backend

Rasim Balayev: “Mən SSRİ-də daha xoşbəxt idim”

Rasim Balayev: “Mən SSRİ-də daha xoşbəxt idim”













ADLIQ

Mən 7-8-ci sinifə qədər aktyor olmaq barədə qətiyyən fikirləşmirdim.
Mən qəhrəman deyiləm, sadəcə, qəhrəmanları oynamışam.
Mən eşitmişəm ki, həmişə tamaşaçılar “Koroğlu” filmi barədə, sadəcə, “zəifdir” kəlməsini işlədirlər. Halbuki, ondan da zəif ekran əsərləri var.
Mən oynadığım rollardan heç biri deyiləm.
Mən indi də bir filmə çəkiləndə sıfırdan başlayıram. Əvvəlki işlərimi yadımdan çıxardıram.
Mən 34 yaşımda Xalq artisti adı almışam. İlk şəxsi maşınım “Jiquli”ni 39 yaşımda ala bildim.
Mən “Qatır Məmməd” filminə havayı çəkilmişəm.
Mən özümün çəkildiyim filmlərə tamaşaçı kimi baxa bilmirəm. Mütləq çəkildiyim epizodlara qapılıram.
Mən kamera, çəkiliş üçün darıxmaqdan qorxuram, darıxıram və buna görə də çəkilirəm.
Mən məhz belə olmuşam – xoşuma gəlməyib, bəyənməmişəm, oynamamışam.
Mən filmə cavabdeh deyiləm, filmə rejissor cavabdehdir.
Mən 100-ə qədər filmə çəkilmişəm.
Mən dərhal çəkilməyə razılıq vermirəm, ssenarini tələb edirəm, deyirəm oxuyub cavab verərəm.
Mən hər dəfə rol alanda bir az qorxuram, bir az dəhşətə gəlirəm. Yeni rol alanda elə bilirəm ki, sanki indiyədək heç nə oynamamışam.
Mən hələ İsa Muğanna kimi ssenari yazana rast gəlməmişəm. İşıqçı kimi, fəhlə kimi avtobusa minib hər gün çəkilişə gəlirdi. Səhərdən axşama kimi də çəkiliş meydanında olurdu, müdaxilələr də edirdi.
Mən “Nəsimi”yə çəkiləndə erməninin evində kirayə qalırdım.
Mən seks-simvol deyiləm.
Mən SSRİ-də daha xoşbəxt idim.
Mən artıq sənətdən getmiş kimiyəm, necə deyərlər, “bura mənim bazarım deyil”.

YİYƏLİK

Mənim nə vaxtsa aktyor olacağımı evdə təsəvvür belə etmirdilər. İstəyirdilər ki, mən ciddi bir sənətlə məşğul olum.
Mənim nə qədər əziyyət çəkdiyimi uşaqlarım bilirlər. Tozun-torpağın içində, əsəbi halda evə gəlməyimi tamaşaçı deyil, uşaqlar görürdülər. “Babək” filmində düz bir ay axşam saat 6-da işə gedib, səhər saat 5-də qayıtmışam. Gecə ilə gündüzü səhv salırdıq. Normal həyat tərzim olmadığı üçün uşaqlar yolumu davam etdirmədi.
Mənim dərimi soysalar, qışqırığım göyə çıxar. Amma bu Nəsimidir...
Bizdə isə bir balaca 40-ı keçdin, səni atırlar qocaların siyahısına. Axı mənim bundan sonra da yaratmaq, işləmək, potensialımı göstərmək imkanım var.
İndi ssenariləri oxuyuram və təəssüf ki, mənim arxasınca gözüm qalan rollar yoxdur.
Mənim özüməməxsus bir xarakterim var və bu xarakterə uyğun da yaşayıram.

YÖNLÜK

Mənə elə gəlir ki, şah əsərimi hələ də oynamamışam. Amma “Nəsimi” taleyimi həll etdi.
Elə olub ki, gənc bir rejissor mənə yaxınlaşıb, kömək istəyib. Çəkilmişəm, amma sonra peşiman olmuşam.
Mənə Türkiyədə qalmaq təklifi etdilər. Ancaq ailə vəziyyətimlə bağlı qala bilmədim.
Mənə pis təsir edən bircə odur ki, bu gün ürəyimcə olan rol yoxdur.
Mənə elə gəlir ki, obyektiv və subyektiv səbəblərdən yeni nəsil yetişmədi.
Mənə görə, film çəkmək qabiliyyəti olan adamlar var, amma onlar “ofsayt”da qalıblar, onlara film vermirlər

