backend

ŞOK!!! "Moskvadan Gəncəyə xüsusi təyinatlı dəstə, "Alfa" qrupu gəldi"

ŞOK!!! "Moskvadan Gəncəyə xüsusi təyinatlı dəstə, "Alfa" qrupu gəldi"
"Hacıkənd yoluna tamam yaraqlı ermənilər nəzarət edirdi"

Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır.../Politika.Az/

...Payız başlayandan respublikada vəziyyət sürətlə gərginləşir, Bakıdan çox rayonlarda siyasi durum hər gün idarəolunmaz hala gəlirdi. Vəzirov ümidini Moskvaya bağlamaqda davam edir, Moskva isə Ermənistandan soydaşlarımızın kütləvi şəkildə qovulmasına göz yumur, Azərbaycanda antierməni çıxışlara sərt reaksiya verirdi. Cəlilabadda, Lənkəranda, Neftçalada, Gəncədə, Xanlarda hadisələr daha çox yerli rəhbərlərin-katiblərin, prokurorların, milis rəislərinin istefasını tələb etməklə müşayət olunurdu. Rayon rəhbərləri mövcud vəziyyətə adekvat hərəkət edə bilmədiklərindən, konservativ metodlarla hadisələrə uğursuz müdaxilələr edir, əsəbləri tarıma çəkilmiş millətin heysiyyatına toxunur, kütlə ilə dil tapa bilmirdilər. Belə bir vəziyyət Xanlarda da müşayət olunurdu. Sentyabrın sonlarında Xanlar rayon partiya komitəsində iclas oldu, mən də dəvət olunmuşdum. Çaykəndin köçürülməsinə mane olduğu gündən birinci katib Qərib İsgəndərovla münasibətlərimiz xeyli soyumuşdu. İclasda erməni kəndlərinə-Çaykəndə, Martunaşenə, Kuşşi Armavirə rayonun nümayəndələri gedib onları inandırmalı idi ki, köçmək lazım deyil, əvvəlki kimi həyat davam edəcək. Daxili İşlər Nazirliyinin məsul işçisi, 1983-84-cü illərdə Xanlar rayon milis şöbəsinin rəis müavini olmuş Mübariz Ağayev, raykomun katibi, erməni millətindən olan Henrix və mən Kuşşi Armavirə, birinci katibsə milis rəisiylə Çaykəndə, Martunaşenə getdik. Kuşşi Armavir (Kiçik Armavir, indiki Quşçu) Çaykənddən hündürdə yerləşən kiçik bir dağ kəndidi. Kənd əhalisi kluba toplaşıb bizi gözləyirdilər. Erməni katib də, M.Ağayev də ermənilərə təbliğ edirdilər ki, köçmək lazım deyil. Mən danışmadım, axı onların köçməsini istəyirdim. Kəndin bütün əhalisi, sovxoz direktoru artıq qərarlarını verdiklərini, Ermənistanda İcevan rayonunun bir azərbaycanlı kəndilə anlaşdıqlarını, bir həftəyə köçəcəklərini qəti şəkildə bildirdilər. Bir erməni sakin getməyin əleyhinə olduğunu deyəndə kəndin arvadları onu az qala öldürməyə hazır idilər. Bizə dedilər ki, bu şəxs Şaumyan (kənd) rayonunda işləyir, orda onu Yerevandan gələnlər öyrədib bura göndərib. Sovxoz direktoru bildirdi ki, fermada inəklər neçə gündü sağılmır, gəlin təsərrüfatınıza sahib çıxın. Hər şey aydın idi, sülh şəraitində kəndlər anlaşmışdı. Günortadan keçmişdi, xudahafizləşib geri qayıdırdıq ki, axşam saat 6-da görüşlərin nəticələrini müzakirə edək. Sovxoz direktoru yaxınlaşıb dedi, heç bir yerə Sizi buraxan deyiləm, evimdə hazırlıq görmüşəm, bizə gedəcəyik. Etiraz edəndə direktor: -Mən bir də Sizi görməyəcəyəm, heç bəlkə bir də azərbaycanlı ilə çörək yeməyəcəm, mütləq bizə gedəcəyik. Bu sözlərdən sonra etiraz edə bilmədik. Bal, talaş, kabab...

