backend

Bəşər Əsəd Türkiyə sərhədini nəzarət altına alır

Bəşər Əsəd Türkiyə sərhədini nəzarət altına alır

Cenevrə konfransı ərəfəsində hökumət qüvvələri ölkə ərazisində üstünlüyü ələ almağa çalışır
Dünya yanvarın 29-da Cenevrədə Suriya məsələsinin siyasi həll yollarını müzakirəyə hazırlaşdığı bir vaxtda prezident Bəşər Əsədin ordusu Suriyanın şimalında, xüsusən də Türkiyə sərhədlərində sürətlə irəliləyir. Rusların havadan dəstək verdiyi əməliyyatlar zamanı ordu qüvvələri hər gün bir neçə yaşayış məntəqəsini, İŞİD və müxalif silahlılardan təmizləyir.

İki gün öncə Suriya hökumət qüvvələri Suriyanın şimalında Laziqiyyə bölgəsində, Türkiyə sərhədlərinə yaxın ərazilərdə 17 yaşayış məntəqəsini azad edib. Bununla da “Türkmən dağı” adlanan ərazinin sonuncu məntəqələri də Suriya ordusunun nəzarətinə keçib.

Qeyd edək ki, “Türkmən dağı” adlanan ərazi 2012-ci ildə türkmənlərin də daxil olduğu müxalif qrupların əlində keçib. Daha sonra bölgənin bir qismi İŞİD tərəfindən ələ keçirilib. İki gün öncə Əsəd qüvvələri tərəfindən nəzarətə götürülən Rabia qəsəbəsi və yanvarın 12-də ordunun nəzarətinə keçən Laziqiyyə vilayətinin Salma qəsəbəsi bölgədə ən mühüm strateji əhəmiyyət kəsb edən məntəqələr hesab olunur.

Bundan başqa əməliyyatlar cənubda Dəra şəhəri ətrafında və Hələb yaxınlığında da davam edir. Artıq ordu qüvvələrinin Hələb ətrafındakı Kuveyris hava limanı ətrafındakı qəsəbələri İŞİD-dən aldığı bildiirlir. Müdafiə Nazirliyi Cenevrə ərəfəsi yenidən silahlı qruplara müraciət edərək təslim olmağa çağırıb.

Gələn bilgilərə görə, həm Rusiyanın artan hərbi dəstəyi, həm də Cenevrə öncəsi hökumətə qarşı savaşan qüvvələrin özləri arasında anlaşılmazlığın artması hökuməti daha da güclü duruma gətirir. Vəziyyətdən istifadə edən hökumət qüvvələri müxalifləri sıxışdırmağa çalışır.

Ancaq Suriya ordusunun qış mövsümü olmasına baxmayaraq, hücum əməliyyatlarını başlatması bir sıra mühüm amillərlə izah olunur. Ən mühüm məqam qarşıdakı Suriyanın taleyini həll edəcək Cenevrə danışıqlarıdır. Bu danışıqlar iki ay sonra 5 ili tamam olacaq Suriya münaqişəsinin taleyini həll edəcək. Çünki görünən odur ki, bu mövzuda Qərblə Rusiya arasında anlaşma var.

Bu isə o deməkdir ki, yanvarın 29-da başlayacaq Cenevrə danışıqlarında həlledici qərarlar və sülh prosesinin başlanğıcı ola bilər. Belə bir vəziyyətdə təbii ki, danışıqlarda üstün tərəf cəbhədə güclü olan tərəf olacaq. Bunu Əsəd və Rusiya da gözəl bilir. Ona görə də cəbhədə hücumları artıran Dəməşq danışıqlar zamanı ölkə üzərində daha güclü və təsirli qüvvə olduğu nümayiş etdirməlidir.

Bunun üçünsə ilk növbədə Suriyada hökumətə qarşı vuruşan qüvvələrə yardımın gəldiyi sərhədlər bağlanmalıdır. Bu amili nəzərə alanda B.Əsəd qüvvələrinin nədən yalnız Türkiyə sərhədləri və cənubda İordaniya sərhədləri boyunca hərbi əməliyyatları sürətini və sayını artırmasının səbəbini anlamaq olar. Aydındır ki, hazırda Suriyada hökumətə qarşı savaşan müxalif qüvvələrə əsas yardımlar Türkiyə və İordaniyadan keçməklə gəlir. Hər iki ölkə ilə sərhədlərin bağlanması həm müxaliflərin “nəfəsliklərinin” qapanması olacaq, həm də Əsədin Suriyanın əsas sərhədlərini nəzarət altında tutmağa qadir hökumət olduğu sübuta yetəcək.

Rusiya üçünsə Türkiyə sərhədlərinin nəzarətə götürülməsi xüsusi önəm daşıyır. Çünki ruslar Türkiyə ilə təyyarə böhranından sonra Suriyada daha ehtiyatlı olmaqla yanaşı, Türkiyənin Suriya ərazisindəki nüfuz qruplarını zərərsizləşdirməyə, sülh danışıqlarında Ankaranın əlini zəiflətməyə çalışır. Cenevrə danışıqlarına türkmənlərin dəvət olunmaması, bunun əvəzinə Ankaranın sərt etirazlarına baxmayaraq Suriya kürdlərinin rəsmi təmsilçisi qismində PYD-YPG qruplaşmasının dəvət olunması da bunun sübutudur.

Hazırkı vəziyyət onu göstərir ki, Cenevrə danışıqlarından tezliklə nəticə gözləmək real deyil. Baxmayaraq ki, əsas oyunçuların Cenevrə danışıqları mövzusunda ilkin razılaşmaları var. Lakin Suriyada oyunçu olan və maraqları toqquşan dövlətlərin sayının həddən artıq çox olması uzlaşmanı da çətinləşdirəcək. Bu isə yaza doğru savaşın daha da şiddətlənəcəyi, mövqe mübarizəsinin daha da kəskinləşəcəyini deməyə əsas verir.