backend

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...













Təxminən bir ay əvvəl Amerikanın nüfuzlu “Bloomberg” agentliyi Azərbaycanın əsas ixrac neft kəməri olan Bakı-Tiflis-Ceyhan kəmərində törədilmiş partlayış barədə sensasion araşdırma yaydı

qaynarxett.az xəbər verir ki, Virtualaz.org və haqqin.az saytları həmin vaxt bu araşdırmanı oxuculara çatdırmışdı. Orada deyilirdi ki, kəmərdə 2008-ci ilin avqustunda baş vermiş partlayış PKK terrorçularının işi deyil və kəmərin Türkiyə hissəsindəki dispetçer xidmətinin kompüter şəbəkəsinə yeridilmiş virusla törədilib.

Bu araşdırmanın materialları ilə oxucular aşağıdakı linkdən tanış ola bilərlər: virtualaz.org

Heç bir həyəcan siqnalı olmayıb

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...





















Xatırladaq ki, “Bloomberg”in Amerika kəşfiyyatındakı mənbələri sistemə yeridilmiş virusun neft kəmərində təzyiqi kəskin artırdığını və partlayışın da bunun nəticəsində baş verdiyini bildirmişdilər. Maraqlıdır ki, neft kəmərinin təhlükəsizlik sistemi bu zaman heç bir həyacan siqnalı almayıb.

BTC-də 2008-ci ildə törədilmiş partlayış kontekstində ölkənin strateji obyektlərinin müdafiəsinin indiki vəziyyəti və tarixçəsinə nəzər salmaq maraqlı olardı.

Bu zaman biz nəzərə alırdıq ki, iri neft kəmərində partlayış faktı tranzit ölkələrin müvafiq xidmətləri tərəfindən unudula bilməz və kəmərin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində o cümlədən bizim ölkəmizdə səylər göstərilib. Xüsusən də ona görə ki, “Əsrin müqaviləsi” Azərbaycanın üzərinə kəmərin təhlükəsizliyinin təmin edilməsinə dair qanunvericilik səviyyəsində öhdəliklər qoyur.

Nəzərə alanda ki neft kəmərinin Azərbaycan hissəsi həm qurudan, həm dənizin dibindən keçir, o zaman ölkəmizin üzərinə bütövlükdə bütün infrastrukturun qorunması vəzifəsi düşür. Əgər magistralın Türkiyə hissəsi ilə müqayisə aparsaq, təxmin etmək olar ki, kəmərin Azərbaycan hissəsinin müdafiə sistemi də elə o cür olub, ancaq şübhəsiz ki, 2008-ci ildə baş vermiş hadisədən sonra bu təhlükəsizlik sisteminin həssas nöqtələri müəyyən edilib və təkmilləşdirilib. Bu zaman kəmərin dəniz hissəsi barədə informasiyaların yoxluğu bizə ümid verir ki, sualtı neft infrastrukturunun təhlükəsizliyi də etibarlı şəkildə təmin edilib.

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...




















Təxmin edildiyi kimi həmin hadisədən sonra müvafiq strukturlar dəniz qurğularının əlavə mühafizəsi üçün bir sıra addımlar atıblar, hərçənd ki, əvvəllər də bu istiqamətdə bütün zəruri addımlar atılırdı.

Qeyd etmək lazımdır ki, həmin 2008-ci ildə BP-nin operatoru olduğu “Azəri-Çıraq-Günəşli” strukturundakı dəniz platformasında ekspertlərin qənaətinə görə, texniki xarakter daşıyan qəza baş vermişdi.

Respublikada dəniz qurğularının və infrastrukturunun təhlükəsizliyi Dövlət Sərhəd Xidməti, Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi tərəfindən birgə təmin edilir.

Təxmin etmək məntiqli olar ki, bu strukturların hər biri qarşılarında qoyulmuş vəzifəyə uyğun fəaliyyət göstərir, bu zaman öz fəaliyyətlərini sahə üzrə xidmətlərlə koordinasiya edir. 2008-ci ildə baş vermiş hadisədən və bəzi başqa insidentlərdən sonra boru kəmərlərinin dəniz hissəsinin etibarlılığının artırılması üçün bir neçə təkliflər irəli sürüldü. Tarixi baxımdan vəziyyət belədir ki, Xəzərin Azərbaycan sektorunda mineral ehtiyatların hasilatı son vaxtlara qədər ən iri və dünyada sahildən ən uzaqda həyata keçirilən hasilat idi (bu gün artıq dünyanın başqa yerlərində miqyasına görə müqayisə oluna biləcək infrastrukturlar var).

