backend

Əsgər anasını işdən çıxaran Emin Kərimliyə “dur” deyən olacaq?

Keçmiş poşt işçisi: “Bu şəxslər mənim iyirmi illik əmək təcrübəmin üstündən xətt çəkdilər, həyatımı qaraltdılar”

“Hürriyyət”in ötən saylarında 3 saylı poçt filialının rəisi, hazırda isə “Azərpoçt” MMC-də Poçt Əməliyyatları Şöbəsinin rəis müavini vəzifəsini icra edən Emin Kərimlinin qanunsuz əməlləriylə bağlı geniş məlumat vermişdik. Qeyd etmişdik ki, o, qərəzli olduğu əməkdaşlara qarşı əsassız yoxlamalar həyata keçirir. Bundan əlavə “Azərpoçt” MMC-nin əməkdaşları Emin Kərimlinin təhqirlərinə, şantajlarına və qərəzli təqdimatlarına məruz qaldıqlarını bildirmişdilər.

Bu dəfə isə “Hürriyyət”in redaksiyasına müraciət edən Səfurə Babayeva 132 saylı poçt şöbəsində əməliyyatçı işlədiyini, lakin sonradan digər həmkarları kimi Emin Kərimlinin qərəzlərinin qurbanı olduğunu bildirib. Övladı hərbi xidmətdə olan ana dəfələrlə “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevə və sabiq nazir Ramin Quluzadəyə teleqramlar vursa da, məktublarına reaksiya verən olmayıb:

“Mən, Babayeva Səfurə Telman qızı, Bakıxanov qəsəbəsi 132 saylı poçt şöbəsində əməliyyatçı işləyirdim. Lakin mən də digər həmkarlarım kimi, Emin Kərimlinin şəxsi qərəzlərinin qurbanı oldum. Son vaxtlar “Azərpoçt” MMC-də dəb şəklini almış 70-ci maddənin “ç” bəndi ilə gözüyaşlı şəhid xalasını, səksəkə içərisində olan əsgər anasını müharibə getdiyi gərgin zamanlarda yol verdiyi mexaniki səhvlərə görə vicdansızcasına, qərəzli olaraq işdən çıxardıblar. Bir əsgər anası olaraq həmin zamanlarda nələr yaşadığımı, nədən səhvlərə yol verdiyimi insan olan hər kəs anlayar. Təəssüflər olsun ki, “Azərpoçt” MMC-nin insanlıqdan məhrum olan bəzi rəhbərləri anlamadılar. Lakin 40 saylı poçtun rəisi Sima İsayeva daha ciddi nöqsanlara, qanun pozuntularına yol versə, “qara bazar” açıb dollar alveri etsə də, ona göz yumulur, hələ də işinə davam edir.

Əsgər anasını işdən çıxaran Emin Kərimliyə “dur” deyən olacaq?


Dəfələrlə “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevə və sabiq nazir Ramin Quluzadəyə teleqramlar vurub, müraciətlər etsəm də, baxan olmamışdır və heç bir nəticə əldə etməmişəm. “Azərpoçt” MMC-nin ürəyi daş bağlamış üzdəniraq məmurlarını (Emin Kərimli, Nüşabə Gözəlova, Şakir Məmmədov) görəsən, hansı maraq vadar edir ki, işçiləri çıxarıb, yerinə yeni işçilər qəbul etsinlər. Bu şəxslər mənim iyirmi illik əmək təcrübəmin üstündən xətt çəkdilər, həyatımı qaraltdılar. Ümid edirəm ki, yeni nazirimiz Rəşad Nəbiyev bu məmurların özbaşınalığına, haqsızlığına və vicdansızlığına son verəcək”.

Bəzi informasiyalara görə, Emin Kərimli vəzifədən uzaqlaşdırılmaq üzrədir. Lakin o, özü dediyi kimi, güvəndiyi “oğlanların” vasitəsilə hələ işindən ikiəlli yapışıb. Ümid edirik ki, Prezident İlham Əliyev tərəfindən yeni təyin edilən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev “Azərpoçt” MMC-də baş verən qanunsuz əməllərin qarşısını alacaq və Emin Kərimlinin törətdiyi əməllər ətraflı şəkildə araşdırılaraq, hüquqi qiymət veriləcək.

YƏHYA