backend

Məni Azərbaycanın bu zorba “kişilər”indən qoruyun - Mehriban Əliyevaya ilginc müraciət

Məni Azərbaycanın bu zorba “kişilər”indən qoruyun - Mehriban Əliyevaya ilginc müraciət
Azərbaycan Respublikasının Birinci Xanımı, Millət Vəkili Mehriban Əliyevaya

AÇIQ MƏKTUB

Hörmətli Mehriban xanım!

Məcbur olmasaydım, bu açıq məktubu Sizə yazmazdım. Bilirəm ki, Sizin daha vacib işləriniz var və onu dövlətimizin inkişafı naminə sərf edirsiniz.
Ancaq bir qadın, bir ana, bir Azərbaycan vətəndaşı kimi qüruruma toxunulub deyə, haqqımı, hüququmu yazılı qanunlarla, məhkəmələr vasitəsilə müdafiə etmək imkanından məhrumam deyə, Sizə müraciət etmək məcburiyyətindəyəm.
Mən haqqımı Avropa Məhkəməsində aramaqdansa, Sizdə aramağı daha məqsədəuyğun hesab edirəm.
Bəri başdan deyim ki, Gəncə şəhəri, Cavadxan küçəsi-34 ünvanında inşa edilən “Ticarət mərkəzi”, həqiqətən də, Sizə məxsusdursa, ya da dövlət maraqları üçün tikilirsə, mən məmnuniyyətlə iddiamdan-mülkiyyətimdən əl çəkərəm.
Ancaq bilim ki, bir qadın olaraq mənim malım hansısa şərəfli bir qadına qismət oldu.
Çünki Gəncəni idarə edənlər bu gün şəhərdə belə bir şaiyə yaydırırlar ki, guya Cavadxan-34-də tikilən obyekt Sizindir. Hətta məhkəmə iclasında iştirak edən Gəncə şəhər İH-nin nümayəndəsi, iclasa sədrlik edən hakimin: “Həmin ünvanda tikilən obyekt kimindir, kim tikdirir onu, Pərvanə İsgəndərovanın obyektini kim söküb, ya da sökdürüb?” sualına elə müəmmalı cavab verdi ki, sanki obyektin həqiqətən də Sizə məxsus olmasını bilir, ancaq demək istəmir: “Xeyr, möhtərəm hakim, biz o obyektin kimə məxsus olduğunu, kimin tikdirdiyini bilmirik.”
Ancaq bu sözləri elə ibarə və işarələrlə dedi ki, yəni “obyekt yuxarılarındır, mən deyə bilmərəm.”

Belə çıxır ki, Gəncənin mərkəzində ermənilər obyekt tiksələr bunların xəbəri olmayacaq. Onda nəyə lazımdır bu İcra Hakimiyyəti?

Hörmətli Mehriban xanım, mən ALLAHın varlığına inandığım kimi, qəti əminəm ki, Sizin adınızla törədilən haqsızlıqlardan Sizin xəbəriniz yoxdur və ola da bilməz. Ancaq bir ana, bir qadın və bir vətəndaş təəssübkeşliyi ilə bildirirəm: bu məmləkətdə çoxları öz qanunsuz hərəkətlərini Sizin və ailə üzvlərinizin, eləcə də hörmətli cənab Prezidentimizin adı ilə pərdələməyə çalışır. Ona görə də Gəncə şəhəri, Cavadxan küçəsi-34 ünvanında özlərinə obyekt tikənlər bunu elə edirlər ki, elə incə üsullarla şaiyələr yayırlar ki, sanki oradakı obyekti, həqiqətən də, Sizə tikdirirlərmiş. Həqiqətən də, belədirsə, mən mülkiyyətimi Sizə halal edirəm.