Raykoma gəlib görüşün yekunlarını müzakirə etdik. Q.İsgəndərov uğurlu görüş keçirdiyini, Çaykənd, Martunaşen (Qarabulaq) kəndlərinin köçməyəcəyini fəxrlə söylədi. Mübariz müəllimə dedim ki, mən danışsam, o elə biləcək ki, qəsdən ermənilərin köçməsinə mane olmamışam (amma elə həqiqət beləydi) ona görə də erməni katib, bir də özü danışsın. Mübariz Ağayev kəndin köçməkdə qərarlı olduğunu dedi.

Katib: -bəs, mən səni nəyə göndərmişdim ora? Niyə onları inandırmadın?

-Qərib müəllim, kəndlər razılaşıblar, iki-üç günə köçürlər.

- Ə, Henrix, sən nə dedin onlara?

-Qərib müəllim, mən hesab edirəm ki, Siz özünüz onlarla danışsanız, bəlkə köçmədilər.

Erməni ki, erməni, yolboyu bizə anekdot danışır, bu kəndin artıq qərar verdiyini və saxlamağın mümkün olmayacağını deyirdi, həm də katibə diplomatik gediş edirdi.

Katib:-Mən Sizə görə (yəni bizim nümayəndə heyətinə) partbiletimi təhvil verə bilmərəm.

Sonra üzünü M.Ağayevə tutub:

-Sənin nazirinə deyərəm, sənin dərsini verər.

Mübariz dözmədi:

-Siz kimsiniz ki, mənim nazirimə göstəriş verəsiniz? Nazirə nə baş verdiyini mən özüm deyəcəm. Mən zorla erməni saxlayan deyiləm.

Katib bu cür gözləmirdi, amma geri də çəkilmədi.

-Mən bilirəm, sənin də İlhamın da fikrinizi yaxşı bilirəm. Mənə quyu qazmaq istəyirsiniz. Şəxsən Əbdürrəhman Xəliloviçə hər ikiniz barədə məlumat verəcəm ki, partiyanın mövqeyinə qarşı çıxırsınız.

Ayağa durdum:

-Siz nə istəyirsiniz deyin, biz də bildiyimizi rəhbərliyimizə çatdıracağıq.

Bu sözləri deyib Mübarizlə iclas zalını tərk etdik. Bu mənim Qərib İsgəndərovla son danışığım oldu. Kuşşi Armavir kəndi isə beş gün içində tamamilə köçdü, kənddə Ermənistandan gələn soydaşlarımız yaşamağa başladı.
Səhərisi gün rəisimiz Rəhman müəllim məni kabinetinə çağırıb İsgəndərovun şikayət etdiyini dedi. Mən dünənki görüş və nəticələri barədə yazılı arayışı təqdim edib, rayondakı vəziyyətdən onsuz da xəbərdar olan rəisiə katibin düzgün olmayan qərarlarının ağır nəticələr verəcəyini söylədim. Rəis birinci katibin təzə sədrə-Vaqif Hüseynova şikayət etməyindən ehtiyat etdiyini, münasibətləri kəskinləşdirməyin mənasız olduğunu tapşırdı.

Oktyabr ayından başlayaraq Çaykəndə Ermənistandan vertolyotlar gəlməyə başladı. Gələnlərin silah və ”saqqalılar” gətirdiyini öyrəndik. Ermənilər Hacıkənddən sonra gedən yola gecələr silahla nəzarət etməyə başladılar. Artıq Göy-göl yolu ermənilərin nəzarətinə keçirdi.

