backend

"Əcəb eləmişəm, söymüşəm, sənin ağzını da, sənin mətbuatını da…" - Polis çavuşu

"Əcəb eləmişəm, söymüşəm, sənin ağzını da, sənin mətbuatını da…" - Polis çavuşuYol polisi şöbəsində inanılmaz olay – Sərxoş polis və söyüşün biri bir qəpik

Adətən, orta məktəbdə “mənim polisim məni qoruyur” rubrikası altında inşalar yazdırılır və bu inşalar sonradan müsabiqədə iştirak edir, ən layiqli məktəblilərə də fəxri fərmanlar təqdim edilir. Amma mən bu gün belə bir inşa yazsam “mənim polisim məni təhqir edir” mövzusuna daha çox diqqət yetirərdim. Niyə görə, deyə soruşsanız, aşağıda qeyd elədiyim və bu günlərdə başıma gələn çox maraqlı və düşündürücü bir hadisə barədə yazını oxumağı məsləhət görərdim. Sizə Şirvan şəhər Polis şöbəsində və daha dəqiq desək, yol polisi xidmətində baş verən özbaşınalıqlar barədə məlumat vermək istərdim.

Belə ki, 05.08.2016-cı il tarixində Şirvan şəhərinin Naxçıvan küçəsinin Cihazlar zavodunun qarşısında olan hissəsində yolun kənarı ilə gedən zaman təsadüfən Şirvan şəhər YPX və PPX-nin əməkdaşlarının yolla hərəkət edən bir avtomobili saxlatdıraraq onun sürücüsü ilə mübahisə etdiklərini gördüm. Mən onlara yaxınlaşıb özümü təqdim etdim və yaxınlıqda yerləşən yaşayış binalarından bu xoşagəlməz mənzərəyə tamaşa edildiyini vurğulayaraq hər iki tərəfi sakitliyə dəvət etdim.

YPX-nin Üzeyir adlı işçisi mənim sözlərimi normal qəbul etdi və öz vəzifə funksiyalarını dəqiq həyata keçirərək qaydanı pozmuş sürücünü elə öz avtomobilində Şirvan şəhər Polis şöbəsinə gətirdilər. Mən də elə həmin maşında gəldim şöbəyə ki, bu hadisədə marağı olmayan bir şahid kimi ifadə verim. Şöbədə YPX-nin rəisinin qəbuluna düşmək istədim, dedilər məzuniyyətdədir, özünü onun vəzifələrinini icra edən kimi təqdim edən Murad adlı kapitan məni qəbul etdi və mən ona bütün hadisəni təfsilatı ilə danışdım, o da dedi ki, öz aramızda həll edərik, narahat olmayın. Mən çölə çıxanda YPX işçilərindən biri o birinə “rəis səni çağırır” deyəndə dönüb Muraddan soruşdum ki, axı, rəis kimdir. O da dedi ki, əslində rəis mənəm, o rəis dedikləri radar üzrə müavindir. Mən nə isə bu vəziyyətdən şübhələnib polis şöbəsi rəisinin qəbuluna getdim.

Növbətçi Məmməd adlı mayor məni YPX-nin rəis vəzifəsini icra edən baş leytenant Elmanın yanına göndərəndə dedim ki, axı kapitan Muradın yanında olmuşam, o, deyirdi ki, rəis odur. Məmməd dedi ki, Murad yalan deyir, rəisin yerində hal-hazırda baş leytenant Elmandır. Mən gəldim Elmanın yanına, bu zaman onun yanında Əkbər adlı çavuş da əyləşmişdi. Əkbər öz yerini mənə verib ayaq üstə qaldı. Mən yenidən bütün hadisəni danışdım Elmana. Bu zaman Əkbər çavuş mənə sual verdi ki, qaydanı pozan şəxs sənin oğlundur, qardaşındır, ya başqa bir qohumundur? Mən də dedim ki, xeyr, heç bir qohumum deyil, sadəcə olaraq bir vətəndaş kimi, bir müxbir kimi həqiqəti qanun keşikçilərinə çatdırmağı özümə borc bilirəm.

