backend

Cəlilabadda əsrarəngiz mal-qara oğurluğu

Cəlilabadda əsrarəngiz mal-qara oğurluğu

















Günəşli kəndinin sakinləri polisə şikayətə gedirlər, Kərəm Həsənovun icra nümayəndəsi olan qohumu isə onları hədələyir, şikayətlərini geri götürməyə məcbur edir

"Kənddə mal-qarası olan adamların çoxu it də saxlayır. Maraqlıdır ki, hədəf kimi seçilən evlərin çoxunda itlər bir-iki gün əvvəldən müəmmalı şəkildə ölür”

Cəlilabad rayonunda mal-qara oğurluğu tüğyan edir. Son bir neçə ay ərzində rayonda onlarla belə hadisə olub, lakin bu faktların heç birinin üstü açılmayıb. Səbəb mal-qara oğrularının yerli icra və hüquq-mühafizə orqanları əməkdaşları ilə əlbir olmasıdır.
Bu iddia ilə rayonun Günəşli kəndindən olan bir qrup sakin çıxış edib. Onlar "Yeni Müsavat” qəzetinin redaksiyasına müraciətlərində sensasiya doğura biləcək məqamları açıqlayıblar.
Şikayətçilərin dediklərindən belə məlum olur ki, təkcə Günəşli kəndində son bir ay yarım ərzində 4 böyük oğurluq hadisəsi baş verib.
"Noyabrın 20-dən bəri Günəşli kəndində demək olar ki, hər 5-6 gündən bir oğurluq olur. Öncə Rəfael Mehdiyev adlı kənd sakininin həyətindən 10 baş qoyun aparıldı. Ardınca Abdusalam Hacıyevin 7 baş qoyunu oğurlandı. Bundan bir gün sonra Abdusalam kişinin qapıbir qonşusu olan Mehman Babaşov adlı kəndlinin 5 baş qoyunu oğurlandı. Daha sonra isə Samiq Əliyev adlı kənd sakininin 8 baş qoyununu oğurladılar. Mal-qarası aparılan kəndlilər bu haqda Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarına dərhal xəbər versələr də heç bir tədbir görülmür. Bu oğurluq faktlarının hələ heç birinin üstü açılmayıb. Ən dəhşətlisi də budur ki, nəyəsə, kiməsə arxayın olan mal-qara oğruları cəzasız qaldıqca getdikcə azğınlaşırlar. Onlar nəinki sakitləşmək fikrində deyillər, hətta yeni-yeni planlar qururlar. Məsələn, Mehman Babaşovun 5 baş qoyunu oğurlanandan bir gün sonra oğrular yenidən onun həyətinə gələrək bu dəfə də camışını aparmağa çalışıblar. Amma qonşulardan kimsə duyuq düşərək hay-küy salıb deyə oğrular heyvanı buraxaraq qaçıblar. İndi kənd sakinləri səksəkə içindədir. Mal-qarası olan kəndlilər gecələr yatmır” - deyə Cəlilabad sakinləri bildirir.
Çarəsiz qalan kəndlilərin sözlərinə görə, bütün oğurluq hadisələri eyni dəsti-xətt üzrə törədilir: "Kənddə mal-qarası olan adamların çoxu it də saxlayır. Maraqlıdır ki, hədəf kimi seçilən evlərin çoxunda itlər bir-iki gün əvvəldən müəmmalı şəkildə ölür. Məsələn, Rəfael Mehdiyevin, Mehman Babaşovun iti oğurluqdan bir gün öncə zəncirdə ölmüşdü. Bundan başqa, oğurluq edilmiş evlərin həndəvərində eyni markadan olan maşına məxsus təkər izləri aydın sezilir. Nəhayət, bütün oğurluq hadisələrinin baş verdiyi həyətlərdə yerdən yapışqanlı lent (”skoç") qırıqları tapılır. Bu da oğruların heyvanlar mələyib səs salmasın deyə onların ağzını "skoç”la bağladığını göstərir. Bütün oğurluqlar bu üsulla törədilib. Sadalanan bu faktların hamısı bu cinayətlərin eyni bir mütəşəkkil dəstə tərəfindən törədildiyini deməyə əsas verir".
Zərərçəkən kəndlilərin sözlərinə görə, onların Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ), rayon prokurorluğuna və kənd icra nümayəndəliyinə ünvanlanan müraciətləri cavabsız və nəticəsiz qalıb.
R.Mehdiyev Cəlilabadda üzləşdiyi süründürməçilikdən bezdiyi üçün hətta Daxili İşlər Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Baş Prokurorluğa da müraciət edib.
Abdusalam Hacıyevə Cəlilabad Rayon Prokurorluğunda verilən cavab da maraqlıdır. Prokuror yaşlı kəndlinin üstünə qışqıraraq "Mən nə etməliyəm? Bəlkə gəlib sənin tövlənin qarovulunu çəkməliyəm?!” deyib.
Kəndlilərin Cəlilabad RPŞ-yə çoxsaylı müraciətləri də sanki quyuya düşür.

Bəs rayon hüquq-mühafizə orqanlarının məsələyə belə biganə münasibətinin səbəbi nədir? Oğruları tapmaqda hüquq-mühafizə orqanlarına nə mane olur?

Şikayətçilər iddia edir ki, bunun ciddi səbəbləri var: "Məsələ ondadır ki, polislər Günəşli kənd icra nümayəndəsinin qəzəbinə gəlməkdən qorxurlar. Axı kəndin icra nümayəndəsi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adamı, daha doğrusu, doğma əmisi oğlu İlqar Həsənovdur. Hamıdan özünə ”müəllim" deyə müraciət etməyi tələb edən natamam orta təhsilli İlqar Həsənov bütün qüvvəsi ilə ona çalışır ki, mal-qarası oğurlanan kəndlilər bu şikayət ərizələrini geri götürsünlər. Bunun səbəbini bilən yoxdur. Görünür, İlqar "müəllim” rayonun adının "dilə-dişə düşməsini” istəmir. Elə buna görədir ki, Abdusalam Hacıyevin Cəlilabad polisinə şikayətə getdiyini eşidən kimi özünü dərhal rayon polis şöbəsinə çatdıran İlqar Həsənov hamının gözü önündə onun üstünə qışqıraraq "bura niyə gəlmisən, sənə kim icazə verib şikayət edəsən, tez ol, çıx get burdan, qoyundur də, itib-itib...” deyə kəndlini hədələyib. Polis bəlkə elə buna görə kəndlilərin şikayətlərinə həvəssiz yanaşır".
"Mal bir yerə gedər, iman min yerə” deyimini xatırladan kəndlilər sonda onu da deyir ki, Günəşli kəndinin sakinləri cəzasız qalan belə kütləvi oğurluq halları ilə İranla sərhədlər yenicə açılanda - 1990-1995-ci illərdə də rastlaşıblar: "Onda da rayonda mal-qara oğurluğu tüğyan edirdi. Oğurlanan heyvanlar sərhəddən keçirilərək İrana satlığa aparılırdı. Amma o vaxt heç olmasa yenə bir-iki faktın üstü açılmış, hətta həbs edilənlər də olmuşdu. Məsələn, Kərəm Həsənovun digər əmisinin oğlu İman Həsənov o vaxt kənddən inək-camış oğurladığı üçün həbs edilmiş, 3 il həbs cəzası da çəkmişdi. İndi isə Yasamal Rayon Qaz İstismarı İdarəsinin rəisidir...”
Redaksiya yazıda adları çəkilən şəxslərin, həmçinin dövlət qurumlarının mövqeyini dərc etməyə hazır olduğunu bildirir.