1989-cu ilin son günləri daha ağır, gərgin, qarşıdurmalarla müşayət olunurdu. Respublikanın elə bir bölgəsi, rayonu yox idi ki, orda yerli hakimiyyət orqanlarıyla əhali arasında qarşıdurma yaranmasın. Xanlar bu gərginliyin episentri idi desəm, inanın. Düzdü, ilin son günü Naxçıvanda SSRİ-İran sərhəddinin sökülməsi çox ciddi hadisə idi və bu xəbəri alanda şöbədə əməkdaşlarımızın yekdil rəyi bu oldu ki, bu provokasiyadı və nəticəsi ağır olacaq. Bu məsələdə Cənubi Azərbaycanla birləşmək, sərhəddi götürməklə guya, nəhayət həsrətə son qoyulacaq kimi diletant fikirlərdən uzaq idik. Yeni ili çox qayğılı qarşılayırdıq, daha pisi hələ qarşıdaydı.

1990

İl başlayan kimi Moskvadan Gəncəyə xüsusi təyinatlı bir dəstə gəldi.Gələnlər məşhur “Alfa” qrupunun üzvləri idi. 20 nəfərlik bu dəstənin rəhbəri də general formasında orta yaşlı, Aleksandrov soyadlı zabit idi.”Alfa”nın üzvləri üçün açılıb – yığılan çarpayılar gətirilib şöbənin qonaq evinə yerləşdirilmişdi. Mehmanxanada qalmırdılar. Dəstənin üzvləri qonaq evində hər mitinqdən əvvəl-mitinqlər isə hər gün idi-hazırlıq vəziyyətində olurdular, şöbənin əməkdaşlarıyla maksimum kontaktdan yayınır, naharı yaxınlıqdakı hərbi hissənin yeməkxanasında yeyirdilər. Bir dəfə təsadüfən qonaq evinə girdim. Dəstənin üzvləri silahlanırdı. Bu silahlanma Şvartsnegerin “Komandos “ filmində son döyüşdən əvvəl silahlanmasına bənzəyirdi. Bıçaqlar, pistoletlər, əl bombaları, zirehli gödəkçələr və sairə. Şəhərdə yenə mitinq idi. Mən içəri girəndə soruşdular ki, meydanda nə qədər adam var? Dedim, iki min olar. ”Нормально» deyib silahlanmağa davam etdilər. Bu 20 nəfərin iki min adamı heç nə hesab etməsi Daşkənd kursunda DTK – nın “Qrom”,”Zenit” dəstələrinin 60 nəfərlə 2500 silahlı Əfqan əsgərlərini 45 dəqiqəyə darmadağın edib prezident Əmini öldürmələri haqqındakı mühazirəni yadıma saldı. Bu dəstənin 5 nəfər üzvü mülkü paltarda həmişə mitinqdə iştirak edir, bizimlə söhbət edirdilər. Mitinqdəki çıxışların mahiyyəti barədə bizdən nadir halda soruşurdular. İki gündən sonra bu beş nəfərlik dəstənin türk dilini mükəmməl bildikləri bəlli oldu. İçərilərindəki abxaz millətindən olan Ajba adlı bir zabit türk dili üzrə mütəxəssis olduqlarını söhbət əsnasında bildirdi. Moskvadan gələnlər yerli çekistlərə inanmırdılar. Faktiki olaraq bu heyət yanvarın 18-nə kimi Gəncədə həm informasiya toplayıb Moskvaya ötürür, hər zaman da tətikdə idilər.

