backend

Rayon rəhbərliyi sakinlərin istilik problemlərinin həllinə biganə yanaşır

Rayon rəhbərliyi sakinlərin istilik problemlərinin həllinə biganə yanaşır

Rayon rəhbərliyi sakinlərin istilik problemlərinin həllinə biganə yanaşır























Sakindən rayon deputatlarına mesaj: “Seçicinin onun hüquqlarını qorumağı bacaran millət vəkilinə ehtiyacı var”

Payız qapını döyəndə qışın gətirəcəyi istilik problemlərinin vaxtında aradan qaldırılması üçün əsasən yaşlı insanlar həyəcan təbili çalır. Necə deyərlər, sümüklərini qızdırmaq üçün mənzillərdə istilik ab-havası yaratmaq üçün. Elektrik enerjisi kart sisteminə keçdikdən sonra isə büdcəsi az olan ailələrdə bu problem birə on qat artıb...
Bir qayda olaraq hər il noyabrın 15-də Bakı şəhərində istilik sistemləri işə salınır. Loru dildə desək, “otopleniya”lar Xızır kimi insanların dadına yetişir. Amma bu cür xidmətdən məhrum olan ailələrdə mənzillərin qızdırılması üçün bütün güc elektrik enerjisi və təbii qazın üzərinə düşür. Onsuz da kifayət qədər təmirə ehtiyacı olan elektrik naqilləri isə həddən artıq yüklənəndə tez sıradan çıxır, yanğınlara səbəb olur. Necə deyərlər, insanlar yağışdan çıxıb yağmura düşür.
Odur ki, bu sahədə problemlərin aradan qaldırılmasına cavabdeh qurum olan "Azəristiliktəchizat" mənzillərin vaxtında qızdırılması üçün lazımi tədbirlər görməlidir. Hələ sovet dövründən ən təmiz, keyfiyyətli və ucuz başa gələn istlik sistemi məhz texniki suyun qazanxanalar vasitəsiylə istilik enerjisinə çevrilməsi hesab edilirdi. Elə hazırda da onsuz da maliyyə və maddi sıxıntılar içərisində yaşayan əhali üçün xidmətin bu növü göydəndüşmədir. Mütəxəssislər hesab edirlər ki, ekoloji cəhətdən ən təmiz və təhlükəsiz olan istilik növü mənzillərin isti su ilə qızdırılmasıdır. Çünki bu zaman nə qəzalar, nə də hər hansı faciə baş verər. Düzdür, mənzillərdə istiliklə təchizat zamanı müəyyən problemlər baş vermə ehtimalı mövcuddur. Belə ki, ayrı-ayrı evlərin zirzəmilərindəki istismar müddəti başa çatan və köhnəlmiş su xətləri qışda yüksək təzyiqə davam gətirmir və sıradan çıxır. Amma hər bir problemin həlli yolları da var və bu qanunlarla tənzimlənir.
Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi ev 60 ünvanın sakinləri isə deyirlər ki, bıçaq sümüyə dirənib. Hələ ötən ilədək dəfələrlə rayonun sabiq icra başçısı Nəsib Məhəməliyevə müraciət ediblər. Lakin problem öz həllini tapmayıb.
Bina sakinlərindən Elmar Orucov deyir ki, 6-7 il bundan əvvəl yaşadıqları binanın 30 metrliyində müasir istilik sistemi (qazanxana) tikilib: “Qazanxananın tikilməsi biz sakinlərə ümid verdi ki, artıq qışda soyuqdan əziyyət çəkməyəcəyik. Lakin sevincimiz uzun sürmədi. Öyrəndik ki, qərara əsasən, istilik sistemi yalnız binayadək gətirilir. Sakinlər mənzillərin daxilində aparılacaq işləri öz üzərlərinə götürməyə razıdırlar. Lakin binaya istilik sisteminin gətirilməsi üçün 6000 AZN vəsait tələb olunur. Binada 120 mənzil var. Hər evdən isə 50 AZN istəyirlər. Bu məbləği isə yığmaq mümkün deyil. Binada yaşayan sakinlərin əksəriyyəti kirayənişin olduğundan istilik sisteminə lazım olan xərci öz üzərlərinə götürmürlər. Deyirlər ki, burada ömürlük yaşamırıq, istənilən vaxt mənzil sahibi bizi evdən çıxara bilər. Bu səbəbdən də illərdir qışda soyuqdan əziyyət çəkirik. Əsasən də, ahıllar və uşaqlar. Aylarla müalicə almaq məcburiyyətində qalırıq. Dəfələrlə Nəsimi rayon icra başçısı Nəsib Məhəməliyevə müraciət edib, xahiş etmişik ki, binaya istilik sisteminin gətirilməsinə kömək etsin. Hətta onu xəbərdar da etdik ki, icra başçısı kimi sizdən kömək görməsək, məcbur olub yuxarı təşkilatlara müraciət edəcəyik. Bu da sabiq icra başçısına təsir etmədi. Mikrorayonları çapıb taladı, uşaq meydançalarını, kimə gəldi, ticarət məqsədi ilə satdı. Onun qəbuluna bizneslə məşğul olanlar daha tez düşürdü, problemini həll edirdi. Lakin bizim kimi sakinlər nə onun qəbuluna düşə bildik, nə də problemimizə baxıb, əncam çəkdilər”.
