backend

Azərbaycan inqilabçılarına Praqada təlim keçiriləcək - Çexiyada mərkəz açıldı

Azərbaycan inqilabçılarına Praqada təlim keçiriləcək - Çexiyada mərkəz açıldı


















Praqada Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarından olan vətəndaş cəmiyyəti fəallarına hazırlıq keçmək üçün xüsusi mərkəz fəaliyyətə başlayıb

Virtualaz.org saytı “Röyter”ə istinadən xəbər verir ki, beynəlxalq Vətəndaş Cəmiyyəti Mərkəzi bu ölkələrdə “hakimiyyətlərin təzyiqləri ilə üzləşmiş vətəndaş cəmiyyəti fəallarına” dəstək vermək üçün yaradılır.

Mərkəzdə Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Mərkəzi Asiya respublikalarından olan iştirakçılar üçün treninq və seminarlar keçiriləcək.

Mərkəzin direktoru Rostislav Valvoda deyib ki, bu təşkilatın yaradılması zəruridir, çünki regionda “xüsusən bəzi ölkələrdə artan təzyiqlə üzləşməsinə baxmayaraq vətəndaş cəmiyyəti böyük potensiala malikdir”.

Bu qurum Çexiyanın “People in Need” (“İnsanlar darda”) təşkilatı tərəfindən yaradılır. Onun fəaliyyətini isə ABŞ-ın beynəlxalq inkişaf agentliyi USAİD, iki özəl Amerika fondu, habelə İsveç və Çexiya hökumətləri maliyyələşdirəcək.

Qeyd edək ki, “People in Need” təşkilatı Azərbaycan hakimiyyətinə qarşı Avropa paytaxtlarında aksiyalar təşkil etməsi və geniş anti-Azərbaycan fəaliyyəti ilə tanınır. Bir neçə ay əvvəl təşkilatın ermənilərə yaxınlığı məsələsi ətrafında qalmaqal yaranmışdı.

Rostislav Valvoda deyib ki, mərkəzin missiyası keçmiş sovet respublikalarında hakimiyyətlərin qanunlara, insan haqlarına, tolerantlığa və ləyaqətə münasibətdə “daha açıq cəmiyyət” yaratmağa kömək etməkdir. Bununla belə Valvoda əlavə edib ki, mərkəz bu ölkələrdə hakimiyyət dəyişikliyi ilə məşğul olmayacaq.

Mərkəzin təsis bəyanatında deyilir ki, son illər Rusiya xarici və yerli QHT-lər üçün şərtləri ağırlaşdırıb, habelə Qərbi Ukraynanın işlərinə qarışmaqda ittiham edib.

“Röyter” qeyd edir ki, mərkəzin bəyanatından onun müharibə girdabına sürüklənmiş, Rusiyadan dəstəklənən separatçıların şərq regionlarını ələ keçirdiyi Ukraynada nə etmək niyyətində olduğu anlaşılmır.

Bununla belə mərkəz bildirir ki, onun əməkdaşları həmin ölkələrdə QHT-lərə, habelə bloggerlərə, jurnalistlərə, təhqiqatçılara və müstəqil rejissorlara, rəssamlara, vətəndaşlara kömək etmək üçün ənənəvi və innovativ metodların toplusundan istifadə edəcək. Mərkəz kiçik qrantlar verəcək, seminarlar və online seminarlar keçirəcək. Bu zaman Praqa universitetlərindən biri ilə əməkdaşlıq ediləcək, “keçid araşdırmaları” üzrə magistr dərəcəsi hazırlanacaq.