backend

Xədicə İsmayılın evində axtarış aparıldı

Xədicə İsmayılın evində axtarış aparıldı




















Bakı Şəhər Prokurorluğunun 15-dək əməkdaşı axtarış aparmaq üçün bu gün "Azadlıq" radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılın evinə gedib.

"Azadlıq" radiosunun məlumatına görə, Xədicə İsmayılın ailə üzvləri, hələlik, axtarışa icazə vermirlər: "Bir mikroavtobus, bir də minik avtomobilində gəliblər. Ailə üzvləri prokurorluq əməkdaşlarını içəri buraxmır, vəkilləri çağırıblar. İstəyirlər ki, axtarış onların iştirakı ilə olsun. Gələnlər hələlik avtomobillərində oturub gözləyirlər".
Vəkillər Xalid Bağırov və Elton Quliyev gələndən sonra Xədicə İsmayılın evində axtarış başlayıb.
Hal şahidlərinin seçilməsi məsələsində prokurorluq əməkdaşları ilə Xədicə İsmayılın yaxınları arasında mübahisə yaşanıb. X.İsmayılın yaxınları iddia edir ki, vəkillər gələnədək prokurorluq əməkdaşlıqları hal şahidlərini seçmişdilər, onların bildirdiklərinə görə, şahidlər qonşulardandır.
Xədicə İsmayılın yaxınları isə həmin şəxslərin prokurorluğun öz adamları olduğunu iddia edib. Buna baxmayaraq jurnalistin anasından başqa hal şahidi kimi Xədicə İsmayılın yaxınlarına axtarışda iştiraka icazə verilməyib.
Xədicə İsmayılın evindəki axtarış bir neçə saat çəkib. Ailə üzvlərinin məlumatına görə, prokurorluq əməkdaşları özləri ilə içərisində film olan 50-dək DVD disk, bir modem aparatı götürüblər.
Xatırladırıq ki, X.İsmayıl “Azadlıq” radiosunun və “Meydan TV”-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib. Səbayel Rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində dünən 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
X.İsmayıl Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir. Bu ittiham yekunda məhkəmənin qərarı ilə də hökmə çevrilsə, Xədicə İsmayıl ən azı 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Bu arada Baş Prokurorluq da Xədicə İsmayılın həbsi ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, “Azadlıq" radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 2014-cü il, 20 oktyabr tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə “Azadlıq" radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevralında “Azadlıq”a bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb. Qısqanclıq zəminində münasibətləri pozulduğundan X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabrında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu “Meydan TV” teleradio şirkətinə yüksək ödənişli əməkhaqqı ilə müxbir vəzifəsinə işə düzəltdirib. Lakin T.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə, X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin martında teleradio şirkətindəki işindən çıxarılıb.
İstintaqla həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.

Araşdırmalar zamanı X.İsmayılovanın T.Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.