələkləri,

Bir şah gəlib – oyundandır.

Nə gediş gedir – şah gəlir,

Budu, şah gəlir, şah gəlir!

Adı haqdan baratlıdr,

Haqqa nur saçır bu kişi!

Nə tanrısal qanadlıdır,

Uçduqca uçur bu kişi!

Səməndərlər soyadlıdır,

Yanır – gül açır bu kişi!

Yoxsa Xəlilullah gəlir!

Budu, şah gəlir, şah gəlir!

Gəzib-gəzib bir gül seçib –

Əlindəki silaha bax!

Doqquz qat göylərdən keçib –

Başındakı külaha bax!

Göz yaşını qanlı içib –

Çiynindəki günaha bax!

Dərya-ümman günah gəlir,

Budu, şah gəlir, şah gəlir!

Keşikçidir Günəşlə Ay,

Min huri-qılman gözləyir.

Açıb qapını taybatay,

Nə vaxtdı Rizvan gözləyir.

Düzülübdür o tay-bu tay,

Cümlə müsəlman gözləyir.

Görüşünə dərgah gəlir,

Budu, şah gəlir, şah gəlir!

Şükür olsun, o başdannan

Cənnətlərə çatasıdır.

Vüsal havasını başdan,

Nə silən, nə atasıdır.

Hələ ata olmamaışdan,

Fəzilətin atasıydı.

Nəimə Fəzlullah gəlir,

Budu, şah gəlir, şah gəlir!

Haqqa verib həyatını,

Dolub haqqın yarağına.

Alıb Elçi soyadını,

Düşüb eşqin sorağına.

Tanrı yazıb gül adını,

Kitabının qırağına.

Salamına Allah gəlir,

Budu, şah gəlir, şah gəlir!

Bizlərdə haqqın yolunu,

Şirin candan keçən bilər.

Cahil gül bilər kolunu,

Gül butanı içən bilər.

Qoyub mübarək qolunu,

Onu padşah seçən bilər.

Şah nədir, şahənşah gəlir,

Budu, şah gəlir, şah gəlir!

Hurilər, daraq götürün,

Darayın yorğun telini.

Qılmanlar, varaq götürün,

Yazın ayını, ilini.

Kim nə istəyir – bitirin,

Haqq açıb bu gün əlini.

Gəlir, haqqa pənah, gəlir,

Budu, şah gəlir, şah gəlir!

***

Əhməd Qəşəmoğlu

Göy üzünə yazılan ağrılar

…çərçivələr üst-üstə

və çərçivələrin üstə

cinar boylu bir kişi

çırpınır işıq kimi….

alovlari öləzəyən bir ocağın üstündə

çırpınır

sirli yaraşıq kimi…

dilim-dilim alovlar

silkinir yuxulardan…

üst-başında min ilin toz-torpağı,

min ilin rəngləri, min ilin yaraşığı,

gözlərində ulu türkün işığı…

əllərində sarıq, məlhəm

sarımaq istəyirdi

məmləkətin yaralarını…

gücü catmadı, çökdü….

ən gözəl məlakələr

ən müqəddəs lələklə

göy üzünə yazdı

ağrılarını,

qəlbinin haraylarını…