Amma, yanvarın 18-nə kimi Gəncədə çox hadisələr olmuşdu. Yanvarın 10-da Xanlar rayonu ilə Şaumyan kənd rayonunun sərhəddində AXC üzvləri, Bakıdan gəlmiş bir neçə silahlı ilə birlikdə (biri Xəyyam adlı snayper idi) Şaumyan kənd rayonunun bütün rəhbərliyini həbs etdilər. Prokuror Stepanov aradan çıxmağa müvəffəq olmuşdu. Birinci katib Ağacanyanı cəbhəçilər Bakıya aparmışdılar (sonra onu kimləsə dəyişdilər). Nəzarət Komitəsinin sədri, Aqropromun sədri, iki sovxoz direktoru, iki milis işçisi və bir neçə sıravi adam da tutulub Xanlar milis şöbəsinə təhvil verilmişdi. Tutulanlar milis şöbəsinin zirzəmisindəki Lenin guşəsində saxlanırdı. Onlarla ilk söhbəti mən və milis rəisi Cavanşir Babayev apardı. Manaşid kəndinin sovxoz direktoru Çaykəndə yas yerinə gəldiklərini desə də bu heyətlə, münasibətlərin kəskin olduğu bir vaxtda Çaykəndə xoş niyyətlə gəlmədiklərini, əsl məqsədlərinin bizə qarşı plan quracaqları aydın idi. Amma, nə planı? Bunları çözmək istəyirdik ki, Toğana kəndindən xəbər gəldi ki, bizim üç azərbaycanlını-bir milis serjantını, Toğana kənd sakinini, Gəncə Yaşıllaşdırma İdarəsinin işçisini girov götürüblər və tələb edirlər ki, bizim tutduqlarımızla dəyişdirilsin. Axşam tərəfi idi. Tutulanların yanına gəldim, üzlərindən yorğunluq, qorxu, həyəcan və təbii aclıq yağırdı. Onlara yemək gətirəcəyimi deyib, Üçtəpə kəndindəki dostum Siyavuşun yeməkxanasına gəldim. Az qala bir toy qazanı boyda quzu ətinin pörtməsini, gəncəlilər demişkən şalampır bişirtdirdim, bütün yemək ləvazimatlarıyla şöbəyə gətirdim. Lenin guşəsində süfrə açdırdım və erməniləri yeməyə dəvət etdim. Üzümə şübhəylə baxırdılar. Gülüb, yeməyə başladım. Aqropromun sədri Meqriyan Şagen: Ara, kişi əziyyət çəkib yemək gətirib, yeyin-dedi. İştahla olmasa da, yeməyə başladılar. Bu hadisənin səhərisi günü Todan kəndi ətrafına bir neçə vertolyotda sovet əsgərləri və “saqqallılar”ın gəlməsi, ətrafı atəşə tutduqları barədə xəbərlər gəldi. İlk atışma, döyüş oldu. Todanın müdafiəsinə gedən könüllü döyüşçülər-Rüzgar Qasımov, Bəxtiyar Əliyev, Abbasqulu Məmmədov şəhid oldular, milis işçisi Mirtağı Bağırov ağır yaralandı. Gəncədə şəhid olanların təntənəli dəfn mərasimi keçirildi. Yanvarın 12-də Todan camaatı Gəncəyə axışıb müdafiələri üçün kömək istəyirdilər. Meydan insanlarla dolu idi. Xanlarda milis şöbəsində qərargah fəaliyyət göstərirdi. Daxili İşlər Nazirinin müavini Nurəddin Yusifov da neçə gün idi ki, bizimlə bərabər idi. Məndən Gəncədə nə baş verdiyini öyrənmək üçün ora baş çəkməmi xahiş etdilər. Gəncədə bir xaos yaşanırdı. Meydanda hamı dünənki atışmadan, ölənlərdən, yaralılardan, rus əsgərlərin erməni tərəfdən vuruşduqlarından danışırdılar. Bu vaxt şəhər partiya komitəsinin əsas qapısı ağzında maşın sirenası, qışqırtı səsi gəldi. Hamı səs gələn tərəfə qaçdı, mən də. Qarşıma Xanların keçmiş İctimai iaşə müdürü Vaqif çıxdı. Nə baş verdiyini soruşanda o:nə olacaq, Qəribi döyürlər-dedi. Mən Xanlar rayon partiya Komitəsinin birinci katibi Qərib İsgəndərovu nəzərdə tutduğunu o saat anladım. İşdən azad edilmiş Vaqif birinci katiblə düşmən idi. Gəncədə MK katibi Həsən Həsənovla görüşdən çıxan Q.İsgəndərovu tanıyanlar onu ermənipərəstlikdə ittiham edirdilər və dövrəyə alıb vururdular. İsgəndərovu qızmış, əsəbi kütlənin əlindən miliç əməkdaşları-Novruz Həsənov (sonralar Tovuz rayon polis İdarəsinin rəisi ), Natiq Əfəndiyev(sonralar Gəncə şəhər polis idarəsinin rəisi) zorla alıb bir mikroavtobusa əyləşdirdilər. Xalq Cəbhəsinin şəhərdəki liderlərindən biri Q.İsgəndərovu Xanlar rayon cəbhəçilərinə təhvil verəcəyini deyib, kütləni sakitləşdirə bildi. Mən maşına minib təcili Xanlar milis şöbəsinə gəldim. Hadisə barədə məlumat verib, katibin gətirildiyini qərargaha xəbər verdim. Milis şöbəsinin qarşısında maşın dayandı, elə həmin maşınla katib evinə-Balçılı kəndinə yola salındı.

