backend

“ƏLİ NAĞIYEV ŞÜKR ETSİN Kİ, ONU HƏBSƏ ATMADILAR…” – “Heydər Əliyevə bağlılığı ilə nümunə idi”

“ƏLİ NAĞIYEV ŞÜKR ETSİN Kİ, ONU HƏBSƏ ATMADILAR…” – “Heydər Əliyevə bağlılığı ilə nümunə idi”

Gündəmin əsas mövzularından biri 14 illik həbsdən sonra Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış Əli İnsanovdur. Sabiq nazirin dünəni, bu günü və gələcək planları qızğın müzakirə mövzusudur. Xüsusən də sabiq YAP-çıların, hakim partiyadan küskün olanların açıqlamaları maraqla izlənilir.

“AzPolitika” bu marağı nəzərə alaraq, YAP-ın qurucularından biri, sabiq deputat Eldar Sabiroğluna bir neçə sual ünvanlayıb:

- Eldar müəllim, Əli İnsanovla bağlı hamı danışır, amma siz susursunuz… Buna hansısa ciddi bir səbəb varmı?

– Sizə qədər bu haqda xeyli insanın sualları ilə qarşılaşmışam. Əli müəllimi alovlu Heydər Əliyevçi tanımışam. Vəzifədə ola-ola bu mövqeni seçmək asan məsələ deyildi. Halbuki, həbs edilərkən üzünə duran vəzifəli şəxslər içərisində zamanında tamam başqa istiqamətdə olub və sonradan yüksək vəzifələrə irəli çəkilənlər azlıq təşkil etməmişdi. Onu indiki hakimiyyətlə düşmən vəziyyətinə gətirib çıxaranlar oldu. İndi köhnə palan içini eşələmək niyyətim yoxdur. Təkzə Əli İnsanov yox, çoxları bu cür araqarışdıran, vəzifədən bu gün də ikiəlli yapışan iprənmiş qocaların güdazına getmişdir. Danışıb əlavə problemləri yaşamaq həvəsim yoxdur…

Həsən Əliyev rəhmətə gedərkən cənazəsi Elmlər Akademiyasının dairəvi salonunda qoyulmuşdu. Vida mərasimində yüz nəfər belə yox idi. Əli İnsanovla Əli Nağıyevi ilk dəfə orada gördüm. Ancaq indi qılıncının dalı da, qabağı da kəsən bəzilərinin biri də gözə dəymədi.

- YAP-ın sabiq sədr müavini Əli Nağıyev Əli İnsanovla bağlı maraqlı açıqlamalar verib. Onun dediklərinə münasibətinizi bilmək maraqlı olardı…

– Əli Nağıyevlə uzun müddət bir yerdə işləmişik. Onunla aramızda vaxtı ilə gərginlik yaradanlar oldu. Lakin YAP-ın formalaşmasında və inkişaf etdirilməsində onun çəkdiyi ağır zəhməti unutmaq olmaz. O, məslək, ideya sahibi idi. Heydər Əliyevə bağlılğı ilə çoxlarına nümunə idi. Sonu nə oldu? Əli müəllim Allahına şükür eləsin ki, hələ həbsə atmadılar. Qaldı ki hər iki sabiq nazir haqda münasibət bildirməyimə, buna müdaxilə etməyi yanlışlıq sayıram.

- Siz özünüz necə, Əli İnsanovla görüşəcəksinizmi?

– Sualın qoyuluşu qəribə səslənir. Əgər azad və demokratik ölkədə yaşadığımız dövlət səviyyəsində bəyan edilirsə, adamların görüşməsi niyə qıcıqla qarşılanmalıdır? Əli İnsanovu xalqın düşməni kimi tanıtdırmaq cəhdi varsa və bu “düşmənlə” kim görüşürsə o da düşmən hesab olunursa, bu başqa məsələ… Gəlib haralara çıxdıq, ya Rəbbim!

- Keçmiş səhiyyə nazirinin ətrafına əsasən Qərbi Azərbaycan kökənli insanların toplaşdığı deyilir…

– Burada yeni bir şey görmürəm. Ənənəvi üslubdur. Başqa nə deyə bilərəm…