backend

DBX havaların antivirus rolunu etiraf edir

DBX havaların antivirus rolunu etiraf edir



















Bəzi fermerlər virusdan ölmüş heyvanların statistikasında saxtakarlıqların olduğunu düşünür

Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə xanım Rüstəmovanın ölkədə heyvanlar arasında virus xəstəliyinə yoluxmanın ümumi mənzərəsi ilə bağlı informasiya bloklarına ötürdüyü xəbərlər yaratdığı təəssüratla adamı çaş-baş salır. Bu isə deyəsən heç də qarşıya qoyulan hədəfin xeyrinə işləməyib. Avqust ayından bəri baş veterinar hamını inandırmağa çalışır ki, Bunyavirus xəstəliklərinə aid edilən şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalmaqda davam edir. Baş baytarımız Siyalə xanım Bunyavirus xəstəliyinin yoluxucu olmaması barədə fikir söyləyərkən heyvanların bu xəstəliyə yoluxması faktını etiraf edərək əslində özünün açıqlamalarını dolayısı ilə yalanlayır. Bu məsələyə fermerlərin öz münasibəti olduğunu Siyalə xanımın nəzərinə çatdırmağı sadəcə lazım bilirik.
Rəsmi məlumata görə xəstəlik başlayandan oktyabrın ortalarınadək yüzlərlə heyvan tələf olub, iribuynuzlu heyvanlarda balasalma qeydə alınıb. Yoluxmalar DBX sözçülərinin israr etdiyi kimi günbəgün azalırsa bu hesabla yaxın bir-iki həftəyə bu ölkədə bunyavirus xəstəliyinə tutlmuş heyvan qalmayacaq. Balasalma hadisəsi baş vermiş təsərrüfatlarda baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsi və ərazi dezinfeksiya aparılması barədə xəbərlərə də özümüzü inandırmağa çalışırıq. Lakin qeyri-rəsmi rəqəmlər virusun hələ də daha təhlükəli həddə olduğunu düşünməyə adamı vadar edir. Fermerlərin narazılığına səbəb olan da eləb udur. Bəzi maldarlıq təsərrüfatlarının rəhbərləri xəstəlikdən ölmüş heyvanlarının statistikasında saxtakarlıq hallarını qəbul etməyərək bunun hansısa maliyyə fırıldaqlarına bağlı olduğunu düşünürlər. Məlumdur ki, ölkənin veterinar xidmətinə bu ilin yayında virus xəstəliklərinə yoluxmaların aradan qaldırılmasına görə dövlət büdcəsindən milyonlar ayrılıb. Dövlət Baytarlıq Xidmətində hələ ötən ildən söyləyirdilər ki, bu məbləğə xeyli işlər görülüb, xəstə heyvanlar müalicə edilib, hətta sağlam heyvanları da çimizdiriblər. Çox gözəl. Bəs fermerləri narazı salan amillərin aradan qaldırılması barədə düşünən varmı? Aydındır ki, heç bir dövlətin büdcəsində havalara ayırmalar nəzərdə tutulmayıb. Yaxşı ki, "havaların sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin zəifləməsinə gətirib çıxarıb". Bu açıqlama da DBX təmsilçilərinə aiddir. Sağ olsunlar, heç olmasa özlərində iradə tapıb havaların antivirus rolunu etiraf etdilər. Yaxşı ki, heç bir dövlətin büdcəsində havalara ayırmalar nəzərdə tutulmayıb. Yoxsa...

Mübariz Haşımov