Hadisələr sürətlə bir-birini əvəz edir, gah Gəncədə, gah Xanlarda gərgin saatlar yaşanırdı. Səhərisi gün tezdən Xanlara çatan kimi rayon partiya komitəsinin ikinci katibi Tofiq Kazımovla görüşdüm. Məlum oldu ki, axşam birinci katibə baş çəkməyə gedən Tofiq müəllimi İsgəndərov qovub. Kazımov nə edəcəyini bilmirdi. Onu sakitləşdirib təcili plenum çağırmağı və İsgəndərovu vəzifədən azad etməyi bildirdim. Başqa yol yox idi. Rayonun prokuroru Rauf Səmədov, polis rəisi Cavanşir Babayevlə də görüşüb məsələni izah etdim. Onlar da razılıqlarını bildirdilər. Milis şöbəsində olanda Qərib İsgəndərov zəng vurub DİN müavini Nurəddin Yusifovla danışdı. Biz danışığa şahid idik. İsgəndərov nazir müavinindən onun təhlükəsizliyini təmin etməyi tələb edirdi. Nurəddin müəllim onu sakitləşdirir, müalicə olunmağını tövsiyyə edirdi. N.Yusifov bir neçə dəfə İsgəndərovun işə çıxmasının məqsədəuyğun olmadığını nəzakətlə başa salmağa çalışırdı. Birdən Yusifov əsəbi şəkildə : Əşi, sən nətəhər adamsan, niyə başa düşmürsən ki, burda bu saat camaat səni şişə çəkməyə hazırdı. Mən sənə deyirəm ki, gəlmə, gəlirsənsə mən sənin həyatına cavabdeh deyiləm-deyib dəstəyi asdı. Bu söhbətdən sonra raykom hərəkətə keçib plenum üzvlərini iclasa çağırdı. Mərkəzi Komitənin təlimatçısı Malaxov da Xanlarda ezamiyyətdə idi. Gecə saatlarında rayon icraiyyə komitəsinin binasında iclas başladı və gündəlikdə bir məsələnin-birinci katib Qərib İsgəndərovun vəzifədən azad edilməsi olduğu bildirildi. Bütün plenum üzvləri bu təklifin leyhinə səs versə də Malaxov plenumu səlahiyyətsiz hesab edərək bildirdi ki, yetərsay yoxdu. Həqiqətən üç nəfər çatmırdı. Plenum sabah yenidən toplanmağa qərar verdi.
Ertəsi gün hamı toplanmışdı, amma çox çətinliklə və sərgüzəştlərlə. Aqropromun sədri İsmayıl İsmayılov ucqar kənddə olan plenum üzvü, ferma işçisi qızın plenuma gəlməsini telefonda belə başa salırdı.

-Ay qız, kvorum çatışmır, sən mütləq gəlməlisən.

Qız:-Məni neynirsiniz, kormu göndərin burda qəbul edək.

-Ay qız, yem demirəm e, kvorum deyirəm, tez ol gəl

Mən : İsmayıl müəllim, yetərsay deyin, bəlkə başa düşdü

-Ay müəllim, o sözü heç mən bilmirəm, o yazıq hardan qanacaq.

