backend

Ədliyyə Nazirliyi tükünü tərpətmir... - Sakin Ağayev intihar etməlidir?

Azərbaycanda sanki bir medalın iki var: bu yanda ordusu zəfər çalmış, işğala son qoymuş, Şuşanı azad etmiş Azərbaycan, o yanda isə məmur tapdağı, məmur özbaşınalığı altında inildəyən Azərbaycan...

Bu təzadlı mənzərə qətiyyən bizə yaraşmır və olduqca utanverici mənzərədir. Vətəndaşların bir tərəfdən rəyi fərəhlənir, Şuşada keçirilən “Xarı bülbül” festivalına baxanda sevincdən göz yaşlarına qərq olur, digər tərəfdən isə onun hüquqlarını pozan, ayaqlar altına alan, qüruruna toxunan, onu adam yerinə qoyub saymayan dövlət məmurlarının qanunsuz hərəkətlərinə, etinasızlığına, laqeydliyinə baxıb qəhər boğur.

Rubrika.Az xəbər verir ki, onlardan biri vətəndaş Sakin Ağayevdir. Onun üzləşdiyi fırıldaqçılıq, ailəsinə və özünə qarşı saxta sənəd əsasında çıxaılan məhkəmə qətnamələri, Ədliyyə Nazirliyinin əsassız yerə barəsində cinayət işi açması haqda dəfələrlə yazmışıq, müraciətlərini yaymışıq.

Bu ötən müddət ərzində S.Ağayevin üz tutmadığı ünvan qalmadı, məktub yollamadığı orqan qalmadı, Prezidentə və I Vitse-Prezidentə, mötəbər orqanlara çoxsaylı müraciətlər etdi, amma bir saxtakar Fikrət İbrahimov hər şeydən üstün oldu, dövlət və qanunlar ondan aşağıda tutuldu.

S.Ağayev onun tərəfindən aldadılması, pulunun mənmsənilməsi, özüün borclu çıxarılması, Ədliyyə Nazirliyi tərəfindən cinayət işi açılıb ölkədən üç ildir ki, çıxışına qadağa qoyulması barədə bütün ictimaiyyətə, ölkənin aparıcı media orqanları vasitəsi ilə hökumət strukturlarına məlumat çatdırdı.

Eyni zamanda, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun həmsədrliyi ilə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu, yəni 11 nəfər tanınmış hüquq müdafiəçisi dövlət rəhbərliyinə müraciət ünvanladı, ardınca Qazaxıstanda Almatı şəhər Hüquq Məsləhətçiləri Palatasının üzvü Batırbayev Kanat Asimbekoviç Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə və Qazaxıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Abdulkadirov Serjan Omanbayeviçə video müraciətlə çıxış etdi.

Amma kimsə tükünü tərpətmədi. Bir vətəndaş daha nələr etməlidir, hansı sənəd-sübutları ortaya qoymalıdır ki, onun haqqı tanınsın, pozulmuş hüquqları bərpa olunsun?!

Bir vətəndaş öz vətənində haqqı necə tapmalıdır? Daha hansı yollara əl atmalıdır ki, dövlət onun günahsız olduğunu, Fikrət İbrahimovun isə bir fırıldaqçı, dələduz olduğunu isbat edə bilsin? Bəlkə özünü yandırmalıdır, bəlkə intihar etməlidir ki, o zaman səsinə səs verilsin?!

Sakin Ağayev və ailəsi Ədliyyə Nazirliyi tərəfindən himayə olunan, nazir Fikrət Məmmədovla qohumluğu çatan Fikrət İbrahimov tərəfindən aldadılıb, haqlı ikən haqsız vəziyyətə düşüb, Birgə İşçi Qrupu belə burada qanunun kimin yanında olduğunu təsdiqləyib.

Amma Pirallahı rayon məhkəməsindən başlayaraq Ali Məhkəməyə qədər uzanan prosesdə hakimlər Ədliyyə Nazirliyinin sözü ilə oturub-duraraq Fikrət İbrahimovun tərəfini saxlayıb.

S.Ağayev mətbuat konfransı belə keçirdi, bir daha dövlətə, Prezidentə və aidiyyatı qurumlara dərdini danışdı, sübutları ortaya qoydu, İbrahimovun əməllərini ifşa etdi.

Lakin indiyə qədər bu müraciətlərə, yazılanlara reaksiya verilmir. Doğurdanmı bizim ölkəmizdə vətəndaş vətənin bir daşı deyilmiş...?!

Biz sadəcə heyrətdəyik, Ədliyyə Nazirliyi ilə məhkəmələrin əlbir olaraq bir fırıldaqçını qoruması, dövlətin qanunlarından üstün tutması bir daha göstərir ki, ölkədə qanun şah deyil, ibrahimovlar “qanundur”.

P.S. İşin detallarına gəlincə, biz oxuculara əvvəlki yazılarda ətraflı məlumat vermişik. Proseslərin incəlikləri ilə bu linkdə tanış ola bilərsiniz (http://rubrika.az/index.php?newsid=74335)