Ona görə də ənənəvi vasitələr müvafiq strukturların təhlükələrə mümkün qədər operativ reaksiya verə bilməsi üçün kifayət edən informativliyi təmin edə bilməzdi.

Kəmərin mühafizə sistemi var, ancaq...

Məlum olur ki, 2012-ci ildə Müdafiə Nazirliyinin Hərbi-Dəniz Qüvvələrinin (HDQ) mütəxəssisləri sualtı və suüstü infrastrukturun monitorinqi üçün birinci hüdud nəzarət sistemi təklif ediblər. Bu unikal sistemin işlənib hazırlanması ilə problemə ən qabaqcıl yanaşmaya malik olan “GeoGlobe” şirkəti məşğul olub.

Xəzərin Azərbaycan sektorunda HDQ üçün hərtərəfli və qabaqcıl (bu günün ölçülərinə görə), inteqrasiya olunmuş axtarış-xilasetmə sisteminin yaradılmasına dair işləri uğurla başa çatdırandan sonra şirkət Müdafiə Nazirliyinin yeni sifarişi əsasənda dəniz infrastrukturunun monitorinqi üçün sistemin yaradılması üzərində işləməyə başlayıb.

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...






















İşlərin birinci fazasına dair müqavilə 2012-ci ilin oktyabrında (bu andan etibarən oxuculardan xahiş edirik ki, tarixləri diqqətlə izləsinlər) bağlanıb. İşləri bir il ərzində başa çatdırmaq nəzərdə tutulurdu, bundan sonra isə sistemin tam miqyasda işlənib hazırlanması və işə salınması baş verməli idi (mövzunun spesifikliyini nəzərə alaraq biz bu sistemə dair texniki və digər detalları təqdim etmirik).

İşlər HDQ-nin o vaxtkı komandanı Şahin Sultanovun (hazırda istintaq altındadır) və HDQ-nin Naviqasiya və Okeanoqrafiya Xidmətinin rəisi Qasım Quliyevin (o da istintaq altındadır) rəhbərliyi altında həyata keçirilirdi.

Bizim əldə etdiyimiz informasiyaya görə, müvafiq müqavilənin imzalanmasına və sistemin işlənib hazırlanması prosesinin başlamasına baxmayaraq nə 2012-ci ildə, nə sonrakı illərdə görülən işlərə maliyyə ayrılmayıb. Ölkə üçün strateji əhəmiyyət kəsb edən dəniz infrastrukturu və onun risklərə qarşı daha həssas hesab edilən dəniz (sualtı) hissəsi 2008-ci ildə BTC-də baş vermiş partlayışdan sonra da təhlükəsizliyin gücləndirilməsi üçün maliyyə almırdı.

Bununla belə bütün çətinliklərə baxmayaraq HDQ-nin o vaxtkı rəhbərliyinin səyləri ilə həmin sistem üzərində işlər dayandırılmadı. Kiçik həcmdə olsa da araşdırmalar davam etdirilib, “GeoGlobe” şirkətinin daxili resursları işə salındı. Və 2013-cü ilin əvvəllərində konsepsiya və pilot layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə konsorsiumun operatoru olan BP şirkətinin texniki komissiyasına təqdim edilib.

Bir neçə görüşdən sonar - 2013-cü ilin iyununda BP sistemin texniki detallarına və konsepsiyasına müsbət qiymət verib, bunu müvafiq rəsmi məktubla təsdiqləyib.

Bundan əlavə, bizə məlum olub ki, əvvəllər təklif edilən və artıq başqa dövlət strukturları tərəfindən alınan təhlükəsizlik sistemi operator şirkət tərəfindən dəstəklənməyib və istifadəsiz qalıb. Ona görə də hər şey belə görünürdü ki, ölkə üçün vacib olan bu layihənin qarşısında heç bir maneə qalmayıb və hər kəs bütün səviyyələrdə bu cür mühafizə sisteminin həyata keçirilməsinə dəstək verəcək.

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...

















Bütün bunlar xüsusən o baxımdan vacibdir ki, həmin vaxtlar “Şahdəniz” layihəsinin Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazasının həyata keçirilməsi yönündə intensiv müzakirələr gedirdi.

