backend

"İran bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb” - EKSPERT

 "İran bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb” - EKSPERT

Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev: “İranda yaşayan azərbaycanlıların öz haqları uğrunda mübarizəsini dəstəkləməliyik”

Son günlər İranda baş verənlər bütün dünyanın diqqət mərkəzinə çevrilib. Hadisələri proqnozlaşdırmaq, nə ilə nəticələnəcəyi barədə dəqiq söz demək hələlik qeyri-mümkündür.

“Şimal xəbərləri”nin əməkdaşı Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevdən İranda cərəyan edən hadisələrə münasibətini soruşub. Müsahibimiz cənub qonşumuzda xalqın ayağa qalxmasının təbii bir hal olduğunu bildirib: “Belə də olmalı idi, molla rejimi əhalini boğaza yığmışdı. Gec-tez kütləvi narazılıqlar baş qaldırmalıydı. İrandakı ictimai-siyasi prosesləri ciddi izləyən insanlar bilirlər ki, bu ölkənin indiki prezidenti Həsən Ruhani rejimi yumşaltmaq məqsədi ilə bir sıra addımlar atmaq istəsə də nəticə vermir. Əvvəla, molla rejimi kifayət qədər güclü müqavimət göstərir. Digər tərəfdən, H. Ruhani öz ölkəsini dünyəvi prinsiplərlə idarə etmək üçün riskli addımlar atmaqdan uzaq adamdır. Ona görə də xalq bir fürsət gözləyirdi”.

Ekspert qeyd edir ki, son vaxtlar regionda ciddi siyasi proseslər baş verir. Rusiya, İran və Türkiyə yaxınlaşması ABŞ və Qərbi ciddi narahat etməyə bilməzdi. İndiki situasiyada Ağ evin İran nümayişçilərini dəstəkləməsi gözləniləndir. İran regionda əsas oyunçulardan biridir. Burada baş verənlər bütün Yaxın Şərqi silkələyəcək. İdarəetmədə molla rejiminə meylli Türkiyənin özündə də vəziyyətin gərginləşməsi ehtimalı çoxdur. Hər şey ABŞ, Rusiya və Qərbin hadisələrə münasibətindən asılı olacaq. Yəqin ki, aparıcı dövlətlər İranla bağlı müəyyən planlara malik olmamış deyillər.

İranda yaşayan 40 milyona yaxın soydaşımızdan danışan ekspert dedi: “Biz onların taleyinə biganə qala bilmərik. Zaman-zaman İranda azərbaycanlıların haqlarını tapdalayıblar, səsini ucaldanlar dar ağaclarından asılıb. Artıq məlumatlar yayılıb ki, Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərdə azərbaycanlılar milli şüarlar səsləndirirlər. İranın cənubunda yaşayanlar bu ölkədəki heç bir xalqla düşmən deyillər. Onlar sadəcə öz haqlarını tələb edirlər. Azərbaycanlılar bu hadisələrdə heç bir vəchlə alətə çevrilməməlidirlər. İranda hakimiyyətə gəlmək istəyən qüvvələr millətimizin haqq işi uğrundakı mübarizəsindən öz siyasi məqsədləri naminə istifadə edə bilərlər. Çünki əvvəlki İran inqilablarında soydaşlarımızı dəfələrlə aldadıb və sonra da məhv ediblər. Keçmişdə baş verənlərdən nəticə çıxarmaq, müasir dünyanın tələblərinə uyğun hərəkət etmək gərəkdir”.

Müqəddəs Mehdiyev deyir ki, zorla ibadət və qadınların başını məcburən bağlatmağın sonu belə də olmalıydı. Hər Cümə namazından sonra insanları toplayıb zorla “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarlarını qışqırdıb aldatmağın sonu bu cür nəticələnməliydi: “Başqa bir tərəfdən son illər İran dini pərdə altında Suriyanın, Yəmənin, Livanın və digər ölkələrin daxili işlərinə qarışır, radikal islamçı-terrorçu qrupları maliyyələşdirir. Qüds məsələsini ortalığa ataraq “təəssübkeş” rolunda çıxış edir. Əslində bütün bunlar xalqın başını qarışdırmaqdan, çətin iqtisadi vəziyyətdən yayındırmaqdan başqa bir şey deyil”.

Öz ölkəmiz haqqında fikirlərini qeyd edən Müqəddəs Mehdiyev bildirdi ki, İranın Azərbaycanda da təsir dairəsi var. “Radikal islamçıların həbsini, Nardaranda baş verənləri, ölkəmizin cənub regionunda ara-sıra baş qaldıran ekstrimistlərin fəaliyyəti ilə bağlı yaşananları xatırlamaq kifayətdir. Sirr deyil ki, qəddar düşmənimiz Ermənistanın dostu olan İranın molla rejimi Azərbaycandakı sabitliyi heç vaxt həzm edə bilmir. Həm də biz dünyəvi bir ölkəyik. İran bunu da normal qəbul etmir. Düşmənimizə mənəvi qida verən, onun möhkəmlənməsinə yardım göstərən İran rejiminin Azərbaycanla dostluqdan danışması boğazdan yuxarı deyilən boş sözlərdir. Bunun əksi olaraq Azərbaycan iqtidarı İrana münasibətdə daim təmkin və səbr nümayiş etdirib, dövlətlərarası münasibətlərə xələl gətirən heç bir hərəkətə etməyib, blokadada olan cənub qonşusuna arxa çevirməyib, öz ərazisindən İrana qarşı istifadə edilməsinə yol verməyib. Lakin qeyd etdiyim kimi, molla rejimi heç vaxt müstəqil Azərbaycanın mövcudluğunu xoşlamayıb. Bizə yalandan əl uzadıb, erməni daşnaklarına isə qucaq açıb”.
Qaynarxett.az