E.Orucov deyir ki, Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev ölkənin bırınci xanımı Mehriban Əliyevanın adına Prezident Adminstrasiyasına yazdıqları müraciətə aşağıdakı kimi cavab yazıb: “Araşdırma zamanı məlum olub ki, sözügedən bina keçən əsrin 60-cı illərində inşa edilib. Bina 8 girişli, 5 mərtəbəli, 120 mənzildən ibarətdir. Mənzillərin istilik təchizatı layihəyə əsasən tavan-döşəməaltı (reqistr) tipli nəzərdə tutulub. Uzun illər istismar olunduğundan istilik sistemləri yararsız vəziyyətə düşmüşdür. Əsaslı təmir işlərinin aparılmasına ehtiyac vardır. Sakinlərin qaldırmış olduqları məsələnin həlli ilə bağlı onlarla bir daha müvafiq izahat işləri aparılmış və nəzərlərinə çatdırılmışdır ki, yaşadıqları mənzillərdəki istilik xətləri, qızdırıcı cihazlar, habelə şaquli istilik boruları onların öz şəxsi vəsaitləri hesabına təmir edildiyi (dəyişdirildiyi) təqdirdə binaya istlik verilməsi məqsədiylə aşağı istilik xətti gətirilməsi (dəyişdirilməsi) məsələsi “Azəristilikrəhcizat” ASC tərəfindən öz həllini tapacaqdır”.
E. Orucov deyir ki, Laçın Musatafayevin cavabına lap mat-məətəl qalıblar: “Məgər istiliklə təmin olunan digər binalar 21-ci əsrdə tikilib, günahımız 20-ci əsrdə tikilən binalarda yaşamağımızdır? Axı paytaxtın 90 faizi bu binalardan təşkil olunub. Çarəmiz kəsilib. Kimdən mədət umaq, bilmirik.
Onun sözlərinə görə, 60-cı binanın sakinləri 2010-cu ildə parlament seçkiləri zamanı nə imza toplananda, nə də qutudan çıxandan sonra bircə dəfə də olsun, üzünü görmədikləri Nəsimi rayonu 21-ci dairədən deputat olmuş Aytən Musatafayevaya da müraciət ediblər. O isə həmin müraciəti yenidən “Azəristilikrəhcizat” ASC-yə ünvanlayıb. “Azəristilikrəhcizat” ASC-nin abonent və müştəri xidmətiləri idarəsinin rəisi Rafiq Əliyev isə onlara aşağıdakı kimi cavab verib: “Mövcud qanunvericiliyə görə, binadaxili və və mənzildaxili istilik sistemlərinin bərpası bina və mənzil mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Bununla əlaqədar olaraq bildirirk ki, sakinlər tərəfindən binanın aşağı paylayıcı, binadaxili, və mənzildaxili istilik sistemləri bərpa olunduğu halda “Azəristilikrəhcizat” ASC tərəfindən binaya qədər məhəllədaxili istilik xətləri çəkilərək, bina istiliklə təmin olunacaqdır”.
Sakinlər deyir ki, dövlət idarələri ötür-ötürlə bu günədək də problemi həll etməkdən yayınırlar. Apardığımız müşahidələr zamanı isə məlum oldu ki, bu cür problemlər "Azəristiliktəchizat"ın baş idarəsinin yerləşdiyi ərazinin yaxınlığında yerləşən binalardan tutmuş, Müşviqabad qəsəbəsinədək binaların da əksəriyyətində istiliklə bağlı problemlər mövcuddur
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri xidməti idarəsinin rəisi Rafiq Əliyev isə açıqlamasında deyib ki, "Azəristiliktəchizat" son vaxtlar Bakı şəhərində mənzillərin qızdırılması üçün böyük layihələr həyata keçirib. Ən birincisi, onlarla binaların yaxınlığında müasir tələblərə cavab verən qazanxanalar tikilib. Üstəlik də bu qazanxanalar hər cür texnika və avadanlıqla təchiz edilib. Sadəcə olaraq, ayrı-ayrı yaşayış binalarında mövcud problemlər vaxtında həll edilməlidir ki, həmin evlərin hamısına istilik verilsin.
Qeyd edək ki, 55 il bundan əvvəl istifadəyə verilmiş həmin binaların zirzəmilərində istifadə olunan istilik xətləri artıq ya çürüyüb, ya da yetərincə keyfiyyətli deyil. Aydındır ki, həmin xətlər vaxtında dəyişdirilməli və onlar müasir tələblərə cavab verməlidir. Əgər bu xətlər dəyişdirilməyibsə, birmənalı olaraq deyə bilərik ki, o, yüksək təzyiqlə gələn isti suyun gücünə tab gətirməyəcək və nəticədə qəza yaranacaq. Hər halda problemlər vaxtında həll edilməli və mənzillər istiliklə təmin edilməlidirlər.
