backend

Azərbaycanda tam sağlam seçki mühiti mövcuddur

Azərbaycanda tam sağlam seçki mühiti mövcuddur















İbrahim Cəfərov: "Xalqımız heç vaxt xarici dairələrin maraqlarına boyun əyməyib"

Azərbaycan parlament seçkiləri ərəfəsindədir və bu seçkilər beynəlxalq aləmin də diqqətindədir. Lakin bu ərəfədə Avropa Parlamenti və digər Avropa institutları Azərbaycanla bağlı qətnamə qəbul edib, seçkiyə müşahidəçi göndərməyəcəklərini bəyan ediblər. Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərəova müraciət edib münasibətini öyrəndik. İbrahim müəllim dedi:

- Öncə deyim ki, kimlərin, hansı dairələrin nə deməsindən asılı olmayaraq, Azərbaycanda tam sağlam seçki mühiti mövcuddur. Ona görə də hər hansı qərəzli iddia ilə çıxış edən tərəflər hər şeydən öncə, bu amilləri nəzərə almalı, reallığı görməlidirlər. Azərbaycanda baş verən proseslərə Avropa Parlamenti, eləcə də Qərbin bir sıra dairələri həmişə ikili standartlar çərçivəsindən yanaşıblar. Yəni bu kimi qərəzlər ölkəmizə qarşı davamlı olaraq işlədilir. Xüsusilə, Avropanın siyasi təfəkkürü "Xristian klubu" deyilən bir psixoloji çərçivədən çıxmağı bacarmır. Yəni qəbul edə bilmir ki, Asiyada Avropa qədər inkişaf edən güclü bir dövlət – Azərbaycan var. Sadəcə, bir misal gətirim. Azərbaycanda qadınların seçib-seçilmək hüququ tanındıqdan 10 il sonra Avropanın mərkəzində yerləşən Fransada bu prosedur həyata keçirilib.

Bizim mədəniyyətimiz də Avropanın bir çox ölkələrindən zəngin olmaqla yanaşı, çoxsaylı ilklərə imza atıb. Məsələn, Asiya regionunda ilk opera mədəniyyəti də Azərbaycanda yaradılıb. Əbəs yerə deyil ki, Şərqdə ilk qadın opera bəstəkarımız da Şəfiqə xanım Axundova olub. Bəlkə də bu avropalılar üçün bir az çətin qəbul edilə biləcək bir reallıqdır. Ancaq fakt budur ki, Azərbaycanda demokratik mühit uzun illərdir ki, mövcuddur və bu mövcudluq bizim tariximizə qızıl hərflərlə yazılıb. Bütün bunlar Azərbaycanda Avropa düşüncə tərzinin göstəricisidir.

Bu gün Avropanın siyasi başbilənləri hələ o qədər yüksək şüura malik deyillər ki, Azərbaycan kimi inkişaf edən, tərəqqi yolunda gedən Asiya dövlətini dərk etsinlər. Yəni bunların psixologiyasında müsəlman anlamı geridə qalmışıq və s. kimi təzahür olunur. Bunların çatışmazlığı da ondadır ki, yuxarıda vurğuladığım kimi, heç cür "Xristian klubu" çərçivəsindən çıxmağı bacarmırlar. Görünür hələ bu səviyyədə inkişaf etməyiblər və buna gücləri çatmır. Onlar zaman-zaman Azərbaycana qarşı mübarizə aparırlar. Azərbaycanı müsəlman-türk dövləti olaraq qəbul etmirlər, ona qısqanclıqla yanaşırlar.

Bu da bir həqiqətdir ki, Azərbaycan xalqı belə cəfəngiyyatlara fikir vermir. Çünki tarix boyu sübut olunub ki, xalqımız heç vaxt xarici dairələrin maraqlarına boyun əyməyib. Son tarixi hadisələr də bunu göstərir. 1988-ci ildən başlanan xalq hərəkatı dövrü və ondan sonrakı illərdə baş verən hadisələr, Azərbaycanın yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalması, xalqımızın öz xilasını, nicatını Ulu Öndər Heydər Əliyevdə tapması və müstəqilliyimizin qorunaraq əldə saxlanılması – bütün bunlar xalqımızın öz torpağına, dövlətinə bağlılığının nümunəsidir. Yəni demək istədiyim budur ki, heç bir vaxt xalqımız xarici maraqlara boyun əyməyib və bundan sonra da əyməyəcək. Bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, uğurla davam etdirilir. Məhz ölkə başçımız da öz çıxışında xüsusilə vurğulamışdır ki, heç bir xarici dairələr, siyasi qurumlar Azərbaycan dövləti ilə diktə, təzyiq dili ilə danışa bilməz. Bu, birmənalıdır və xalqımız da bu bəyanatı tam şəkildə dəstəkləməkdədir. Eyni zamanda, Azərbaycan xalqı taleyüklü məsələlərdə öz dövlətinə arxa-dayaq olur, xalq-iqtidar vəhdətindən çıxış edir. Ona görə də mən tamamilə əminəm ki, Avropa Parlamentinin hansı qətnamə qəbul etməsindən, nə deməsindən asılı olmayaraq, seçkilər Azərbaycan xalqı, cəmiyyəti, dövləti üçündür. Ona görə də düşünürəm ki, bu taleyüklü məsələdə xalqımız da öz sözünü qətiyyətlə deyəcək, Qərbin qərəzli dairələrini növbəti dəfə susduracaq.