backend

Sabah Ali Məhkəmə nə qərar verəcək? - Arif Alışanovun istəyi, yoxsa ədalət...

Sabah Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə AzTV QSC-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilmiş Şamaxı rayon sakini, fermer Şücayət Əkbərovun kassasiya şikayətinə baxılacaq.

Xatırladaq ki, yanvarın 27-də keçirilən prosesdə Ş.Əkbərovun vəkili İmanqulu Həsənov vəsatətlə çıxış edərək müvəkkilinin prosesdə iştirakını vacib sayıb: "Şücayət Əkbərov kassasiya şikayəti verdiyinə görə o da proses iştirakçısı sayılır. Bu səbəbdən məhkəmədə iştirak onun hüququdur və təmin olunmalıdır", - deyə vəkil bildirib.

Hakim Fərhad Kərimov vəsatəti təmin edərək prosesi mart ayının 2-nə təyin edib. Sabahkı məhkəmədə Ş.Əkbərov da iştirak edəcək.

Xatırladaq ki, bu cinayət işi üzrə birinci instansiya məhkəməsində ifadə verən Şücayət Əkbərov Arif Alışanov haqqında sensasiyalı ittihamlar səsləndirib. AzTV-nin keçmiş sədrinin külli miqdarda sərvət əldə etdiyini, Şamaxı və ətraf rayonlarda yüz hektarlarla torpaqları ələ keçirdiyini vurğulayıb. Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, onun həbsi və əmlakının müsadirə olunması zamanı hüquq-mühafizə və istintaq orqanlarının əməkdaşları ciddi qanun pozuntularına yol veriblər. O, bütün bu qanunsuzluqların A. Alışanovun sifarişi ilə baş verdiyini iddia edib.
 //azpolitika.info//