Xatırladaq ki, “Miniliyyə çağırış və Yoxsulluğun Aradan qaldırılmasına dair Dövlət Proqramı”ndakı hədəflərdən biri məhz sosial obyektlərin və yaşayış binalarının istiliklə təmin olunmasıdır. 2008-2015-ci illəri əhatə edən bu proqram hazırda icra vəziyyətindədir və 2015-ci ilədək hədəflərə tam nail olunacağı gözlənilsə də, bu günədək əlaqədar təşkilatlar problemləri mənzil sahiblərinin hesabına aradan qaldırmağın tərəfdarıdırlar.
Ekspertlər isə məsələyə fərqli yanaşırlar. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev problemin aradan qaldırılmasının bir neçə çıxış yolunun olduğunu söyləyir. Onun sözlərinə görə, uzun müddət istilik sistemi işləməyən binanın sakinləri sistemi dağıdıb, sıradan çıxarıblar. Ə. Nuriyev qeyd edib ki, çoxmərtəbəli binalarda kommunal sistemin vahid xarakter daşıdığı nəzərə alınarsa, burada hər hansı bir şəxsin istilik batareyalarını kəsib götürməsi ümumi sistemdə nasazlıq yaradır: “Nəticədə də bütöv bir bina istiliklə təmin olunmur. Bu məsələyə nəzarəti həyata keçirən qurum vardı. Bunlar Mənzil Kommunal İstismar Sahələridir. Onlar mütəmadi olaraq hər il binalara baxış həyata keçirir. Nasazlıq müəyyənləşdirildikdə, onlar müəyyən tədbirlər görməyə borclu idi”.
Ə Nuriyev bildirb ki, nasazlığın yaranmasında təqsirkar olan şəxslərin müvafiq qaydada cərimələnməsilə bağlı məsələ də qaldırmalı idi: “Təəssüf ki, bunlar olmadı. 15 il bundan əvvəl Bakıda binalardan istilik batareyalarının kütləvi şəkildə kəsilməsi baş verdi. Bu proses bir çox hallarda Mənzil Kommunal Xidməti nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Günlərin bir günü havalar soyuyanda məlum oldu ki, istilik sisteminin olmaması hansı ağır nəticələrə gətirib çıxarır. Lakin bu zaman cavabdeh şəxslər tapılmadı. Çünki sökülmə prosesi qarşılıqlı anlaşma şəraitində baş verib. Situasiyadan çıxmaq üçün ilk növbədə kimlərin təqsiri üzündən belə vəziyyətin yarandığını aydınlaşdırmaq lazımdır. Təqsirkarlar aşkar edilərsə, onlara öz hesablarına batareyalar alıb quraşdırmaq təklifi verilməlidir. Bu hal köhnə binalarda baş verib. Bu tip binalarda isə fərqli istilik qurğuları olub. İndi belələri istehsal olunmur. Yenilərini isə həmin sistemə qoşmaq mümkünsüzdür. Belə olan halda hansı metodun seçilməsi üzərində ciddi fikirləşmək lazımdır". Ekspert hesab edir ki, məsələyə kompleks yanaşılmalı, ən vacibi isə kommunal sektorda islahatlar aparılmalıdır. “Əgər islahatlar aparılarsa, mərkəzləşdirilmiş qaydada istilik sisteminin yaradılması prosesi müsbət nəticələr verə bilər"-deyə, o bildirib.
Sakinlər isə, əalaqədar rəsmi idarə və təşkilatlardan, eləcə də ərazinin deputatı Aytən Mustafayevadan problemin çözülməsi üçün daha mədət gözləmirlər. Həmin binanın sakinlərindən Xanım Talıbova deyir ki, mikrorayon millət vəkili sarıdan indiyədək yarımayıb: “Nə Ülvü Quliyev, nə də Aytən Mustafayeva fəaliyyətləri dövründə bir dəfə də olsun seçiciləriylə görüşüb, onların dərdini dinləmədilər. Ülvü Quliyev üçün deputatlıq hər seçkiqabağı məhəllə-məhəllə adamlarına sakinlərə “tula payı” (300 qramliq 1 ədəd toyuq, 0,5 l bitki yağı) paylatdırmaqdan ibarət olub. Aytən Mustafayeva isə, ümumiyyətlə, seçicisindən üzünü “gizlədib”. Onu seçicilərdən indiyədək gördüm deyən olmayıb. Yenə parlamentə seçkilər başlayıb. Birdən Aytən Musatafayeva çaşıb 21-ci dairədən namizədliyini vermək istəyər. Siz Allah deyin, getsin bacardigi işlə məşğul olsun. Seçicinin onun hüquqlarını qorumağı bacaran millət vəkilinə ehtiyacı var. Şan-şöhrət xatirinə millət vəkili olub bunun ləzzətini yaşayan, şəxsi mənafeyini gedən insanlara yox” - deyə o bildirib.
Bəli, görünən odur ki, seçicilər problemlərini həll edəcək namizədi gündüz çıraqla axtarırlar. Allah nəsib etsin...