backend

Bu variant baş tutmasa, ASC sədri Energetika Nazirliyində vəzifə tuta bilər

Bu variant baş tutmasa, ASC sədri Energetika Nazirliyində vəzifə tuta bilər











İşsiz qalacağı gözlənilən Etibar Pirverdiyevə icra başçısı postu təklif olunub?

Məlum olduğu kimi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) əsas səlahiyyətlərinin böyük hissəsini itirib. Bir vaxtlar böyük nüfuza malik olan enerji qurumu hazırda dövrünün ən ağır günlərini yaşayır. Qeyd edək ki, hələ "Azərişıq" ASC yaradılanda və Etibar Pirverdiyevin səlahiyyətləri Baba Rzayevə veriləndə çoxları "Azərenerji"nin ləğv ediləcəyi proqnozunu verdilər. Bundan əvvəl də ASC-nin ləğvi məsələsi bir neçə dəfə gündəmə gəlmişdi. Buna baxmayaraq, Etibar Pirverdiyev müəyyən üsullardan istifadə etməklə postunu qorumağı bacardı. Yadınızdadırsa, "Azərenerji" bir neçə dəfə bütöv ölkəni qaranlığa qərq edib.

Bu qaranlığın ardından Pirverdiyevin üzünə sanki günəş doğdu. Belə ki, o, yeni-yeni biznes layihələrinə imza ataraq milyonlarını bir neçə dəfə artırdı. Onun respublikanın əksər bölgələrində, həmçinin ölkə xaricində iri obyektlərinin, biznes şəbəkəsinin olmasına dair konkret faktlar mövcuddur. Bunlar öz yerində. Bizə çatan məlumatlara əsasən səlahiyyətlərinin çoxunu itirən Etibar Pirverdiyev yaxın vaxtlarda vəzifəsi ilə də vidalaşa bilər: "Bildiyiniz kimi, paralel dövlət qurumlarının eyni anda fəaliyyət göstərməsi büdcəyə ziyansız ötüşmür. Ekspertlər gələn ilin büdcəsində ciddi kəsirlərin olacağını ehtimal edirlər. Dövlətə külli miqdarda vergi və digər borcları olan "Azərenerji"nin fəaliyyətini davam etdirməsi əlavə vəsait itkisindən başqa bir şey deyil. Enerji sahəsi ilə bağlı məsələlərin əksəriyyəti "Azərişıq"ın nəzarəti altındadır. Yəni "Azərenerji"nin fəaliyyət göstərməsi artıqdır. Hazırda yuxarılar səviyyəsində bu dövlət qurumunun ləğv edilməsi barədə müzakirələr aparılır. Əndişə içində olan ASC sədri isə bəzi şəxslərə minnətçi düşüb yeni vəzifə axtarışındadır". Özəl qaynaqların məlumatına görə, "Azərenerji" ləğv ediləcəyi təqdirdə Etibar Pirverdiyev kənarda qalmayacaq: "Onun üçün real iş yeri Energetika Nazirliyində ola bilər. Məmurun nazir Natiq Əliyevlə münasibətləri normaldır. Sözügedən qurum ləğv edilsə, Natiq Əliyev Etibar Pirverdiyevə şöbə müdiri vəzifəsini münasib görə bilər.

Onun özünün bu vəzifədə işləyib-işləməyəcəyi dəqiq bəlli deyil. Başqa bir variant da var. Belə ki, ASC sədri struktur islahatlarının qurbanına çevrilsə, özünü Nizami Rayon İcra Hakimiyyətinin başçısı postunda görə bilər. Deyilənə görə, ASC rəhbəri nazirlikdə şöbə müdiri işləməkdənsə, icra başçısı olmağı daha üstün tutur. Bütün bunlar isə ehtimal və gözləntilərdir. Nə bilmək olar, bəlkə yuxarılar bu məmurdan birdəfəlik imtina edəcək". Bizə verilən məlumatda həmçinin "Azərenerji" sədrinin biznesini genişləndirdiyi qeyd olunur: "İşdən çıxarılacağından narahat olan cəmiyyət sədri əlinə düşən hər fürsətdən istifadə edir və sərvətini artırır. "ATEF" firmasının ona məxsus olduğunu əksəriyyət bilir. Məmur bir neçə ay öncə "ATEF"in Suraxanı yolundakı zavodunun ərazisini bir az da genişləndirdi. Hansı ki, həmin torpaq sahələri Dövlət Neft Şirkətinin balansında idi. Digər tərəfdən, cəmiyyət sədri şimal rayonlarında da xeyli fəallaşıb. İddialara görə, Pirverdiyev Şabran və Siyəzəndə yeni fermalar tikdirib və mal-qara sürülərinin sayını artırıb. Bir sözlə, bu adam hər şeyi qənimət bilir. Daha fikirləşmir ki, vəzifədən azad ediləndən sonra barəsində yoxlamalar başlaya və cinayət işi açıla bilər. Bunları qətiyyən nəzərə almır".

Etibarlı mənbə onu da bildirdi ki, adıçəkilən məmur biznesinin bir hissəsini xaricə köçürmək qərarına gəlib. Bu barədə yaxın günlərdə müfəssəl məlumat verəcək və Etibar Pirverdiyevin xaricə yönəltdiyi milyonlar haqda söhbət açacağıq. Bizi izləməyi unutmayın.


Qarşı tərəfi də dinləyə bilərik.