backend

Ziya Məmmədov dönəmi bitir?

Ziya Məmmədov dönəmi bitir?


















Dövlətin nəqliyyat nazirindən haqq-hesab tələb edəcəyi gün də uzaqda deyil

Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin azaldılması ilə nəticələnən son addımlardan sonra ölkənin nəqliyyat sektoru demək olar ki, bütövlükdə mətbuatın maraq dairəsindədir.Bu sahədə baş slıb gedən korrupsiyanın sərhədlərini təbii ki, müəyyənləşdirmək mümkünsüzdür. Çünki, qanunsuz əməllər çoxşaxəli və zəncirvari xarakter daşıyır. Axtarsan, bu əməlləri qanuni çərçivəyə sığışdıran sənədlər də tapa bilərsən. Lakin hər bir halda irimiqyaslı yeyintiləri büdcə nəzarəti orqanlarının gözündən yayındırmaq çətin məsələduir. Bu mənada nəqliyyat nazirinin rəhbərlik etdiyi mühüm sahəni korrupsiya bataqlığına çevirməsi nəzərdən yayına bilməzdi. Bu məqsədlə oliqarxlaşmış Ziya Məmmədova qarşı gələcəyə hesablanmış addımlar atıldı. Bu addımlar ölkədə dövlət əhəmiyyətli yolların tikintisinin faktiki olaraq nəqliyyat nazirinin inhisarından çıxarılması ilə səciyyələnir. Digər tərəfdən, növbəti büdcə ili üçün nazirliyə ayrılan maliyyə vəsaitlərinin xərclənməsi birbaşa Nazirlər Kabinetinin nəzarətinə verilir. Görülən tədbirlər Ziya Məmmədovun səlahiyyətlərinin azaldılması məsələsində bəlkə də ən ciddi təsiredici vasitə olacaq. Maraqlıdır, bəs necə oldu ki, nəqliyyat naziri ölkə rəhbərliyi qarşısında etimadı itirdi? Bu sualın cavabını tapmaq üçün təkcə sinəsi cadar-cadar olmuş keyfiyyətsiz yolların, körpü və tunellərin acınacaqlı durumunu seyr etmək lazım gəlmir. Son onillikdə yol tikintisi və istismarına ayrılmış milyardların xeyli hissəsinin saxta firmalar vasitəsilə ayrı-ayrı ciblərə transfer edilməsi nəticə etibarı ilə nəqliyyat nazirini oliqarxlaşdırdı. Nəqliyyat Nazirliyinin özünü də şəxsi obyektinə çevirmiş nazir Ziya Məmmədovun nəqliyyata, ən çox da ictimai nəqliyyata xeyrindən çox ziyanı dəymirmi?. Başa düşürük, Ziya müəllim elə-belə adam deyil, oliqarxdı, həm də nazirdi. Amma, bildiyimizə görə, cənab Z.Məmmədov oliqarx təyin olunmayıb. Ona mühüm nazir postu tapşırılıb. Nazir işləyə-işləyə oliqarxlaşıbsa, deməli dövlətin ondan haqq-hesab tələb edəcəyi gün də uzaqda deyil.
"London taksiləri" ilə bağlı ciddi korrupsiya hallarını xatırlayın. Yadınızdadırsa, bu məsələ bütün ölkədə ciddi müzakirə obyektinə çevrilmişdi. Aparılan araşdırmalar göstərdi ki, Ziya Məmmədovun əli ilə ölkəyə gətirilən iri və kiçik tutumlu avtobuslara sərf olunan vəsaitlər hədsiz dərəcədə şişirdilib. Bu zaman gömrük və vergi xərclərindən yayınmaqla dövlətə milyonlarla manat zərər dəyib. Məlumdur ki, artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.İnnən belə qurum Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili, bu sahədə müasir nəqliyyat vasitələri ilə təchizat, habelə texniki və ekoloji baxımdan təhlükəsizliyin təminatı ilə məşğul olacaq. Maraqlıdır ki, paytaxtın sərnişindaşıma xidmətinin yeni qaydalarla fəaliyyət göstərməsi ilk növbədə nəqliyyat naziri Ziya Məmmədovu pis vəziyyətdə qoyub. Məlum olub ki, ölkəyə iritutumlu sərnişin avtobuslarının və taksilərin gətirilməsi zamanı ciddi maxinasiyalara yol verilib. Ziya Məmmədovun çevrəsinə aid şəxslərin adlarına təsis edilmiş şirkətlər vasitəsilə milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi üzə çıxıb. Bu proses zamanı ciddi qanun pozuntularına, gömrük nəzarətindən və vergidən yayınma hallarına da yol verilib.
Daha bir korrupsiya ölkədə fəaliyyət göstərən avtovağzallar şəbəkəsinin idarə edilməsi prosesində üzə çıxıb. Belə ki, uzun illər özəl avtovağzallar qanunsuz fəaliyyət göstərib. Bu faktı vaxtilə Nəqliyyat Nazirliyinin rəsmiləri də etiraf etmək məcburiyyətində qalmışdı. Lakin məsələni özləri üçün sərfəli məcraya daşımağa çalışmışdılar. Xatırlayırsınızsa, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişaf proqramının yekunlarına həsr olunan müşavirədə nəqliyyat naziri Ziya Məmmədov hesabat xarakterli çıxışında ölkənin yol-nəqliyyat kompleksi üzrə layihələrin həyata keçirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunduğunu söyləmişdi. Nazir həmçinin bldirmişdi ki, "Bərdə, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Qax, Quba, Yevlax, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar, Ucar və Tovuz avtovağzalları yenidən qurulub. Daşkəsən, Horadiz və Gəncədə isə yeni avtovağzalların tikintisi aparılır". Burda qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirilməsinə ciddi ehtiyac var. Belə ki, cənab nazir hesabatında ölkənin 11 rayonunda tikintisi gerçəkləşdirilmiş avtovağzalların hansı quruma məxsus olduğunu dəqiqləşdirməmişdi. Bu baxımdan belə qənaətə gəlmək olardı ki, nəqliyyat naziri sözügedən rayonlardakı avtovağzalların tikintisinin büdcə vəsaitləri hesabına gerçəkləşdiriklməsini dolayısı ilə təsdiqləmiş olub. Əgər həqiətdirsə, onda rayonlardakı avtovağzalların ayrı-ayrı şəxslərin nəzarətində olmasının səbəblərinin əlavə izaha ehtiyacı varıydı. Yəni necə oldu ki, bu avtovağzallar bir göz qırpımında özəl oldu? Düzdür, bir müddət sonra Nəqliyyat Nazirliyinin rəsmiləri bu biznes strukturlarının pasportlaşdırılması və lisenziyalaşdırılması barədə fikir söyləməyə, hətta müvafiq yoxlamalar aparılacağı ilə hədələməyə başladılar. Çox gözəl. İndi buyurub desinlər görək rayonlardakı bu özəl avtovağzalların bir neçə illik fəaliyyətinin indoiyə kimi lisenziyalaşdırılmaması hansı mətləblərdən irəli gəlib? Kimdi axı bu avtovağzalları öz "kurasiyasında fırladan"? Qonşumuz Həsənqulu kişi, yoxsa, nəqliyyat naziri Ziya Məmmədovun qardaşlarından biri? Deməli avtovazalların sahiblərinin xalqa "tanıdılması" gecikmiş kampaniyadır. Hamı hər şeyi görür...

Şükür İsayev