backend

Özünü qələm əhli sayan şəxs gərək peşəsinə hörmətlə yanaşsın

Özünü qələm əhli sayan şəxs gərək peşəsinə hörmətlə yanaşsın
























Qərəzçilik, muzdluluq, hər şeyi qara rəngdə təqdim etmək həvəsi canımıza hopub

Son günlər bəzi saytlarda Ağsu rayonu barədə müxtəlif səpkili tənqidi yazılar dərc olunur ki, bu yazılar da çox vaxt qərəzli və böhtan xarakterlidir. Heç bir işi-gücü olmayan bir-iki adam ağzına gələni yazaraq ictimai rəyi çaşdırmağa çalışırlar. Təəsüflər olsun ki, bəzi tanınmış xəbər portalları da bu cür məlumatları dərc etməklə öz nüfuzlarına kölgə salırlar. Hər bir ağsulu rayonda gedən prosesləri yaxından izləyir və baş verənləri yaxşı bilir. Belə ki, Ağsu sözün həqiqi mənasında 5-10 il bundan əvvəlki rayon deyil. Gərək vicdansız olasan ki, sürətlə irəliyə doğru gedən bu inkişafı görə bilməyəsən.

Bizim məqsədimiz kimisə müdafiə etmək deyil. Sadəcə özünü qələm əhli sayan şəxs gərək qələminə və peşəsinə hörmətlə yanaşmağı bacarsın. Bu bizim mətbuatın ümumu problemidir ki, hələ də bu bəlanı adlaya bilmirik. Qərəzçilik, muzdluluq, hər şeyi qara rəngdə təqdim etmək həvəsi canımıza hopub. Özünü jurnalist hesab edən şəxs istər müxalifət olsun, istərsə də iqtidar son illər Ağsuda həyata keçrilən bir çox layihələrin uğurlu nəticələrini görməyə bilməz.

Rayon mərkəzinin "tozlu-torpaqlı" günləri artıq arxada qalıb - içməli su xəttinin çəkilişi və kanalizasiya şəbəkəsinin yenidən qurulması ilə əlaqədar qazılmış yerlər örtülüb, yeni asfalt döşənməsi işi başa çatdırılıb.

Ağsu şəhərini gəzib-dolaşdıqca hələ də hər yerdə qızğın abadlıq-quruculuq işlərinin şahidi oluruq. Rayon mərkəzindən kəndlərə gedən yollar da abadlaşdırılır. Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun çəklişi başa çatmaq üzrədir. 14 min əhalisi olan 13 kəndi birləşdirən bu yolun uzunluğu 27 kilometrdir. Yolun üzərində 3 müasir körpünün tikintisi başa çatdırılıb.

Ağsu şəhərində və rayonun kəndlərində məişət xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin inzibati bina tikilib istifadəyə verilmişdir.

Bütün bunlar görülən işlərin az bir hissəsidir. Ağsuda sözün həqiqi mənasında geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçrilir. “Ağsu bir tayfanın əsarətində qalıb”- deyənlər ən azından əqidə sarıdan kasad adamlardır. Bu bir-iki adam heç nə istədiklərini özləri də bilmirlər. Onların mətbuata ötürdükləri informasiyalar da tamamilə uydurmalardan ibarətdir. Hər halda ağsulular bilir ki, Ənvər Seydəliyev icra başçısı təyin olunduqdan sonra heç bir yaxın qohumunu vəzifəyə təyin etməyib. Boş-boş cəfəngiyyatla saytları bəzəyən həmkarlarımıza demək istəyirik ki, bu cür üzdəniraq adamların sözlərinə inanıb özlərini və qələmlərini hörmətdən salmasınlar. Ən azından Ağsu uzaqda deyil, gedib, hər şeyi yerindəcə görüb sonra məlumatlarını tirajlasınlar, həm də həmin informasiyanı ötürənləri kimliyini öyrənsinlər. Bu adamlarla oturub bir stəkan çay içmək belə adam üçün utancvericidir.

Sonda bir daha xatırladırıq ki, Ağsu rayon icra hakimiyyəti başçısı Ənvər Seydəliyevin bizim müdafiəmizə heç bir ehtiyacı yoxdur. Onun müdafiəsi gördüyü taleyüklü uğurlu işlərdir.