backend

Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar

Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev cənabına

Şəki Rayon İcra Hakimiyyəti başçısı Elxan Usubov cənabına



XATIRLATMA
Möhtərəm cənablar,
Klassik Azərbaycan şeiri və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri olan Molla Cümənin kim olduğunu xatırlayırsınızmı? Xatırlamırsınızsa biz xatırlatmağı özümüzə borc bilirik: Molla Cümə həyatı, yaradıcılığı, poetik aləmi etibarilə olduqca maraqlı, ədəbiyyatımızda hələ də sirri açılmamış qalan "İsmi Pünhan"a həsr edilmiş bir-birindən gözəl şeirlər qoyub gedən bir şəxsiyyət olmuşdur. Şair zəngin ədəbi irs qoyub getmişdir. Onun irsinin öyrənilməsinə gec başlanmış, xalq yaddaşında yaşayan yüzlərlə şeiri itib-batmışdır. Molla Cümə irsini filologiya elmləri doktoru, professor Paşa Əfəndiyev araşdırmışdır. Professor altmışıncı illərdə bir neçə dəfə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının kəndlərinə getmiş, ayrı-ayrı şəxslərdən aşığın şeirlərindən ibarət əlyazmalar əldə etmişdir. O, qocalarla, aşıq sənətini sevən insanlarla görüşmüş, söhbət aparmış, onların dilindən çoxlu şeirlər, xatirələr yazmışdır. Bu axtarışlardan sonra, 1966-cı ildə Paşa Əfəndiyevin toplayıb-tərtib etdiyi birinci "Molla Cümə" şeirlər kitabi işıq üzü görmüş, 1983-cü ildə ikinci "Molla Cümə" - "Seçilmiş əsərlər" kitab nəşr olunmuşdur. Bu, professorun Molla Cümə irsinə verdiyi yüksək qiymətin bəhrəsi, folklor araşdırıcısı alimin şairin yaradıcılığına xüsusi diqqət idi desək, yəqin ki, səhv etmərik.
Molla Cümənin əsil adı Süleymandır. Cümə adını isə o şairliyə başladığı vaxt təxəllüs götürmüşdür. O, ilk təhsilini Aşağı Göynük kəndində, Hacı İbrahim Əfəndinin mədrəsəsində almış, az müddətdə ərəb, fars dillərini də öyrənmişdi. Şairlik istedadı, şeirə-yaradıcılığa həvəsi Molla Cüməni mədrəsədən erkən ayırmışdır. Azərbaycan klassiklərini, aşıq yaradıcılığını öyrənməsi Molla Cümənin gözəl bir sənətkar kimi yetişməsində böyük rol oynamışdır.
Molla Cümənin atası Saleh kişi əkinçiliklə məşğul olmuşdur. Şair də kiçik yaşlarından etibarən bütün yaşıdları kimi, təsərrüfat işlərində atasına kömək göstərmişdir. Təbiət vurğunu olan kiçik Cümə sinədən şeir qoşmağa başlamışdır. Təbii istedada malik olan uşaq dövrünün tanınmış sənətkarları səviyyəsinə yüksələ bilmişdir. Molla Cümə ömrünün sonuna qədər əkinçi olmuşdur. O, Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və qazandığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Qızı Reyhanın dediyi kimi, Molla Cümənin əlindən oraq və yaba ölüncə düşməmişdir.
Molla Cümənin ölümü də qaranlıqdır. O, öz əcəli ilə ölməmiş, "guya" onu səhvən güllə ilə vurmuşlar. "Nuxa fəhləsi" qəzeti Molla Cümənin ölümü haqqında belə bir qeyd vermişdir ki, 1920-ci ilin may ayının əvvəllərində XI Qızıl Ordunun hissələri Nuxadan Zaqatalaya gedərkən, bu yolun ətrafındakı kəndlərin varlıları orduya müqavimət göstərmək fikrinə düşürlər. Atışma zamanı bir çox yoxsul ordu ilə onlara qarşı çıxanların arasında qalır. Molla Cüməyə və digər yoxsul kəndlilərə güllə dəyir. Lakin güllənin "səhvən" və ya "qəsdən" olması bəlli olmamışdır. Belə ki, bölgələrdə Sovet hökumətinə, sovetləşməyə qarşı qalxan xalq üsyanlarını yatırmağa gedən qoşun hissələri "cəza dəstələri"nin içində son dövr tarixi materiallarından göründüyü kimi, çoxlu sayda erməni olmuşdur. Lazım gəldi-gəlmədi günahsız xalqa divan tutan bu dəstələr bir çox ziyalının, elm-maarif fədaisinin qanına bais olmuşdur. Fikrimizcə Molla Cümənin də ölümü bu qəbildəndir.
XI Qızıl Ordunun Azərbaycana vurduğu mənəvi zərər-Molla Cümənin guya ki "səhvən öldürülməsi" yeganə hal deyildi. Və onu da yaddan çıxarmaq olmaz ki, heç XI Qızıl Ordu da kiçik bir "ordu", kiçik bir qurum deyildi. Neçə-neçə Molla Cümələr, neçə-neçə dəyərli sənətkar və ziyalı bu ordunun, ordu strukturlarının əlilə məhv edilmiş, millətimin başı qapazlı qalmışdır.
Molla Cümənin əksər şeirləri "İsmi Pünhan" adına müraciət ilə başlanır. Çoxlu sayda şeirlər ona həsr olunmuşdur.

Sözümüz Sizədir:

Qısaca həyat tarixini xatırlatdığımız bu əbədiyaşar ustadın adı vətənindən çox bütün türk dünyasında böyük hörmət və ehtiramla yad edildiyi halda nədən böyük şairin məzarı baxımsızlıq ucbatından biabırçı bir vəziyyətə düşüb? Axı bu məzar bizim şanlı tariximizdir!
Nədən bu böyük şairin irsi yenidən geniş araşdırılıb təhqiq olunmur?
Nədən bu böyük sənətkarın anadan olmasının 160 illiyi nəinki, respublikamızda heç doğulduğu Şəkidə, göz açdığı kənddə belə anılmadı? Hardandır bizdə bu biganəlik, unutqanlıq? Müdriklərimizdən birinin belə bir kəlamı var: “Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar.”

Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar

Əgər keçmişinə güllə atsan, gələcək səni topa tutar