Azərbaycan qazının Avropaya nəqlinə yönəlmiş bu irimiqyaslı layihə 45 milyard dollar həcmində qiymətləndirilir və əsas investor kimi Azərbaycan çıxış edir və bu da təəcüblü deyil, çünki ölkə bu layihənin həyata keçirilməsi sayəsində növbəti 25 il üçün stabil inkişaf perspektivi, yeni impuls qazanır, ölkəmizin regionda və dünyada mövqeyi daha da güclənmiş olur.

Aydındır ki, bu cür layihənin həyata keçirilməsindən sonra onun etibarlı mühafizəsinin zəruriliyi heç kimdə şübhə doğurmur və Azərbaycan hökuməti bu istiqamətdə bütün zəruri tədbirləri görür. Bura Dövlət Sərhəd Xidməti üçün İsraillə birgə gəmilərin inşasına dair müqavilənin bağlanması və başqa addımlar da daxildir. Lakin həyat ziddiyyətlərlə doludur...

Komandanın həbsi

HDQ-ni bu təhlükəsizlik sisteminin yaradılmasının ləngiməsinin olduqca riskli olduğuna əmin etmək üçün göstərilən bütün cəhdlər qəfildən divara dirənib və hər dəfə bunun vəsait çatışmamazlığı ilə əlaqəli olduğunu təkrarlamağa başlayıblar. Belə çıxırdı ki, dövlət yeni 15 milyard dollar dəyərində mövcud infrastrukturun davamı olan enerji layihəsinə 45 milyard dollar yatırmağa hazırdır, ancaq müqayisə olunmayacaq dərəcədə cüzi vəsait tapıb bu investisiyanın təhlükəsizliyini təmin etmək istəmir!

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...

















Məntiqi olaraq bu, sadəcə olaraq mümkün deyildi, ancaq baş verirdi. Hadisələr hansısa dolaşıq əyri-üyrü xətt üzrə inkişaf edirdi. 2013-cü ilin avqustunda HDQ-nin Naviqasiya və Okeanoqrafiya Xidmətinin rəisi Qasım Quliyev rəhbərliyin əmri ilə pensiyaya göndərilib, 2014-cü ilin yanvarında isə HDQ-nin komandanı Şahin Sultanov vəzifəsindən kənarlaşdırılır.

HDQ-də hərtərəfli yoxlamalar başlayır (saytımız bu yoxlamalar barədə oxucuları müntəzəm olaraq məlumatlandırıb). Nəticədə hər iki zabit ən ağır ittihamlarla 2014-cü ilin aprelində həbs edilir, əvəzolunmaz nou-hau yaradan “GeoGlobe” şirkəti isə dağıdılır.

Bu üzdən ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən əlavə təhlükəsizlik sisteminin təmin olunmasına yönələn işlər qeyri-müəyyənlikdən asılı qalır. Görünür həmişə olduğu kimi bizdə ümid edirlər ki, kimsə bu işi bizim əvəzimizdən görəcək, indiki halda enerji resurslarının fasiləsiz hasilatını və nəqlini BP təmin edəcək.

Baş tutmamış layihənin tarixçəsinin mərhələlərinə və bu sistemi işləyib hazırlan şirkətlə bağlı baş verənlərə, habelə HDQ-nin yüksək rütbəli zabitlərinin aqibətinə nəzər salaraq virtualaz.org və haqqin.az saytları öz araşdırmasını aparıb, 2008-ci ildə baş vermiş partlayışa qədər olan və ondan sonrakı hadisələri bir araya cəmləşdirib təhlil etməyə çalışıb.

Bundan əlavə Xəzər hövzəsində və onun hüdudlarından kənarda baş verənlər, habelə Ukrayna hadisələrini, Qərbin alternativ enerji dəhlizinə olan təxirəsalınmaz ehtiyaclarını, Xəzərin statusuna dair yenidən qızışan mübahisələri təhlil edib...Bütün bunlar qəribə şəkildə Ukraynanın şərqində baş verən hadisələrlə üst-üstə düşürdü.

HDQ-nin adları çəkilən zabitləri istintaq altında olduğundan onlardan şərh almaq mümkün deyildi (doğrudur, biz bu mövzuya dair materialları toplayanda HDQ-nin keçmiş komandanının barəsində həbs qətimkan tədbiri dəyişdirildi və o, ittiham üçün əsas kimi istifadə edilən dəlillərin saxtalaşdırıldığına dair bəyanat verdi) və biz monitorinq sistemini işləyib hazırlayan “GeoGlobe” şirkəti ilə təmasa çıxdıq. Və bizi burada əsl sürpriz gözləyirdi.

