backend

“Qarabağ problemini gələcək nəsillərə saxlamağa mənəvi haqqımız yoxdur” - Professor İlham Rəhimov

“Qarabağ problemini gələcək nəsillərə saxlamağa mənəvi haqqımız yoxdur” - Professor İlham Rəhimov

“Vətənin və millətin üçün nəsə edirsənsə, mütləq deyil ki, bunun üçün gedib, parlament kreslosunda oturasan”


Hüquq elmləri doktoru, professor İlham Rəhimov Moderator.az saytına müsahibə verib.Eurasia Diary olaraq, həmin müsahibəni oxucularımıza təqdim edirik:


- İlham müəllim, son dövrlər “strateji müttəfiqlik” ifadəsi siyasi leksikonumzuun vazkeçilməz elementinə çevrilib. Sizdən ilk sualıma bir azərbaycanlı kimi deyil, kənar müşahidəçi kimi cavab istəyirəm, Moskva üçün İrəvan, yoxsa Bakı vazkeçilməz müttəfiqdir?


- Sualınıza cavab verməzdən öncə bir məqama aydınlıq gətirmək istəyirəm. Son zamanlar hansısa media qurumuna müsahibə verməyim bəzi adamları qıcıqlandırır. Həm müəyyən vəzifədə olan bəzi şəxslər, həm də özünü müxalifət adlandıran ayrı-ayrı insanlar mənim açıqlamalarımdan narahat olurlar. Sanki elə bir vəziyyət yaranıb ki, müsahibə verməyi də inhisara almağa çalışırlar. Amma bəzən elə suallar qarşısında qalırıq ki, ona cavab verməmək mümkün deyil. Sizin sualınız da ümummilli məsələyə aid olduğundan cavablandırmamaq doğru anlaşılmaz. Eyni zamanda statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının istənilən məsələ ilə bağlı öz fikrini bildirmək hüququ var. Ona görə də elə sizin vasitənizlə həmin insanların diqqətinə çatdırmaq istəyirəm ki, müsahibə vermək, fikir söyləmək heç kimin monopoliyası deyil. Mən heç vaxt kiminsə diqtəsi ilə oturub durmamışam, hadisələrə öz fikrim, öz yanaşmam var.

Konkret sualınıza gəldikdə isə Rusiyanın rəsmi dairələri və prezidenti dəfələrlə bəyan ediblər ki, Azərbaycan bizim strateji müttəfiqimizdir. O cümlədən Rusiya tərəfindən Ermənistanla bağlı da anoloji müraciətlər və açıqlamalar edilib. Azərbaycan və Ermənistan rəhbərliyi də hər zaman Rusiya ilə strateji tərəfdaş olduqlarını məmnunluqla ifadə ediblər. Demək istədiyim odur ki, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq münasibətlərindədir və bu fakt rəsmi olaraq müxtəlif səviyyələrdə bəyan edilib. Etiraf edilməlidir ki, Ermənistanla Rusiyanı daha çox tellər bağlayır, İrəvan hərbi, iqtisadi, siyasi, hüquqi müstəvidə Moskvadan asılıdır. Amma Rusiyanın Azərbaycanla belə bağlılığı yoxdur. Yəni Ermənistanla müqayisədə Azərbaycan müstəqil, özünü subut etmiş dövlətdir. “Rusiya üçün hansı dövlət vazkeçilməzdir” sualına gəldikdə isə hesab edirəm ki, bu gün Moskva hər iki dövlətlə strateji əməkdaşlıqda maraqlıdır. Lakin Moskvanın Ermənistanla çoxsaylı tellərlə bağlı olmasına baxmayaraq, Azərbaycanla da yüksək səviyyədə olan əməkdaşlığı bizə olan münasibətin göstəricisidir.


- Azərbaycanda uşaqdan böyüyə hamıda belə bir əminlik var ki, Qarabağ münaqişəsinin açarı Moskvadadır. Siz cəmiyyətimizin bu qənaətini bölüşürsünüzmü?


- Münaqişənin ilk günündən çoxları deyirdi ki, açar Moskvanın əlindədir. Əslində bu fikirlərin hazırda da aktual olmasının obyektiv səbəbləri var. Həm Azərbaycan, həm də Ermənistan keçmiş SSRİ məkanında eyni bir dövlətin tərkibində idilər və o quruluşun çöküşündən sonra yaranan münaqişələr də, əslində miras olaraq Rusiyaya qalıb. Diqqətlə fikir verin, postsovet məkanında harda hansı problem yaranırsa, həmin problemin həllində birmənalı olaraq Rusiyanın iştirakı var. Hamı elə başa düşür ki, bu məkandakı bütün problemlərin həlli Rusiya ilə bağlıdır və onun iştirakı olmadan hansısa problemin birdəfəlik həlli mümkün deyil.