TƏSİRLİK

Məni görən soruşur ki, Rasim müəllim, niyə daha film çəkmirsiniz? Deyirəm, necə yəni çəkmirik, ilə 4-5 film çəkirik.
Məni son illərin tarixi filmləri qane etmir.
Məni, “Həm ziyarət, həm ticarət” filminə çəkiləndə qınayanlar da oldu. Dedilər ki, mənfi qəhrəman sənə yaraşmır.
Məni şəkər əsəbi edib. Amma həm də işsizlik əsəblərimi korlayıb. İş olsa, başım qarışardı, fikrim dağılardı.
Maşında axmaq mahnılara deyil, ancaq “Qurani-Kərim”ə qulaq asıram. Ona görə yox ki, onu mən səsləndirmişəm, ona görə ki, Allah kəlamıdır və bu kəlamlar məni qoruyur.
Xoşbəxtliyim ondadır ki, o uğur, diqqət və sevgi məni azdırmayıb. Mən şöhrətə də təbii baxmışam.

YERLİK

Məndə bəzən kameraya qarşı o qədər nostalgiya olur ki, ssenari ümumən xoşuma gəlməsə də, razılıq verirəm. Şansım yoxdur, ondan da imtina etsəm, deməli, bir il çəkilməyəcəyəm.
Məndə də bu fikir var ki, insan 50 yaşdan sonra yuxudan oyananda ağrı hiss edirsə, deməli yaşayır.
Məndə də bunun ağrısı var. Sovet dövləti dağıldı, 6-7 il film çəkilmədi. Kinoda bişmiş işçilər məcbur olub, hərəsi bir tərəfə dağıldı. Biri “oxrannik” oldu, biri müəllim, biri də tikintidə işlədi. Aləm qarışdı bir-birinə. Sonra da formalaşmaq mümkün olmadı. Hər şey birdən-birə formalaşmır axı. Bu, gəlib 60-70 ilə formalaşmışdı.

ÇIXIŞLIQ

Ola bilər kiminsə məndən xoşu gəlmir. Deyirlər Rasim yalvarır ki, mənə rol verin, ona rol vermirlər. Halbuki indiyə qədər ən yalvarılan aktyor mən olmuşam və düşünürəm ki, Azərbaycanda filmdən imtina edən aktyorlar arasında ilk qaranquşlardan biri mənəm.
Məndən soruşanda deyirəm ki, bu gün Azərbaycan kinosunda kinoşünaslıq yoxdur.
Məndən soruşulanda ki, Rasim müəllim, film çəkirsiz ya yox, o saat başa düşürəm ki, insanların, tamaşaçıların bu günə qədər həll edilməyən yayım problemi var.
Məndən sonra işləyənlər var, 1000 manat alırlar. Mən çox nəfskar adam deyiləm. Dolanıram, böyük iddiam da yoxdur. Prezident ev verib. Bağım var. Maşınım var. Aç qalmıram, min şükür.
Məndən hər dəfə soruşanda deyirəm ki, filmdə Nəsimini, Babəki, Beyrəyi oynamışam, amma həyatda faktiki mən Nəsimi, Babək, Beyrək deyiləm axı.

TƏNHALIQ

İndi səhhətimdə ciddi problemlər yaranıb. Bu da məni narahat edir. Ağrıyıram, şəkər digər orqanlarıma da təsir etməyə başlayıb. İndi mən bu barədə nə danışım ki?! Deyim ki, siz Allah, mənə kömək edin?! Axı bu, mənə yaraşmaz. Mənim kimi aktyorun indi problemini dilə gətirib nəsə deməsi sədəqə ummağa bənzəyər. Ona görə də heç nə danışmaq istəmirəm. Ölərəm, ondan sonra məndən yazıb danışarlar. Deyərlər ki, hə, belə sənətkar idi…
Mən hələ ki, sağam. İnşallah, öləndən sonra hamı üçün maraqlı olacam. Bizdə öləndən sonra onun barədə danışmaq, ölən haqqında veriliş hazırlamaq-filan dəbdi. Sağlığında sənətkarların bir çoxu yada düşmür.
Nə deyim ki?! Mənim səhhətim göz qabağındadır. İmkanım qədər müalicə alıram. Amma xaricə gedib orada xəstəxanada yatmağa imkanım yoxdur. Ailəm var. Onların da ehtiyacları var. Başqa gəlir yerim də yoxdur. Təqaüd alıram, vəssalam. Prezident təqaüdündən başqa evimə gəlir də gəlmir. Hardan gəlsin ki?! İş var, işləyim? Mən bu vəziyyətimdə də işləməyə razıyam. Təki iş olsun. O da yoxdur. Mən öləndən sonra neyləyirəm desinlər ki, filankəs yaxşı, istedadlı aktyor, sənətkar idi. Mən ki sağlığımda o diqqəti görmürəm. Mən öləndən sonra qəbrimin daşına diqqət göstərsələr, nə fayda...

Əsəd Qaraqaplan
kult.az