“GeoGlobe”dan açıqlamalar

Belə məlum oldu ki, HDQ-dəki həbs dalğası bu şirkətdən də yan keçməyib: və fasiləsiz yoxlamalardan sonra şirkət Hərbi Prokurorlu tərəfindən faktiki olaraq darmadağın edilib, hazırda bağlanmaq təhlükəsi qarşısındadır. Şirkətin əsas mütəxəssisləri işdən çıxır, əmlakına həbs qoyulması problemi var, prokurorluğun müstəntiqlərinin daimi pressinqi altındadır.

Şirkətin aparıcı mütəxəssisləri prokurorluğun şantajları və təhdidləri qarşısında ruhdan salınıblar. Şirkətin rəhbərləri virtualaz.org-un əməkdaşı ilə söhbətində etiraf ediblər ki, hərçənd onlar praktiki olaraq bir çox özəl, xarici və dövlət strukturları ilə əməkdaşlıq etsələr də o vaxta qədər Müdafiə Nazirliyi ilə birbaşa heç bir əməkdaşlıq etməmişdilər.

Müdafiə Nazirliyi ilə əməkaşlıq 2009-cu ilin yanvarında Azərbaycan Hərbi-Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin Şurabad yaxınlığında qəzaya uğramasından sonra başlayıb. Şirkət təyyarənin qalıqlarının axtarışında Müdafiə Nazirliyinə qarşılıqsız kömək göstərib.

Məsələ bundadır ki, təyyarə dənizə düşmüşdü və aşağı dərinlikdə batmışdı, belə şəraitdə axtarış texnologiyasına və metodikasına isə ancaq “GeoGlobe” şirkəti malik idi.

Aydındır ki, bu cür aviaqəzalardan və digər texnogen kataklizmlərdən heç bir dövlət sığortalanmayıb. Ona görə də müvafiq strukturların rəhbərləri bu mövqeyə gəldilər ki, Azərbaycan HDQ-nin gəmiləri də Xəzərin bütün akvatoriyasında xilasetmə işlərini peşəkar şəkildə aparmağa imkan verən xüsusi avadanlıqlarla təchiz olunmalı və müvafiq peşəkar kadrlara malik olmalıdır.

Bu qərarın qəbul edilməsi sonralar özünü həyatda doğrultdu-2013-cü ildə Şıxovda baş vermiş vertolyot qəzasında HDQ-nin gəmilərində quraşdırılmış sistem pilotların cəsədlərini və maşının qalıqlarını rekord səviyyədə qısa müddət ərzində tapıb çıxarmağa imkan verdi.

Azərbaycan HDQ-nin Naviqasiya və Okeanoqrafiya Xidmətinin gəmilərinin mürəkkəb texnoloji avadanlıqlarla təchiz olunmasını vaxtilə Şurabadda zəruri təcrübəyə malik olduğunu işi ilə sübut etmiş şirkətə həvalə etmək qərara alınıb.

Bakıda terrorçuluqla mübarizə aparmış şirkəti necə dəhşətə gətirdilər...




















Təbii ki, seçim “GeoGlobe” şirkətinin xeyrinə edilib. SOCAR-ın və digər dövlət şirkətlərinin tərkibində olan bir neçə bölmələrdən başqa “GeoGlobe” yeganə Azərbaycan şirkəti idi ki, iri infrastruktur layihələrinin reallaşdırılması üçün mürəkkəb araşdırmalar aparıb və mühəndis təhlükəsizliyini təmin edib. Şirkətin malik olduğu dar profilli müasir avadanlıqlar, texnologiyalar və peşəkar kadrlar hətta dövlət strukturlarında da yox idi.

Şirkət qarşıya qoyulmuş vəzifənin öhdəsindən gəlib və bizim HDQ-nin tərkibində müasir, inteqrasiya olunmuş axtarış-xilasetmə sistemi yaradılıb. Layihənin uğurlu olmasını və həlli səviyyəsini, həmçinin şirkətin mütəxəssislərinin bir çox sahələrdə apardıqları araşdırmalarını və qoyulmuş vəzifənin spesifikliyini (hansı ki, şirkətin bəzi əməkdaşları 25 ildən çoxdur bununla məşğul olurlar) nəzərə alaraq belə monitorinq sisteminin yaradılmasını məhz “GeoGlobe” şirkətinə həvalə ediblər.

Ancaq bu gün şirkət nou-hau barədə düşünmür və bütün səyləri ancaq özünü Hərbi Prokurorluğun müstəntiqlərinin təzyiqlərindən qorumağa yönəldib. “GeoGlobe” şirkətinin rəhbərlərini, daha sonra digər əməkdaşlarını istintaqa dartan rəsmilər şirkəti faktiki olaraq müflis olmaq həddinə gətirib çıxarıblar və bu faktı nəzərə almaq istəmirlər. Milli maraqlar onları narahat etməyib...

Vəkilin şərhi

Şirkətin vəkili Kamandar Nəsibov bunları deyir: “Bu ilin yazında Azərbaycan HDQ-də həbs dalğası başlayanda Hərbi Prokurorluq HDQ ilə “GeoGlobe” şirkəti arasında bağlanmış müqaviləni də yoxlamağa başladı. İşi müstəntiq Rafael Hüseynov aparır. Müstəntiq şirkətin təsisçisi Fuad Mehrəliyevə müntəzəm olaraq dindirməyə çağırmağa başladı”.

Ədalət naminə qeyd etmək lazımdır ki, istintaqa təkcə Mehrəliyev yox, HDQ ilə bu və ya digər formada əməkdaşlıq etmiş digər şirkətin rəhbərləri də cəlb olunub.

“GeoGlobe” şirkətinin maraqlarını müdafiə edən K.Nəsibovun bildirdiyinə görə, indiyədək heç bir konkret ittiham irəli sürməyən, buna baxmayaraq şirkətin fəaliyyətini praktiki olaraq iflic edən, onun əmlakına həbs qoyan, işçilərini ardı-arası kəsilmədən dindirməyə çağıran, şirkətin fəaliyyətinə zərbə vuran müstəntiqin naşılığı ortadadır.

Vəkilə 2012-2014-cü illərdə işə qəbul edilmiş, təhlükəsizliyin təmin olunmasına dair dənizdə görülmüş işlərə heç bir dəxli olmayan, heç bu haqda məlumatı da olmayan işçilərin dindirməyə çağırılması da çox qəribə gəlir. Lakin müstəntiq İsmayılov şirkətin rəhbərliyindən və əməkdaşlarından əl çəkmir. O, əməkdaşları dindirməkdə və onlardan rəhbərliyə qarşı ifadə almağa cəhd göstərməkdə davam edir.

Vəkil deyir: “Məsələ sözün hərfi mənasında marazma qədər gedib: 2009-cu ildə bağlanmış müqaviləyə görə 2014-cü ildə işə qəbul edilmiş işçiləri dindirməyə çağırırlar. Onları hədələyirlər ki, əgər şirkətin rəhbərliyinə qarşı ifadə verməsələr həbs olunacaqlar. Naməlum adamlar şirkətin əməkdaşlarının qohumlarına zəng edir və əgər “GeoGlobe” şirkətində işləyən yaxınları “istintaqla əməkdaşlıq etməsə” onları həbslə, divan tutmaqla hədələyir. Lazım olan ifadəni verməyənə qədər dindirməyə cəlb edilmiş əməkdaşları “koşmarit etməyi” vəd edirlər.

Fuad Mehrəliyevin ailəsinə də tez-tez təhdidlər edilir. Bu təzyiqlər nəticəsində F.Mehrəliyevin 80 yaşlı qaynatası, iflic keçirmiş yaşlı kişi hipertonik krizis diaqnozu ilə xəstəxananın reanimasiyasına yerləşirilib. Əməkdaşlardan birinin 14 yaşlı qızı Firuzə Nəcəfova isə müstəntiqin telefonda atasının cinayətkar olduğunu, həbs ediləcəyini deməsindən sonra güclü stress keçirib. O, hələ də özünə gələ bilmir.

Təəssüf ki, məsələ təhdidlərdən də uzağa gedib. Heç bir əsası və şirkətin rəhbərinin istintaqa cəlb edilməsi üçün qanuni sübutu olmadan müstəntiq şirkətin və rəhbərlərinin əmlakına həbs qoyulmasını əmr edib. Azərbaycan qanunlarına tamamilə zidd olan hərəkətlər nəticəsində bir qrup yüksək səviyyəli peşəkar kadrların cəmləşdiyi şirkət bağlanmaq təhlükəsi qarşısındadır.

