backend

Bakı meriyasının informasiya problem

Bakı meriyasının informasiya problem
















Paytaxtın rəsmi saytını kim tıklayır, görür ki, saytın özü də "qatıqlayır"...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun tramvaylara və trolleybuslara bir neçə il bundan əqdəm elan elədiyi müharibənin "tilzit" sülhü imzalanmadı. Çünki, məğlub durumda olan qarşı tərəfin düşərgəsində qeyd-şərtsiz təslim aktını "imzalayası" tramvay qalmamışdı. Merimiz bunların vayına elə oturub ki, səsi hələ də çıxmır. Dəmir-dümürə çevrilmiş bu nəqliyyat növünün metal sinəsi sanki acığından əriyib armatura çevrildi. İndi yəqin merimizin hansısa bir tikinti obyektində öz ulu babasının ruhuna ağı deyir...Buna baxmayaraq Hacıbala müəllimi heyvanlar aləminə verdiyi töhfələrinə görə təqdir etməliyik sizli-bizli. Belə abidələr canlı olmasa da, kifayət qədər cantaraqdı. Elə bilməyin ki, Hacıbala müəllimin Bakısında göz oxşayan təravətli mənzərələr üzdən iraqdı. Ərz eləyim ki, belə mərəz bizlərin xarakterində yer almır. Baxmayaraq ki, şəhərin mərkəzində sotu on minlərlə manata "xod" gedən yer az deyil. Bizim maraq dairəmiz məsələn, merin 008 seriyalı maşınlarının sayını tapmacaya çevirmək qədər məhdud çərçivədədir. Düzdü, hərdən bu çərçivəyə forma və məzmundan asılı olmayaraq bəzi səssiz etirazlar sığmır. Lakin yeri gələndə pıçıltılı da olsa bu kəm-kəsirləri karəvəngi qulaqlara üfürnəyi bacarırıq. Düzdü, buna məhəl qoyan da yoxdu. Amma sözü deyib çinədanı boşaltmağın özü də bir hürriyyət təzahürüdü, hürrün canı. Mən var-dövlətdə əli "hürmüş" səlahiyyətli bəyzadələrin indulgensiyasına möhtac mədəniyyətimizn hər hansı formada içinə oturuşları qəbul etmirəm. Sözümü deyirəm dana, hürriyyət deyil? Bunun heç kəsə istisi-soyuğu da yoxdu. Çünki, Bakı kimi böyük bir şəhərin informasiya problemi var. Baxmayaraq ki, bir cüt "Bakı"-"Baku" qəzeti var. Nə var, ay canlı "tovar", bəlkə yalan deyirəm? Sözümün qarşılığında Bakı şəhər meriyasının qəşşəng bir saytı var deyib qəşş eləməyə tələsmə, qardaş. Kim ki bu saytı tıklayır, görür ki, saytın özü "qatıqlayır". Sən də o qədər gülürsən ki, qarnın yorulur gülməkdən.
Bakı şəhər İcra Hakimiyyətinin rəsmi dediyiniz baku-ih.gov.az saytının paytaxtda fəaliyyət göstərən ali məktəblər bölməsində zəruri məlumatların əksəriyyəti ya köhnəlib, ya da naftalin qoxusu verir. Ölkənin ali məktəblərinə aid olduğu deyilən məntiqsiz saytları saf-çürük eləyib bu məntiqi tapmışıq.İndi isə, buyurun, bilgisayarınızı şəbəkəyə qoşub arxasında əyləşin. Başlayın bu saytları bir-bir tıklamağa. Elə ki, Azərbaycan Dövlət Neft Akademiyasının www.adna.baku.az saytı açılmadı, Azərbaycan Tibb Universitetinin www.azmeduni.com saytını tiklayın. Görəcəksiniz ki, saytda ola bilsin merin də cox gözəl anlaya bildiyi çin dilində hansısa provayderdən bəhs edilir. Azərbaycan Texniki Universitetinin adına çıxılan www.aztu.org saytı da deyəsən ingiliscə həblərdən yazır. Bu həblərin adamın məzhəbini dəyişmə üstünlükləri varmı. pul-para müqabilində? Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus olduğu bildirilən www.aseu.ab.az saytı isə ümumiyyətlə açılmır. Lakin Bakı Slavyan Universitetinin www.bsu-az.org saytı urusca paltar satışı biznesinin internet variantları barədə şikəstə ideyalarla zığ verir. Neynək, a dərdin aldığım... Bakı Musiqi Akademiyasının musakademiya.musigi-dunya.az (nə uzun adı var,ə) saytı isə "construcsion"dadır. Əgər chek bask soon! (yəni çox baxson) heç bir şey anlamayacaqsan. Bu hələ harasıdı? Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına aid olduğu göstərilən www.dia.iatp.az saytı da bəzi digər saytlar kimi açılmaq bilmir. Ən maraqlı məqamlarla isə Azərbaycan Dövlət Dəniz Akademiyasının adına yazılan www.caspianagma.com saytını tıkladıqda rastlaşdıq. Rus dilli bu ukrayna saytında ayaqqabıdan tutmuş qaz vurub qazan doldurmağın üsullarınacan hər cür informasiya tapa bilərsən. Bir yazıda hətta əzələ şişirdilməsində istifadə olunan peptidlərdən ağız dolusu bəhs edilir. "Qərb" Universitetinin www.wu.aznet.org saytı da kifayət qədər maraqlı və əndrabadidir. Burda mebeldən başlayıb ingilis dili kurslarına kimi pulsuz tariflə düşüncə trayektoriyası cıza bilərsən. Maşallah deyimmi, Hacıbala müəllim? Biz İçəri Şəhərdə bacanağımıza ev tikdirmirik e...Biz rəsmi dövlət saytından düzgün informasiya tələb edirik.
Və nəhayət, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında yer alan ali təhsil müəssisələrinin sırasında lisenziyası geri alınmış Azərbaycan Beynəlxalq Universiteti və Ali İctimai Siyasi Kollecin. hətta 2006-cı ildən ləğv edilmiş Müstəqil Azərbaycan Universiteti də yer aldığını görə bilərsiniz. Bu da 3 milyon yarım əhalisi olan meqapolisimizin ortaya qoyduğu rəsmi məlumatlar. İndi durub necə deyəsən ki, ay Hacıbala müəllim "Bakı"-"Baku" qəzetlərini niyə maliyyələşdirmirsən?

Mahir Müsənnif