backend

Ofisiantlıqdan vəzifəyə: Biləsuvar BAŞCISINDAN dəbdəbəli AD GÜNÜ... - Video

Ofisiantlıqdan vəzifəyə: Biləsuvar BAŞCISINDAN  dəbdəbəli AD GÜNÜ... - Video
Bu gün Biləsuvarın icra başçısı Mahir Quliyevin ad günüdür

1958-ci ildə anadan olan icra başçısı doğum gününü Bakıda qeyd edir.

RİH-də toy-bayram

Onun iş günü olmasına baxmayaraq, RİH-nə getmədiyi və Bakıda olduğu xəbər verilir. İlin çox vaxtı şəhərdə olan M.Quliyev doğum gününü də qeyri-iş günü elan edib.

Bu da rayonda toy-bayrama səbəb olub. Çünki icra başçısı olmadığı vaxt Biləsuvar RİH-də istirahət gününə bənzər iş qrafiki olur.

Prezident məmurlara dəbdəbəli məclislər, ad günləri, toy mərasimləri keçirməməyi, təvazökar olmağı tövsiyə edib. Hətta öz doğum gününü məcburi köçkünlərlə bir yerdə keçirdiyini xatırladıb.

Amma Biləsuvarın icra başçısı ad günü üçün Bakıda bahalı restoranlardan birində ziyafət sifariş verib. Məclisdə onun dostlarının, vəzifəli şəxslərin olacağı xəbər verilir.

M.Quliyevin dəbdəbəli, təntənəli ad günləri keçirməyi xoşladığı deyilir. 59 yaşını da Bakıda qeyd edən icra hakimi özü restoran işindən bu vəzifəyə qədər yüksəlib.

38 yaşda yada düşən diplom

Bu barədə vikipediyada da məlumatlar yerləşdirilib. Əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayan Mahir Quliyev yalnız 38 yaşına çatanda təhsil haqda düşünməyə vaxt tapıb.

Bu isə ona vəzifə tutması üçün lazım olub, əks halda onun təhsil heç yadına da düşməzdi.

Beləliklə yalnız 2000-ci ildə Bakı şəhərində heç kəs tərəfindən tanınmayan “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirən hazırkı icra başçısının keçdiyi həyat yoluna nəzər salmaqda davam edək.

O, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.

1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyib.

Yalnız bundan sonra dövlət qulluğuna yolu açılıb. 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini çalışıb.

2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib. 2011-ci il dən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır.

“Sahil” kafedən keçən yol

M.Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil” restoranından işləyib.

İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, «Sahil» restoranının admnistratoru olur.

Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər.

Həmin məmurlar sırasında əksər nazirlərlə yanaşı, Prezident Administrasiyasından iri fiqurlar da olub. Bu da günün birində onun üçün perspektivin açılmasına yardımçı olur.

Qeyd edək, icra başçısının rəsmi tərcümeyi-halında onun 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirməsi haqqında bilgi öz əksini tapıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Real həqiqətlər” Araşdırma Mərkəzin sorğusu üzərinə bu quruma göndərdiyi 04/73№-li 26.01.2016-cı il tarixli cavabda göstərilir ki, “28.09.1958-ci il təvəllüdlü Quliyev Mahir Hacı oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən alı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etməmiş və heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında o da qeyd edilir ki, Mahir Hacı oğlu Quliyevin hər hansı bir alı və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil”.

RİH-dən zənglərimizə cavab verilmədi. Qarşı tərəfi dinləməyə hazırıq.
(azeuronews.com)