İstintaqın təzyiqlərinə dözməyən əməkdaşların bir qismi artıq işdən çıxmaq qərarı veriblər, şirkətin fəaliyyəti tam dayanıb, avadanlıqlarına həbs qoyulub. Belə çıxır ki, yüksək texnologiyaya əsaslanan müasir şirkətlər və intellektual mərkəzlərin yaradılmasını dəstəkləmək əvəzinə Hərbi Prokurorluğun hansısa müstəntiqləri artıq mövcud olan, dəniz infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində uğurla işləyən şirkəti məhv edir. Yeri gəlmişkən, dünyada cəmi bir neçə belə şirkət mövcuddur”.

Bütün bunlardan sonra müstəntiq Rafael İsmayılovun şirkətə bu cür yüksək marağını təsadüfi hesab etmək olarmı?

Axı “GeoGlobe” şirkətinin bir neçə işçisinin sözlərinə görə, müstəntiq dindirmə zamanı dəfələrlə təkrar edib: “Mənim rəhbərliyim çox şeyi bilir və hamını içəri atacaq”.

Bu sözlər əvvəlcə bizə elə də mühüm görünmürdü, ancaq indi tamamilə başqa məna kəsb edir. Və məhz bu hüquqşünas Şahin Sultanovun və Qasım Quliyevin işini aparır. Hərbi Prokurorluğun müstəntiqinin təhdidləri belə fikrə gəlməyə əsas verir ki, onun ilk baxışdan məntiqli görünməyən hərəkətlərinin arxasında bir sıra strukturlarda bizim artıq adət etdiyimiz kimi peşəsini yaxşı bilməmək deyil, dövlət maraqlarına birbaşa təhdid dayanır.

Bəzi başqa dəlillərə də malik olmaqla bütün bu əhvalatın özəl xarakter daşıdığını təxmin etmək və Hərbi Prokurorluun HDQ-dəki pozuntuları məhz bu kontekstdə təqdim etməsinin heç də təsadüfi olmadığını düşünmək olar. HDQ-nin son 15 ildəki fəaliyyətinin yoxlanılması ümumiyyətlə absurddur, çünki bu, bütün bu dövr ərzində HDQ-də hər şeyin normal olduğunu məruzə edən Hərbi Prokurorluğun özünün və digər xidmətlərin yarıtmaz fəaliyyətindən xəbər verir.

Və birdən son ildə bütün mümkün neqativ faktlar üzə çıxır. O zaman həmin ismayılovlar bütün bu 14 il ərzində büdcədən maaş alaraq və yalançı hesabatlar hazırlayaraq hara baxırdılar? Bəs prokurorluğun rəhbərliyi bütün bu müddətdə hara baxırdı, axı o, qanunçuluğun keşiyində dayanmalı idi?

Bu gün ölkənin təhlükəsizliyi uğrunda sərt mübarizənin ortada olduğu bir vaxtda onun müdafiəsi üçün sistemin məqsədyönlü şəkildə məhv edilməsini ölkənin gələcəyinə və rifahına vurulan zərbə ilə müqayisə etmək olar. Silahlı qüvvələrdə qanunçuluğa əmək edilməsinə nəzarət edən orqanın şantaj və aldatma metodları ilə bu cür saxtakarlıqla məşğul olmasını başqa necə qiymətləndirmək olar.

Dirijor da birdir, hədəf də...

Beləliklə, BTC-də törədilmiş partlayış, 2008-ci ilin avqustunda Gürcüstandakı müharibə, 2014-cü ildə Azərbaycan HDQ-də həbslər və Ukraynanın şərqindəki hadisələr arasında əlaqə varmı? Doğrudan da bu məqalədə əksini tapan hadisələr zəncirindən sonra belə əlaqə təsadüfi və məntiqsizdir? İstənilən halda burada dirijor da birdir, hədəf də...

Biz bu məqaləni təsadüfən BTC-də törədilmiş partlayış barədə araşdırmaya istinadən başlamadıq. Energetika bazarında mövcud olan sərt rəqabət Azərbaycanı məcbur edir ki, özünün neft-qaz və digər strateji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məsələsinə olduqca diqqətlə yanaşsın.

Bütün bunlar milli təhlükəsizliklə bağlıdır və xarici şirkətlərə etibar edilə bilməz. Azərbaycan özünün milli sərvətinin mühafizəsini və təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyət daşıyan elm yüklü strukturlarını və elmi tədqiqat mərkəzlərini yaratmalıdır.

Oxuculara bu araşdırmanı davam etdirməyi və hadisələrin sonrakı inkişafı haqda kursda qalmağa imkan verən məlumatları çatdırmağı vəd edirik.