backend

Cahangir Əsgərov, Mübariz Mənsimov və “Hafka”nın pullarının müəmmalı taleyi

Cahangir Əsgərov, Mübariz Mənsimov və “Hafka”nın pullarının müəmmalı taleyi















Üç oliqarxın futbol klublarına ayırdıqları vəsaitlər barədə ilginc iddialar

Azərbaycandakı futbol klublarına sponsorlar tərəfindən ayrılan pulların taleyi ilə bağlı ilginc iddialar səsləndirilib. Üstəlik, bu iddiaların müəllifi hansısa naməlum "etibarlı mənbə”, yaxud KİV orqanı deyil.
İddia kifayət qədər önəmli şəxsin - ölkənin futbol təsərrüfatının aparıcı simalarından biri, milli çempionatın təşkilatçısı və idarəçisi olan Professional Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdir.
PFL prezidenti son açıqlamasında bəzi klublar haqda sərt fikirlər səsləndirib. Qurum rəhbəri Antalyada jurnalistlərlə söhbətində bir sıra klubların işi onu qane etmədiyini bildirib: "Klublarımızın işi məni keçmiş klub rəhbəri kimi qane etmir. Bilirsiniz ki, transferlərin hamısı bizim imzamızın altından keçir. Əfsuslar olsun ki, klublara maliyyə buraxanlar komandada çalışan bəzi insanlara çox inanırlar. Həmin insanlar da bu inamdan istifadə edərək, böyük alverə keçib. Bunu çəkinmədən deyirəm ki, klublarımızın əksəriyyətində işlər düzgün getmir. Mən özümü tərifləmirəm. Klubda çalışdığım vaxt belə bir şey görmədim ki, hansısa futbolçu gəlib, 6 aydan sonra getsin. Bəs klubda çalışan məşqçi və ya klub rəhbəri hara baxır? Niyə məşqçidən soruşmur ki, sənin futbolçun 6 ay oynayıb, niyə getdi? Bir sıra klublarımızın daxilində alver gedir. Məşqçi kənarda qalıb, sıravi işçi komandaya futbolçu gətirir.
"Neftçi"də çalışanda məşqçi mənə deyirdi ki, filan oyunçu lazımdı. Mənim onu hansı qiymətə almağımın isə məşqçiyə aidiyyatı yox idi. Sözsüz ki, büdcəmizə uyğun davranırdıq. O vaxt oynayan futbolçular indi mənə deyir ki, Ramin müəllim, siz bizə qarşı xəsislik etmisiz. Onda pul olmasa da, mehribanlıq var idi. Hər şey pulla ölçülmür. Bütün sadaladıqlarıma görə həqiqətən də şokdayam. Klubların sponsorlarına səslənirəm ki, komandalarda pullar düzgün xərclənilmir. Vəssalam!"
Antalyada təlim-məşq toplanışında olan klublarımızın yoxlama oyunlarını izləyən Ramin Musayev həmin vaxt bir epizodun ona çox pis təsir etdiyini deyib: "Burada izlədiyim oyunlarda bir epizod mənə çox pis təsir etdi. Ancaq xahiş edirəm ki, dırnaq arasında heç kimin adını hallandırmayasız. Necə deyirəm, elə də yazın. Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqov, Şakir Qəribov, Yaşar Vahabzadə və başqaları, yəni ölkə futbolunda əziyyət çəkmiş insanlar klubun oyununu izləyir. Komandanın bir işçisi, rəhbəri ayağını ayağının üstünə qoyub, oyuna baxır. Qonaqlara yaxınlaşıb, "xoş gəlmisən" də demədi. Belə klub rəhbəri olar? Belə hörmətsizlik olmaz. And olsun, özüm-özümə nifrət etdim ki, gör kimlərlə... Bu, bizim mentalitetə uyğun deyil. Mən özüm bir kənara, bizim ağsaqqalara niyə hörmət etmirsən? Bəs o klubda çalışan məşqçi bizim mütəxəssisə hörmət qoyarmı? Elə bir insandan necə dərs alacaqlar?"
Qeyd edək ki, PFL prezidentinin xüsusilə klublara sponsorlar tərəfindən ayrılan pulların taleyi ilə bağlı dedikləri maraq doğurur. Əslində sponsorların klublara ayırdıqları vəsaitin təyinatsız xərclənməsi barədə indiyədək də müəyyən fikirlər səsləndirilirdi. Amma indi bunun ölkə çempionatını təşkil və idarə edən, futbol təsərrüfatımız barədə yetərincə bilgili olan şəxs tərəfindən dilə gətirilməsi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Xatırladaq ki, hazırda bir çox tanınmış oliqarxlarımız ayrı-ayrı futbol klublarını himayə edirlər. Məsələn, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov "AZAL”, Türkiyədə yaşayan və çalışan azərbaycanlı iş adamı, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov "Xəzər-Lənkəran”, qalmaqallı biznesmen, "Baghlan Group”un prezidenti, "Hafka” ləqəbli Hafiz Məmmədov "Bakı” futbol klublarını himayə edirlər. Ramin Musayev açıqlamasında konkret futbol klublarının adını çəkmədiyindən onun nəzərdə tutduğu komandalar arasında yuxarıda adlarını sadaladıqlarımızın olub-olmadığını bilmirik.
Amma reallıq ondan ibarətdir ki, sözügedən sponsorların ayırdıqları pullar müqabilində onların himayəsindəki futbol klublarının durumu heç də ürəkaçan deyil. Xüsusilə Mübariz Mənsimov Lənkəran klubuna yetərincə səxavət nümayiş etdirsə də, cənub təmsilçisi nəinki Avrokuboklarda hansısa uğurla yadda qalıb, heç daxili çempionatda belə son illərdə azarkeşlərini sevindirə bilmir. Elə buna görə də bir müddət əvvəl Mənsimovun "Xəzər-Lənkəran”a ayırdığı vəsaiti kəskin azaltdığı xəbəri yayıldı.
"Hafka”nın klubu da öz maddi imkanlarından qat-qat aşağı çıxış edir. Hazırda "Bakı” mili çempionatda sonuncu yeri tutur. Düzdür, Hafiz Məmmədovun son vaxtlarkı maddi böhranı klubun maliyyələşməsinə də təsir edib və müəyyən maddi çətinliklər yaradıb, amma reallıq ondadır ki, heç iş adamı "Bakı”ya kifayət qədər səxavət nümayiş etdirəndə də paytaxtın eyni adlı komandası ürəkaçan uğurlara imza ata bilmirdi.
Elə AZAL-ın sponsoru olduğu eyni adlı komandanın durumu da ürəkaçan deyil. Hazırda Əsgərovun klubu 9 komandanın mübarizə apardığı Premyer Liqamızda 7-ci yerdə qərarlaşıb.
Bir sözlə, PFL prezidenti olduqca ilginc məqama toxunub. Yaxşı olardı ki, futbol klublarına sponsorların ayırdıqları pulların qaranlıq taleyi ilə bağlı gələcəkdə daha konkret faktlar ortaya qoyulsun, vəziyyətin müsbətə doğru dəyişdirilməsi istiqamətində qanunvericiliyin tələbləri çərçivəsində əməli addımlar atılsın. Bəlkə bundan sonra oliqarxlarımızın futbola ayırdıqları pullardan kimlərsə yox, futbolumuz özü qazandı.