Mən də hər zaman açıq şəkildə bildirmişəm ki, Qarabağ münaqişəsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil. Təbii ki, dərhal ortaya sual çıxır: əgər belədirsə, Moskva problemin həllində özünün imkanlarından niyə istifadə etmir? Mənim fikrimcə, bu Rusiyanın problemi həll etmək istəmədiyi anlamına gəlmir, Rusiya həmin açardan çox ehtiyatla istifadə etmək yolu tutub və münaqişə tərəflərini qıcıqlandıracaq radikal qərarlar qəbul etməkdən çəkinir.

Digər tərəfdən, münaqişənin açarının Rusiyanın əlində olmasını təkcə biz demirik axı. Türkiyənin də rəsmi dairələri deyir ki, Moskva ilə dil tapmağa çalışın və məsələni Rusiya ilə həll edin. Avropa ölkələrinin də hamısı bu sayaq mövqelərini açıq və ya üstüörtülü şəkildə ifadə edirlər. ABŞ-a gəldikdə, Vaşinqton da məsələyə o qədər də qarışmır, çünki bilir ki, açar Rusiyanın əlindədir. Rusiyanın əslində istəyi ondan ibarətdir ki, onun regionda maraqlarına ziyan dəymədən Azərbaycanla Ermənistan özləri problem həll eləsinlər və münaqişənin həlli bütün tərfələr üçün məqbul olsun.


- Bəs beynəlxalq hüquq?

- Bizim dövlət başçımız da dəfələrlə haqlı olaraq bəyan edib ki, bu gün faktiki olaraq beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqda da bir-birinə zidd olan prinsiplər var. Amma bizim bir üstünlüyümüz var: dünyada mövcud olan bütün beynəlxalq prinsiplər Azərbaycanın haqlı olduğunu ortaya qoyur və ədalətli mövqreyimizlə üst-üstə düşür.

- O prinsiplərin dişsizliyini də geridə qoyduğumuz 30 ilə yaxın vaxt göstərdi...

- Hamı - beynəlxalq hüququn bütün subyektləri israrla deyir ki, münaqişə sülh yolu ilə həll olunsun. Sülh yolu isə o deməkdir ki, münaqişə tərəfləri öz aralarında razılığa gəlsinlər. Amma gəlin görək, tərəflər bu gün hansı mövqedə dayanıblar və bu minvalla razılığa gələcəklərini gözləmək olarmı? Bizim tələbimiz odur ki, Dağlıq Qarabağa müasir dünyada mövcud olan ən yüksək status verilməsinə razıyıq, amma bir şərtlə, yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Bu bizim ədalətə söykənən haqlı və prinsipial mövqeyimizdir. İndi gəlin görək, işğalçı tərəf nə istəyir? Onlar da deyir ki, Dağlıq Qarabağ müstəqil elan olunmalıdır, bu azmış kimi bizə Ermənistanla Qarabağı birləşdirəcək bir dəhliz də verilsin. Azərbaycan tərəfi isə bu varianta heç bir vaxt razı ola bilməz. Bu isə o deməkdir ki, münaqişənin həll olunması üçün Ermənistan özünün absurd iddialarından əl çəkməlidir.

- Hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiyanın neytral qalıb-qalmayacağı da cəmiyyətin beynini məşğul edən cavabsız suallardandır. Azərbaycan Qarabağda antiterror əməliyyatına başlasa, Rusiyanın neytrallığına nail olmaq mümkünsüz kimi görsənir.

- Rusiya ilə Ermənistan KTMT-nin üzvüdürlər. Lakin Dağlıq Qarabağ ərazisində bu müqavilənin hüquqi qüvvəsi keçərli deyil və bu müaqaviləyə istinad edərək Rusiya Ermənistana hər hansı hərbi yardım göstərə bilməz. Problemlə bağlı əsas məsələlərdən biri ondan ibarətdir ki, Rusiyanın da üzvü olduğu Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla Ermənistan münaqişənin sülh yolu ilə həll olunması üçün razılığa gəliblər. Lakin bu o demək deyil ki, Azərbaycan sonsuzluğa qədər gözləyə bilər. Münaqişə həll olunmayacağı təqdirdə Azərbaycan ərazi bütövlüyünü təmin etmək və orada olan qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək hüququnu özündə saxlayır.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı problem də Azərbaycan üçün "Qordi düyünü"nə çevrilib. Cəmiyyətdə belə bir sual hamının beynini məşğul edir ki, görəsən İlham Rəhimov Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun girovluqdan azad olunması üçün Moskvadakı bəlli dairələrlə danışqlar aparıbmı, nəyəsə ümid etməyə dəyərmi?

- Bilirsiniz, Dilqəm Əsgərovun oğlu da bu yaxınlarda mənə bu barədə müraciət edib. Doğrudan da, Dilqəm Rusiya vətəndaşı olduğuna görə bu məsələni qaldırmaq olar və mən bu məsələ ilə ciddi şəkildə məşğul olacağıma söz verirəm. Bu problem çox qəlizdir, eyni zamanda mümkünsüz də deyil.