backend

Bir rus, bir fars, bir türk... BİR DƏ TÜRK!

Və yaxud Ərəblərə görə bir-birini qıranlar...

Ərəblər bir-birini qırır - bu həftə də, ötən həftə də, bildir də qırırdı, inişil də. Onlar bir-birini qırmaq üçün dünyaya gəliblər, nə deyək...

Bu ilin bu həftəsindən isə rus bir-birini qıran iki ərəbdən birinə dəstək olmaq üçün rəsmən türkməni, türkü... ərəbi qırmağa start verdi. Onların da ən yaxşı bacardığı budu, nə deyək...
Fars da türkə, türkmənə, ərəbə qarşı çıxdı... elə ərəbə görə! Ortada olmasa da rəsmən, vurulanların, öldürülənlərin ələ keçirilməsində, bundan ona, burdan ora qarşılanıb yola salınmasında araçılıqları bəlli.

Siyasətlə məşğul olmayanlarla siyasət özü məşğuliyyət etdiyi kimi, ərəbin, farsın, kürdün, türkmənin, erməninin, rusun hər tərəfdən diş qıcayıb mühasirəyə aldığı türk də savaşa cəlb olundu, amma təkcə bir-birini qıran iki ərəbdən birinə ədalətin zəfəri üçün.
Hə, burası qəliz oldu - hamı üçün!

Düz deyirlər də, iki dalaşanın arasına girməzlər, amma bu ərəb başıbatmışın torpağında iki və daha çox dalaşan, dırnaq dırnağa sürtən var.

Bir siyasi ovsayd üçün rusun hiyləsi yetərli oldu: guya rus pilotu ingiliscə komandanı eşitməyib, yainki qırıcı təyyarənin naviqasiya sistemi xarab olmuşdu ki, biri də yox, iki qırıcı təyyarə birdən-birə startı-səmti türk səmasına götürmüşdü?

Əsla! Bir rus təyyarəsi də bəs edir ki, bir neçə saniyəyə Türkiyə ərazisində kəşfiyyat xarakterli bütün sirlərə agah olmağa: hərbi-sənaye komplekslərini, istehsal müəssisələrini, kommunikasiya şəbəkələrini, hərbi birləşmələrin dislokasiya kordinatlarını fiksasiyaya - avanqardlıq bu qədər yəni! İkisindən birinin vurulmağı nəzərə alınsa da, aradan çıxan digərinin yüzdəyüz qayıdışına hesablanıb: bulanıq suda Türkiyə bütün sirləriylə tora salına bilərdi!
Bir rus, bir fars, bir türk... BİR DƏ TÜRK!





Və mən qeyri-hümanist yanaşma kimi səslənsə də, mənafelər savaşında anladığım, dərk etdiyim, siyasi və coğrafi statusunu dəyərləndirdiyim Türkiyə dövlətinin hər iki təyyarəni vurmasını gurultulu, sürəkli alqışlarla, özü də ayaq üstə qutlayıram və Türkiyənin Rusiyadan üzr istəməsini gözləyirəm, amma... bəşərta ki, bu mətnlə: "Bağışlayın, Cənab Rusiya, Biz möhtəşəm Türk dövləti olaraq, sizə ölkəmizin sərhədlərinin bakirəliyini pozmağa, müdafiə qüdrətini sarsıtmağa imkan vermədik, güclü ikən zəif görünə bilmədik, qüsura baxmayın, poşli vı k çortu, fak yu!

Ərəbin bir-birini qırmağı məlum. Farsın quyruq bulamağı da xub! Rusun "pantovat"lığı da niçeqo!

Öz dərdimizə baxanda bunlar bir az uzaq görünür. Biz televizordakı "kino"nu rahatca izləyərkən öz torpaqlarımızda türkün türkü fars dəstəyi ilә qırması xəbəri yayıldı. Axır ki, qorxduğumuz başımıza gəldi, üşəndiyimiz mənzərə gözümüzdə canlandı - qan, din, təriqət, qara çarşablılar, vəhhabi və şiə söhbətləri, islam və dövlət bayraqları...

Bunlar ştrixlərdi, bu qığılcımların hər hansı birindən hansı alovun qalxacağı məlum. Burda artıq dövlətmi ehtiyatsızlıq elədi, dindarlarmı təxribata uydu, ya zəlzələdən, ya vəlvələdən baş verməsindən asılı olmayaraq, ola biləcəklər faciəyə çevrilə bilər.

İmam Hüseynin qırx məclisində, ehsan süfrəsi verilən evdə "Kalaşnikov" avtomatı, əl qumbarası nə gəzirdi, İmam Hüseyni qətlə yetirənlər dirilib gəlmişdilәrmi, oradakılar Yezidin dəstəsiylə döyüşdüklərinimi zənn etdilər, bunlar hamısı yekə bir sual işarəsidir.

İndi hər iki tərəfdə ölən varsa, "günah öləndədir" ironiyası ilə də qatilin hansı tərəf olması məlum olmayacaq, "günah öldürəndədir" məntiqi ilə də. Əvəzində bulanıq suda balıq tutmaq istəyənlər qazanacaq.

Bax, dünyanın hər yerində ingilis barmağı işləyir, bizim kəndlərdə... fars barmağı! Ərəbin şərəfinə, özü də iman, inanc pərdəsiylə! Şərqlə Qərbin fərqi budu.

Həftənin gələcək üçün proqnozu bu: cox təhlükəli gələcək qaçılmazdır!
"Hannibale ante portas", - deyirdilər belə situasiya olanda qədim yunanlar: təhlükə astanadadır! Ümid daha çox siyasi müdrikliyədi! İstənilən yanlış qərar özünüməhvə bərabərdir - istər dövlət, istərsə də xalq anlamında! Bu qədər yəni.

Yazıya iyirmi birinci əsrdə imam Hüseyn üçün güllələnənlər, tutulanlar üçün isə elə həmin İmam Hüseynin fikriylə son qoyuram: "Mən Yezidə qarşı dikbaşlığımdan yox, bir haqsıza qarşı bir haqlının vuruşa biləcəyini nümayiş etdirmək üçün vuruşdum"...