backend

Siyəzəndə Qədimovun qəhərdolu əməlləri

Siyəzəndə Qədimovun qəhərdolu əməlləri





















Siyəzən rayon Suvarma Sistemləri idarəsinin müdiri cənab Niyazi Qədimovu tanıyıb bilən hər kəs onun haqqında müəyyən məlumatlara malik olsa da, bəzən elə hallar da ola bilər ki, kimsə onu tam dəqiqliklə də tanımasın.

Çünki, xarakterik xüsusiyyəti Niyazi müəllimi daim vadar edir ki, minbir oyun qaydalarına qol qoysun, hansısa ambisiyalarını, şəxsi məqsədlərini həyata keçirsin. Odur ki, Qədimov soyadlı idarə müdirinin son vaxtlar atdığı addımlar, ətrafında gəzən söz-söhbətləri bir qədər artırmış və adının dillər əzbəri olmasına da səbəb olmuşdur.
Adicə bir faktı qeyd etmək kifayət edər ki, onun iç üzü, fərdi keyfiyyətlərinin bəlli olan tərəfləri haqda məlumatlardan hər kəs xəbər tuta bilsin. Məsələn, ona yaxınlığı ilə seçilən və müəyyən səbəblər üzündən adının çəkilməsini istəməyən şəxs bildirir ki, Niyazi müəllim zərif cinsin nümayəndələrinə qarşı olduqca həssaslıq nümayiş etdirən vəzifə sahibidir. Elə ki, rəhbərlik etdiyi müəssisəyə KİV sahəsində çalışan xanım “jurnalist”lərdən biri təşrif buyurur, bu zaman N.Qədimovun rəngi, sanki yaz fəslinin gəlişi zamanı tər bənövşənin dəyişən rənginə oxşayır. Çox keçmədən onunla xoş rəftara, səmimi münasibətə girməyi bacaran idarə müdiri, bir qədər söz-söhbətdən sonra “jurnalist” xanıma bir könüldən min könülə “aşiq” olur və Leyli Məcnun dövründən qalma “sevgi”sini də elan edir.
Amma, dayaz tellər üzərində qurulan “sevgi”, bəzən elə hallar olur ki, ona saysız-hesabsız bəlalar da gətirir. Məsələn, bir müddət bundan əvvəl, daha dəqiq desək 8 aprel günü gecə saat 1-2 radələrində onun bu yolla tanıdığı xanım jurnalistlərdən birini zinhara gətirməsi, sonda acı sonluqla da nəticələnir. Yəni, gecə saatlarında Niyazi müəllimin qarşı tərəfə dəfələrlə etdiyi telefon zəngləri xanım jurnalisti məcbur edir ki, onunla üzbəüz görüşsün və sual etsin ki, sən nə istəyirsən, gecə saatlarında bu qədər telefon zəngi kimə və ya nəyə lazımdır? Bu zaman görüş yerinə tələsən səbəbkarla idarə müdiri arasında yaşanan “sevgi-məhəbbət”, yolda xanım jurnalistin avtomobil qəzası törətməsinə də səbəb olur.
Niyazi müəllim haqda məlumatı təqdim edən məmbə onu da bildirir ki, o, hər gün zərif cinsin nümayəndələrindən biri ilə “görüşməsə”, “hal-əhval” tutmasa, sanki özündə nəyinsə çatışmadığını hiss edər. O da daim belə bir təhlükədən sovuşmaq üçün uzun illərdir ki, adını çəkmək istəmədiyimiz tələbə yoldaşı ilə (zərif cinsin nümayəndəsidir) “sıcaq” münasibətini yaşatmaqda davam edir. Elə ki, onun hansısa “xanımla” söz-söhbəti düşür, bu zaman tələbə yoldaşı özünü Niyazi müəllimin həyat yoldaşı kimi təqdim edir və qarşı tərəfə hədə-qorxu gəlməkdən savayı, nalayiq ifadələr işlətməyi də bir növ özü üçün şərəf bilir. Hətta, hücum çəkib qarşı tərəfi əzişdirəcəyini söyləməklə qürür hissi də keçirir.
Diqqəti çəkən başqa bir məqam da odur ki, Niyazi müəllimin hansısa xanımla “isti” münasibətdə olduğu zaman, rayon rəhbərliyinin keçirəcəyi iclaslara dəvət almasıdır. Bu zaman işini möhkəmcə tutan idarə rəisi, icra aparatında çalışan yetkililərlə əvvəlcədən danışıqlar aparır ki, “çalışın məni yola verin. Mən də “xəcalətinizdən” çıxaram” deməklə, toruna saldığı “ovunu yeməklə” məşğul olur. Və həmin tədbirə səlahiyyət verdiyi şəxslərdən birini göndərir. Maraqlıdır ki, icra aparatında çalışan vəzifə sahibləri, onun nə kimi işlərlə məşğul olması haqda məlumatlara malik olsalar da, nədənsə Niyazi müəllimin “kritik” anlarında ona yardımçı olurlar. Çünki, qarşı tərəf bilir ki, “əl əli yuyar, əl də üzü yuyar” prinsipi artıq neçə illərdir ki, tərəflər arasında yaşadılmaqdadır.
Oynanılan oyunda kiminsə marağı təmin olunursa, hansısa vəzifə sahibi az-çox nəsə qazanırsa, onda sual oluna bilər ki, bəs rayon rəhbərliyinin bu yöndə aldadılması kimlərin marağına cavab verir? Belə olan halda məcburuq ki, bu gün Siyəzən rayonunda abadlıq-quruculuq işlərinə rəhbərlik edən, rayon sakinlərinin sosial-iqtisadi problemlərinin həllinə nail olmaq istəyən, hər kəsə qarşı əzmkarlıq nümayiş etdirən rayon rəhbərliyini aldadan və Niyazi müəllimlə bu yöndə “işbirliyinə” girən vəzifə sahibinin adını növbəti sayımızda açıqlayaq ki, qoy rəhbərlik həmin şəxslərin əməllərindən xəbər tuta bilsin.
Hələ bunlar azmış kimi, məlumatı təqdim edən mənbə onu da bildirir ki, Niyazi müəllim rəhbəri olduğu idarəni əməlli-başlıca inhisara da alıb. Yəni, o, idarədə aparıcı sahələrə qohum-əqrəbasını, yaxınlarını, hətta həyat yoldaşını da təyin etməklə, hər ay külli miqdarda dövlət vəsaitini mənimsəməyi də bacarır. İarəyə ayrılan yanacağın, ayrı-ayrı avadanlıqların və.s satışından əldə olunan gəlirlərdən, adı ştat cədvəlində olub özü iş üzü tanımayan “ölü canlar”ın varlığından və onların əmək haqlarının mənimsənilməsindən, görəsən cənab Əhməd Əhmədzadənin xəbəri varmı? Görəsən rəhbərlik ondan da xəbərdardırmı ki, strateji bir sahəyə müdir təyin olunan Niyazi müəllim, idarəyə təşrif buyuran xanım jurnalistləri çalışır ki, ilk öncə öz “süzgəcindən” keçirsin və hər birinə “eşqi-məhəbbət”ini də elan etsin.
Çox maraqlı və təəccüb doğuran haldır ki, Siyəzənin su təsərrüfatına rəhbərlik edən bir şəxsin bu qədər iyrənc əməllərə qol qoyması haqda lazımi məlumatlara malikik. Belə olan halda növbəti sual yarana bilər ki, qəbul olunmuş “Əxlaq kodeksi” qalsın bir yana, bəs ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının daima vurğuladığı, televiziya çıxışlarında birmənalı şəkildə tapşırdığı “məmurlar hərəkətləri ilə, davranışları ilə hər kəsə nümunə olmalıdırlar” deyə verdiyi tapşırıqlar, hansı səbəblər üzündən qulaqardına vurulur? Budurmu, cənab Əhməd müəllimin etibar etdiyi kadrın etibarlılığı. Bax bu anlar haqda düşünmək, götür-qoy etmək lazımdır ki, biz belə əməl sahibləri ilə hara gedirik və hara qədər də gedə biləcəyik.

Növbəti sayımızda Niyazi müəllimin xanım “jurnalist”lərlə telefon danışıqlarındakı çıxışlarının bizə bəlli olan məqamlarından, iş saatlarından sonra hansı ünvanlarda nə kimi işlərlə məşğul olmasından və.s bəhs edəcəyik. Elə bu səbəbdən də, diqqətiniz bizdə və bizim yazacaqlarımızda olsun ki, lazımi məlumatları əldə edə biləsiniz.