Gəncə şəhər İH-nin başçısı 2011-ci ilin oktyabr ayında mənim həmin ünvanda olan iki dükanımı, binanın qəzalı olması bəhanəsilə, sökdürüb, yerində özünə “Biznes mərkəzi” tikdirir.
Halbuki, əvvəla, bina qəzalı vəziyyətdə olmayıb. Bina qəzalı vəziyyətdə olsaydı, biz özümüz onu təmir etdirərdik. İkincisi isə, movcud qanunlara görə, bina qəzalı vəziyyətdə olanda, onu təmir etdirmək üçün dövlət orqanları tərəfindən ilk növbədə mülkiyyətçilərə təklif verilməlidir.

Mən Elmar Vəliyevdən nə pul istəyirəm, nə də artıq sahə. Mən xahiş etmişəm ki, mənim obyektimin yerində tikiləcək obyektdə mənə dükanlarımın ölçüsü qədər yer verilsin. Sadəcə bu.
Artıq 4-5 ildir məhkəmələrdə sağlamlığımı itirmişəm. Haqqımı ala bilmirəm.
Tək qadınam. İki övladım var.

Gəncə İnzibati-İqtisad Məhkəməsi mənim iddiamı rədd etdi. Sanki mənim mülkiyyət hüququm dövlətim tərəfindən tanınmır.
Gəncə Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdi, mənə başqa bir ünvanda obyekt verilməsi vəzifəsini Gəncə şəhər İK-nin üzərinə qoydu.

Mənim iddiam aydın və konkretdir: “obyektimin yerində tikilən obyektdə mənə eyni ölçülü obyekt verilsin”. Pul və ya başqa yerdən obyekt istəmirəm.

Birinci instansiya məhkəməsi qanunları, ümumiyyətlə, ayaqaltı etdi. Apellyasiya Məhkəməsi isə, iddiadan və apellyasiya şikayətinin hədlərindən kənara çıxaraq, kimə məxsus olduğu bilinməyən və mən istəmədiyim bir obyektin mənə verilməsi haqqında qərar qəbul edib.

Hörmətli Mehriban xanım!

Bildirmək istəyirəm ki, iş indi Ali Məhkəmədə, hakim Kəmaləddin Bədəlovun icraatındadır. Mart ayının 9-da kassasiya şikayətimə baxıldı.
Vəkilimin kassasiya şikayətində yazdığı və çıxışında bildirdiyi arqumentlərin və sübutların mötəbərliyinə baxmayaraq, hakim K.Bədəlov qərar qəbul etmədi. İşi təxirə saldı. Niyə? Görünür, o da kimlərdənsə tapşırıq gözləyir.

Hörmətli Mehriban xanım!

Siz bu ölkəninin Birinci Xanımısınız. Deməli, yaşından asılı olmayaqaq hamının, bütün vətəndaşlarımızın “Millət Anası”sınız. Azərbaycan Sizin –millətimizin evidir. Bu evdə baş verən bütün qanunsuzluqlar şəxsən Sizi narahat etməyə bilməz və etməlidir.

Xüsusilə də, o halda ki, bu qanunsuzluqlar şəxsən Sizin adınızdan sui-istifadə edilərək törədilir.

Yuxarıda qeyd etdiyim kimi, təkrar edirəm: Gəncə şəhəri, Cavadxan küçəsi-34 ünvanında tikilən obyekt, “Ticarət Mərkəzi” Sizindirsə, mən mülkiyyətimdən Sizin xeyrinizə imtina edirəm, halal-xoşunuz olsun!
Yox, əgər belə deyilsə, bu obyektdən Sizin xəbəriniz yoxdursa, onda bir qadın, bir ana kimi Sizdən xahiş edirəm: məni Azərbaycanın bu zorba “kişilər”indən qoruyun, haqqımı müdafiə etməkdə mənə kömək edin, mənə arxa olun, dövlətimizin qanunlarının çeynənməsinə imkan verməyin.
ALLAHdan və Sizdən başqa heç kimim yoxdur mənim.

Göstərəcəyiniz diqqətə görə, öncədən minnətdarlığımı bildirirəm.

Hörmət və ehtiramla,
Gəncə şəhər sakini İsgəndərova Pərvanə Cəfər qızı