backend

Qarabağdakı rus sülhməramlılarını Türkiyə hərbçiləri əvəz etməlidir - Başqa yolu YOXDUR!

İyulun 6-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Nəticədə Azərbaycanın hərbi qulluqçusu, baş gizir Sakit Əhliman oğlu Dadaşov yaralanıb.

Erməni tərəfi isə yalan məlumatlar yayaraq Ermənistan ərazisinin Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulduğunu bildirir. Əslində isə Ermənistanın hərbi-siyasi rəhbərliyi belə yalanlarla həm hərbi cinayətini ört-basdır etməyə çalışır və həm də dolaysı ilə hansısa qüvvənin təsirindən xilas ola bilmədiyini nümayiş etdirir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu erməni silahlıları tərəfindən törədilən son təxribatları şərh edərkən Reyting.az-a deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra bu problemlər aradan qalxacaq: “Həmçinin Rusiyanın sülhməramlı adı altında Qarabağda yerləşdirilən hərbçilərinin burada qalmasına ehtiyac olmayacaq. Ancaq Rusiya uzun müddət bölgədə qalmaq istəyir. Odur ki, bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını arzu etmir, buna mane olmağa çalışır, digər tərəfdən də sərhəddə belə təxribatlar törədir. Nəticədə gah ermənilər bizə atəş açırlar, gah da guya bizim onlara atəş açdığımızı iddia edirlər”.

ADP sədrinin sözlərinə görə, Rusiya son təxribatlarla sübut etməyə çalışır ki, bölgədə hələ gərginlik var, qarşıdurma vəziyyətində olan dövlətlər arasında hansısa sülhməramlı fəaliyyətə ehtiyac duyulur. Yəni Rusiya bölgədə uzun müddət qalmaq üçün belə addımlar atır: “Bunun sübutları da var. Məsələn, Rusiyada bəzi siyasətçilər elan edirlər ki, Rusiya nəinki yaxın beş illik mddətdə Qarabağdan çıxacaq, heç otuz ildən sonra da bölgəni tərk etməyəcək. Elələri də var ki, hətta Qarabağda ancaq Rusiyanın sözünün keçdiyinə xüsusi vurğu edirlər. Bütün bunlar göstərir ki, baş verənlər Rusiyanın oynadığı oyunların tərkib hissəsidir”.

S. Cəlaloğlu ehtimal edir ki, Rusiya bölgədə çox qalmayacaq: “Bizim hələ Türkiyə və Pakistanla hərbi əlaqələrimiz bir addım da irəlilləməlidir. Bundan sonra Dağlıq Qarabağa Türkiyə hərbçilərini yerləşdirməli və ruslara deməliyik ki, ərazidən çıxsınlar. Azərbaycan ərazisində Azərbaycan dövlətinə düşmən siyasəti aparan dövlətin qoşunları ola bilməz. Rusiya indiyə qədər bizə düşmən gözü ilə baxıb, indi də baxır. Bunu atdığı addımlarla nümayiş etdirir”.