Bu zaman Əkbər çavuş hirslə dedi ki, bu nədir, hərə əlinə bir qəzet alıb düşür ortalığa ki, müxbirəm? Sənin işin-gücün yoxdur? Mən onun bu kobud sözlərinə etiraz etdikdə o, daha da səsini yüksəldərək mətbuatı və mətbuat işçilərini kütləvi şəkildə çox nalayiq çoxmərtəbəli söyüşlərlə təhqir etdi, qapını çırparaq otağı tərk etdi. Mən etirazımı Elmana deyəndə o, dedi ki, siz Allah, bizi bağışlayın, Əkbəri çağırıb danlayaram, sizdən üzr də istəyər. Mən ordan çıxıb yenidən şöbə rəisinin qəbuluna düşmək istədim, gəldim növbətçi hissəyə, orada Məmməd dedi ki, rəisin yanında hərbçi qonaqlar var.

O zaman rica etdim ki, heç olmasa məni rəis müavini ilə görüşdürün, ürəyim partlayır, rəhbərliyə burada baş verən özbaşınalıqlar barədə danışım. Məni köməkçi rəis müavininin yanına apardı, özü daxil oldu içəri, çıxıb dedi ki, Nazim müəllim, sizi baş leytenant Elman öz otağında gözləyir. Mən gəldim yenidən Elmanın kabinetinə, orada Elman və 2-3 nəfər çavuş məndən rica etdilər ki, Əkbəri çağıraq, sizdən üzr istəsin, barışın. Mən də razı oldum. Əkbəri çağırdılar, gəldi və üzümə durdu ki, mən heç səni söyməmişəm. Üzr yerinə haqsız münasibət gördükdə mən ona tərəf bir-iki addım yaxınlaşdım və ondan bərk spirt iyini hiss etdim və dedim: ”Sən necə qanun keşikçisisən ki, iş vaxtı spirtli içki içirsən, dinc əhalini təhqir edirsən?”.

Əkbər yenidən hiddətlənərək “belə, əcəb eləmişəm, söymüşəm, belə sənin ağzını da, sənin mətbuatını da belə-belə eləyim” deyəndə Elman onun qollarından tutub divara sıxdı və “sən nə edirsən, ağlını başına yığ” dedi. Əkbər onu kənara itələyib otağı tərk etdi. “Məni ikinci dəfə təhqir etmək üçün bura çağırmısan” deyə Elmana müraciət etsəm də o, susub qaldı.

Polis rəisinin qəbuluna düşmək istədim, 5-6 saat gözlədim, alınmadı və bu barədə “102”-yə zəng vurub bildirdim, söylədim ki, Əkbər kimi çavuşlar Azərbaycan Polisi adına Qara Ləkədir ! Lakin əfsuslar olsun ki, qaynar xəttdən də hələ ki, bir cavab yoxdur. Əvəzində müxtəlif yerlərdən xahiş formalı zənglər daxil olur telefonuma. İndi Sizdən bir vətəndaş kimi, bir mətbuat nümayəndəsi kimi son dərəcədə xahiş edirəm ki, bu yazını diqqətlə oxuyun və əlinizi vicdanınıza söykəyərək deyin, mənim polisim məni təhqir etmirmi ?

Şirvan şəhər yol polisi idarəsinin əsil rəisinin məzuniyyətdə olmasından sui-istifaadə edən Murad kimi, Elman kimi zabitlər tutduqları vəzifəyə layiqdirlərmi ? Yazımın sonunda hər birinizdən vaxtınızı aldığım üçün üzr diləyərək ümidvar olduğumu bildirmək istərdim ki, düşünməyə dəyər : “Dünən məni qoruyan polis bu gün məni təhqir edirsə, sabah necə hərəkət edəcək ???”

Cavablarınızı gözləyirəm. Diqqətinizə görə çox sağ olun! Öncədən təşəkkür edirəm. Allah amanında olun. Qoy Allah-Təala Sizləri dərddən, bəladan, mərdimazardan və belə pis polislərdən qorusun ! Amin !!!

Nazim Səfiyev

"Münasibət" qəzetinin müxbiri