backend

Kabus Dadaşov: "Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan səhiyyəsində yeni bir eranın başlanğıcı qoyulub"

Kabus Dadaşov: "Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan səhiyyəsində yeni bir eranın başlanğıcı qoyulub"

Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

1960–cı illərin sonundan başlayaraq XXI əsrə adlayan otuz ildən artıq bir dövrü görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərdə, həm SSRİ–nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Heydər Əliyev Vətənimizin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb.

Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Bütün həyatı boyu öz xalqının xoşbəxtliyi və əmin–amanlığı naminə yorulmadan çalışan Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz, bu sahədə fəaliyyəti çoxcəhətli olmuşdur.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan səhiyyəsində yeni bir eranın başlanğıcı qoyulub və səhiyyəmiz özünün tərəqqi yoluna üz tutub.
Dahi rəhbərin böyük nailiyyətlər qazanmış milli səhiyyə siyasəti bu gün onun layiqli varisi, möhtərəm İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirilir.
Hazırda səhiyyə sistemimizin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilib. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi, son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrasturukturu getdikcə daha da yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.
Azərbaycanın dövlət büdcəsinin ildən-ilə artması da, səhiyyə sistemində insanların mənafeyinə xidmət edən islahatları inamla davam etdirmək imkanı yaradır.

Kabus Dadaşov, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi