backend

Tərtər icra başçısının ifşa olunan hesabatı

Tərtər icra başçısının ifşa olunan hesabatı















Müstəqim Məmmədov kimi aldadır: özünü, yoxsa...

Rayon icra hakimiyyətləri başçılarının ənənəvi hesabatlarının yalan statistika üzərində qurulduğu heç kəsə sirr deyil. Bu dəfə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 2014-cü ilin doqquz ayında görülən işlərlə bağlı hesabatına diqqət yetirəcəyik. İlk öncə hesabatdan bir hissəni diqqətinizə çatdırırıq: "Respublika Prezidentinin Sərəncamı ilə 5000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 km olan Cəmilli-Dəmirçilər kəndarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır.
Uzunluğu 6 km olan 4 yaşayış məntəqəsini birləşdirən Qapanlı-Seysulan yolunun çınqıl örtüyü əsaslı təmir olunmuş, 3 km hissəsinə asfalt örtüyü salınmışdır.
Tərtər şəhərinin H.Əliyev prospektində 4 km, M.Əsədov küçəsində 0.8 km yola asfalt örtüyü salınmışdır.
Qaradağlı-Bayandurlu- Kəbirli-Xoruzlu kəndarası yolunda 10 km, Sarov- Borsunlu yolunda 10 km, Qaynaq- Qapanlı-Qazyan yolunda 15 km, Səhləbad- Əskipara yolunda 4 km, Azad Qaraqoyunlu-Qapanlı, İlxıçılar-Köçərli yolunda 8 km, İsmayılbəyli-Evoğlu yolunda 10 km məsafədə kəndarası yollarda cari təmir işləri aparılaraq çınqıl örtüyü salınmış, qreyderlə hamarlanmışdır. Sarıcalı, Zolgəran kəndləri ərazisində Tərtər çayı üzərində yeni körpünün tikintisi məqsədilə hazırlıq işləri aparılır.

Şəhərin mərkəzi meydanı yenidən qurulmuş, 8.2 min kvadratmetr sahədə yeni keyfiyyətli tamet daşları ilə üzlənmiş, yağış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətləri çəkilmiş, prospektdə və şəhərin digər məhəllələrində 3 km su xətləri yenilənmişdir". Uzun-uzadı və bəh-bəhli hesabatla sizi yormayacayıq. Amma Tərtər yollarının real durumuna nəzər
salmağa dəyər.

Reallıqda Tərtərdə kənd yolları yararsız vəziyyətdədir. Rayonun Qarağacı kəndinin sakinlərinin şikayətləri də bundandır. Kənd sakini Almurad Fərəcovun deməsinə görə, rayonun 3 kəndini birləşdirən yolun dağılması səbəbindən maşınlar tez-tez xarab olur: "Bu yollardan ikicə dəfə ötüb keçdinsə kifayət edir. Maşın mütləq təmirə getməlidir. Yollar çala-çuxurdur, yağış yağanda həmin çuxurlar su ilə dolur və çuxur görünməz olur. Maşın düşür dərin çuxura, mühərrik dağılır, təkərlər pis günə qalır və sair".
Başqa sakin Eltimad Müslümov: "Bu yollar maşınlarımıza da, özümüzə də qənim kəsilib".
Bir neçə yaşayış məntəqəsini birləşdirən yollarda daha çox əziyyət məktəblilərə düşür. Bu üzdən də kənd sakini Töhvə Süleymanova övladlarını məktəbə buraxmır: "Uşaq səhər evdən çıxır, 2 saatdan sonra üst-başı palçıqlı geri dönür. Geyimini yuyuram, qış vaxtı, həm də istilik olmadığından günlərlə qurutmaq mümkün deyil. Elə evdə otursalar yaxşıdır".
Tərtər rayonunun sosial iqtisadi durumunun real acınacaqlı durumu və icra başçısının Yevlax ənənələri əsasındakı maxinasiyaları ilə bağlı geniş reportajımızı yaxın günlərdə diqqətinizə çatdıracayıq.