Xanlarda SSRİ Ali Sovetinin deputatı, sağıcı Sünbül Qasımova vardı. Sünbül birinci katibin həmkəndlisi idi. Birdən xəbər gəldi ki, İsgəndərovun adamları Sünbülü aradan çıxarırlar. Hay düşdü, Sünbülü obrazla desək “atdan saldıq”.Hamı gəldi ,ucqar kənddəki qızdan başqa. Məşğulluq idarəsi yaxınlıqda idi. İdarənin müdürü İmamverdi Cəfərovun yanına gedib bir qız işçisini iclasda oturmaq üçün göndərməsini, qıza da plenum üzvü qızın adı çəkiləndə ayağa durmağını tapşırdım. Başqa yol yox idi, plenum baş tutmasaydı rayonda qarşıdurma xeyli güclənəcək, fəsadlar yaranacaqdı. Burda çeviklik, zamanı dəyərləndirmək daha önəmli idi,nəinki hansısa sağıcının iştirakı. Nəhayət, plenumda yetərsay alındı və Qərib İsgəndərov birinci katib vəzifəsindən azad edildi, səlahiyyətləri ikinci katib T.Kazımova tapşırıldı. Bu aqibəti İsgəndərov özü qazanmışdı. Hadisələrə köhnə, stereotip prizmalardan yanaşanlar, situasiyaya çevik münasibət bildirməyənlər, xüsusilə xalqın, millətin marağından çıxış etməyənlər bu hadisələrdə “yandılar”, o cümlədən respublika rəhbəri Əbdürrəhman Vəzirov. Bu barədə hələ sonra.

Tutulan erməniləri uzun müddətə saxlamaq mümkün deyildi. Artıq Bakıdan xəbər göndərirdilər ki, ermənilər təcili azad olunmalıdı, həm də bizdən də onların əlində üç nəfərimiz vardı.
Çaykənddəki 3 əsir azərbaycanlı ilə Şaumyan rəhbərliyindən 3 nəfəri dəyişmək qərarına gəldik. Həm də ,Şaumyan kənd rayonu (indiki Ağcakənd) Başqışlaq kənd sakinlərindən bir neçəsini, o cümlədən qatıq satan qadınları ermənilər tutub həbsxanaya salmışdılar. Xəbəri bizə o rayonun ikinci katibi Atəş müəllim çatdırmışdı. Meqriyan Şageni rəisin otağına gətizdirib dedim:”Şagen,səni də, daha iki nəfəri də azad edəcəyik, amma bil ki, burda qalan yoldaşlarının taleyi ordakı qadınların, başqa girovların azad edilməsinə bağlıdı. Rayona çatan kimi onları azad edirsən, biz də burdakı adamları sərbəst buraxacağıq” . Şagen söz verdi. Hacıkənd yolu tamam bağlanmışdı, yola yaraqlı ermənilər nəzarət edirdi. Qərara alındı ki, Daşkəsən ərazisinə keçib Çıraqlı kəndindən Kəlbəcərin ərazisinə, oradan da Toğanaya enmək olar. Yanvar ayında Murovun, Qoşqarın ətrafında piyada hərəkət etmək çətindir, o ki qala “Niva” maşınları ilə. “Niva” çatmırdı, dostum, heyvandarlıq kompleksinin direktoru Məmməd Ələkbərova zəng edib “Niva” xidməti maşınını göndərməyi xahiş etdim. Maşın gəldi. Əsirləri kimin dəyişəcəyi sual yaratmışdı. Bizim əsirlikdə olanların qohumlarından iki nəfər, milis şöbəsindən Rəşid və sahə müvəkkili Mətləb, Hacıkənd qəsəbə sovetinin sədri Nəsrəddin, rayon icraiyyə komitəsinin sədri Asəf Məmmədov da getməyə razı oldu.

Əsir düşən Arzu adlı milis işçisinin atası İlham şöbənin dəhlizində birdən yerə əyilib dizlərimi qucaqladı. Ağlaya-ağlaya: “mən atayam, amma oğlumu xilas etməyə gedə bilmirəm. Sənə yalvarıram, sən getməsən, heç kim getməyəcək, get mənim balamı gətir”. Onu ayağa qaldırıb gedəcəyimi dedim və 10 dəqiqəyə yola düşdük.