Tbilisi ilə Azərbaycan ədəbiyyatının və incəsənətinin mühüm bağlılıqları olduğu danılmazdır. Məsələn, Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundov Tbilisidə yaşayıb yaratmış və elə orada da dəfn olunmuşdu. Tbilisinin Sənan dağındakı həmin məzarlıqda Mirzə Şəfi Vazehin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin də məzarları yerləşir. Bu füsunkar təbiətin qoynunda Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə bağlı abidə də mövcuddur. Ayrıca, Tbilisinin müxtəlif yerlərində Bülbülün heykəlinə, Mirzə Fətəli Axundovun, İbrahim İsfahanlının, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev muzeylərinə rast gələ bilərsiz. Elə Azərbaycanda da Şota Rustaveli, Avksenti Saqareli, Nodar Dumbadze kimi gürcü ədiblərinin müxtəlif əsərləri yayımlanıb və səhnələşdirilib. Yaxşı, bəs bir-biri ilə bu cür möhkəm mədəni əlaqələri olan iki ölkənin və xalqın bir növ ortaq mədəni abidəsi sayılan TDADT niyə bu cür baxımsız qalıb? Kostyumları çirkli və ətrafa səpələnmiş, döşəmə-tavanı uçulmuş, teatr üçün mühüm olan bütün avadanlıqlardan məhrum qalmış bu teatrın hansı günahı vardı ki, qayğıdan tamam uzaq saxlanıldı? Üstəlik, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət abidəsi hansı cürətlə belə viran qalmağa məhkum edilib?
Tbilisidə Heydər Əliyevin adını daşıyan park var. Orada mərhum liderin büstü də yerləşir. Səfər zamanı bu parkda da oldum. Park olduqca səliqəli, yaşıllıqlara bürünmüş, təmiz və bər-bəzəkli idi. Axı heç bir park bəşərə teatr qədər xidmət etmir. Bəs niyə bu parkdan 50-100 metr məsafədə yerləşən, eyni şəxsin adını daşıyan, Azərbaycan üçün mədəni tarixi əhəmiyyətə malik olan teatrın vəziyyəti acınacaqlıdır? Tbilisidə qayğıdan uzaq qalan digər mədəni abidələrimiz də var. Nəriman Nərimanovun ev muzeyi hazırda fəaliyyət göstərmir. Cəlil Məmmədquluzadənin ev muzeyinin fəaliyyəti isə birdəfəlik dayandırılıb. Tbilisidə aldığım məlumata görə, həmin evdə başqa bir ailə yaşayır və oranın muzey kimi bərpası demək olar ki, mümkünsüzdür.
P.S. Azərbaycan Gürcüstan başda olmaqla dünyanın bir sıra ölkələrində mədəniyyət abidələrini öz vəsaitləri hesabına təmir və bərpa etdirib. Maraqlıdır ki, Azərbaycan hökuməti və əlaqədar qurumlar niyə indiyə qədər ümummilli liderin adını daşıyan tarixi mədəni abidənin bərpası barədə düşünməyiblər. Teatrın kollektivinin verdiyi məlumata görə, Azərbaycan rəsmiləri, millət vəkilləri sözügedən teatrda olublar və oranın vəziyyətindən xəbərdardırlar. Amma nədənsə, bu vəziyyətin aradan qaldırılması üçün heç bir addım atmayıblar.