backend

Etibar Məmmədov Kəmaləddin Heydərovla biznesi haqda xəbərlərdən danışdı

Etibar Məmmədov Kəmaləddin Heydərovla biznesi haqda xəbərlərdən danışdı

“Mən bütün hakimiyyətlərin dövründə hamı ilə münasibətlərimi normal saxlamağa çalışmışam. Hesab edirəm ki, normal insani münasibətlərin saxlanılması başqa cür yozula bilməz. Hər zaman belə düşünmüşəm ki, Azərbaycan daxilində heç kəs bir-birinə düşmən kimi baxmamalıdır. Bizim düşmənimiz məlumdur”.

Bunu Demokrat.az-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov deyib. O, bildirib ki, o, müsahibəsində hakimiyyətin bir çox mövqeyləri ilə razı olmadığını qeyd edib: “Mənim kimi narazı olan başqa adamlar da var. Onlar fikirlərini azad şəkildə bildirməlidirlər. Mənim istəyim də odur ki, fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz. Əgər indi hakimiyyətdə olanlardan kim bunu edirsə, bu dövlətə ziyan vuran addımdır.

Ancaq bir daha deyirəm ki, bu gün hakimiyyətdə təmsil olunan adamlarla 30-40 illik münasibətlərim var. Əgər mən kiminləsə 30-40 ildir tanışamsa, o zaman bu gün ona üz çevirib getməli deyiləm”.

E. Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovla ortaq biznesinin olması haqda xəbərləri təkzib edib: “Bu yalandır. Mənim Kəmaləddin Heydərovla əlaqələrimin və ortaq biznesimin olması barədə xəbərlər isə cəfəngiyyatdır. Ancaq bu gün iqtidarda təmsil olunan yüksək vəzifəli adamlarla münasibətlərim var. Hesab edirəm ki, bu qəbahət deyil. Mənim hərəkat yoldaşlarımdan bu gün vəzifələrdə olanları da, hərəkatda olmayıb hakimiyyətdə olanları da var. Bu cür münasibətlərin olmasını qınamaq doğru deyil”.

AMİP lideri həmçinin həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasını arzuladığını da bildirib: “Çünki bu yaşda insanın həbsdə qalması heç də xoşagələn hal deyil. Digər tərəfdən isə Əli İnsanov həddindən artıq cəzasını çəkib. Tanınmış alimin, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir”.