backend

Eşşək kəndə qayıtmaq istəyir

Eşşək kəndə qayıtmaq istəyir
























Sirk təlimçisi ilə eşşəyin dialoqu

Eşşək:- Dərdim böyükdü, qardaş! Heç bilmirəm hansını deyim. Mən doğulan günə görüm yekə bir daş düşəydi. Heç gözümü açmamış aldılar başımın üstünü, dedilər sənin boy-buxunun çox gözəldir, gərək başqa şəraitdə böyüyəsən, tərbiyə olunasan. Ay başına dönüm, eşşək hara, tərbiyə hara? Özü də sirkdə. Uşaqlıq illərim yadıma düşəndə tüstü çıxır başımdan. Nə gözəlmiş azadlıq! Hayıf deyildi tövlə?! Qabağıma ot da gətirirdilər, su da, hələ bir qanqal da. O ki var yeyib, sonra da yayırdım özümü yerə, başlayırdım ağnamağa. Hələ bir keyfim istəyəndə anqırırdım da. Sonra səsimə başqa həyətlərdəki eşşəklər də səs verirdilər. Eh, qurban olaram o kənd həyatına. İndi mən boyda eşşəyi çörəklə, noğulla, nə bilim daha nələrlə yedizdirirlər. Gör nə günə düşümşəm ki, Allahın meymunu da minib çapır məni burada. Uşaqlar da başlayırlar əl çalıb gülüşməyə. Bu nə gündür düşmüşəm, qardaş, içim özümü yandırır, çölümsə özgəni. Kənddəki eşəkklər də elə sanırlar ki, mən bədbəxt şəhərdə az qala padışah kimi yaşayıram. Daha bilmirlər ki, ürəyimi deşən dərdlərimi bərkdən danışamğa da qorxuram. Nə edim, deyirəm birdən direktora xəbər verərlər. Amma sənə, təkcə sənə etibar edirəm, təlimçi qardaş. Bilirəm ki, heç vaxt öz bədbəxt dostunu satmazsan. Sən Allah, qulağını bir az da yaxın elə, bir söz də soruşacağam. Sss... hə, qardaş, mən ölüm, de görüm, bu aşkarlığın biz eşəkklərə də dəxli var, yoxsa yox? Deyirəm əgər varsa, qoy mən də başlayım öz hüquqlarımı tələb etməyə. Kim bilir, bəlkə eşitdilər, bəlkə bir çarə qıldılar...
Təlimçi: - Məsləhətli don gen olar,- deyiblər. Bir de görüm, tələbin nədir? Bəlkə ağıllı bir məsləhət verə bildim.
Eşşək:- Asta danış, qardaş, görmürsən o biri qəfəsdəkilər qulaqlarını necə şəkləyib durublar?! Hə, qulağını bir az da yaxın gətir. Bilirsən, əvvəla, mən istəyirəm ki, bu gündən etibarən əsl adımı özümə qaytarsınlar. Yəni, əgər mən eşşəyəmsə, qoy eşşək də çağırsınlar, daha "MASKA" yox. İkincisi, mən işləmək üçün yaranmışam, daha meymuna tay olmaq üçün yox. Doğulan gündən boynum xamut, belim palan görməyib. Aşkarlıqdan dən vurulan bir vaxtda axı, mən də anqırmaqdan ötrü ölürəm. Üçüncüsü də ki, qoy yaşayış yerim tövlə ilə əvəz olunsun, yəni, məni açıb buraxsınlar kəndə. Hə, necədir? Eşidərlər?
Təlimçi gözlərini döydü. Onun üzünü turşutmağı eşşəyin heç xoşuna gəlmədi.
Eşşək:- Niyə susursan, qardaş? Deyirsən, yəni bu arzularım həyata keçən deyil?
Təlimçi:- Bir halda mənə qardaş dedin, onda qulaq as bu qardaşın sözlərinə. O aşkarlıq dediyin ki var, o, eşşəklərə aid deyil. Adına gələndə isə, o da şərtidir. Yəni, bu sirkdə kimin hansı nəslə mənsub olduğunu tamaşaçılar onsuz da gözəl bilirlər. Qaldı palana və xamuta, onlar heç də boynundan, belindən əskik deyildirlər. Fərq bir ondadır ki, sən arzuladığın yüklər həmişə üstündə qalmır, buradakı yüklər isə heç vaxt üstündən götürülmür. Ay rəhmətliyin oğlu, bu günə də şükür elə.
Eşşək:- Çox sağ ol , qardaş, gəl, bu ağıllı məsləhətinə görə səni bir maç eləyim. Demək, mən bir də heç vaxt eşşək kimi anqırmayacağam və ağnamayacağam...