backend

Qazaxda milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik

Qazaxda milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik
















Diqqəti cəlb edən hal odur ki, icra hakimiyyətinə məxsus binadan təqribən 70-80 metr aralı məsafədə yerləşən və milli qəhrəman Şamoy Çobanovun, polis şəhidlərinin, həmçinin 20 Yanvar şəhidlərinin adını daşıyan və cəmi 3 dənə olan bulaq bərbad haldadır. Hər gün həmin ərazilərdən ötüb-keçən vəzifəli şəxslər isə, ümumi mənzərənin hansı görkəmdə olduğunu görsələr də, bəslədikləri bəlli münasibətləri ilə, əslində milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik etmiş olmurlarmı?

Tarixən hər bir xalq özünün qəhrəman oğul və qızları ilə öyünmüş, hətta iftixar hissi də keçirmişlər. Azərbaycan xalqı da, dünya xalqlarının bir parçası olaraq bəşər tarixində hər zaman xüsusi rola malik olmuş, övladlarının yaratdıqları xariqələrlə ad-san da qazanmışdır. Istər ötən əsrlərdə, istərsə də yaxın tariximizdə baş verən hadisələr bir daha sübut edir ki, Azərbaycan xalqı qürurlu xalqdır, onun başını uca edən isə, qoynunda böyüyüb boya-başa çatdırdığı oğul və qızlarıdır. Bir anlığa fikir verək.Yaxın tariximizdə baş verən hadisələrdə, o cümlədən istər milli müstəqilliyimizin əldə olunması, istərsə də ərazi bütövlüyümüzün qorunması uğrunda aparılan mübarizələrdə, xalqımız nə qədər qanlar axıtsa da, amma milli qürur hissini itirmədi. Aparılan mübarizələrdə igid ərənlərimiz elə bir qəhrəmanlıqlar göstərdi ki, sanki onların oynadıqları rol, tariximizin qəhrəmanlıq səhifəsinə birdəfəlik həkk olundu.
Bəs bu gün əmin-amanlıq şəraitində yaşadığımız bir vaxtda, siyasi sabitliyin mütləq olduğu tarixi bir zamanda, canını Vətən, xalq yolunda sipər edənlərə münasibət necədir? Elə bu necəliyin nəticəsidir ki, hələ bir neçə gün bundan əvvəl Qazax rayonunda olduq və üzləşdiyimiz mənzərəni gördükcə dəhşətə gəldik. O halda bilib başa düşdük ki, bu gün Qazax rayon rəhbərliyi başda olmaqla, problemlərin valığına cavabdehlik daşıyan vəzifə sahibləri ətraf ərazilərdəkilər qalsın bir yana, rayonun mərkəzi hissəsində yerləşən və cəmi 3 dənə olan bulağa ən böyük hörmətsizlik olunur. Hansı ki, həmin bulaqlardan biri milli qəhrəman Şamoy Çobanovun və polis şəhidlərinin xatirəsinə, digəri polis şəhidlərinin, başqa birisi isə 20 Yanvar şəhidlərinin xatirəsinə əbədləşdirilmişdir. Təəssüf doğuran hal odur ki, avtovağzala gedən mərkəzi magistral yolun üstündə yerləşən və baxımsızlıq ucbatından bərbad halda olan bulaq, milli qəhrəmanımız Şamoy Çobanovun adını daşıyır. Qazax rayon Polis Şöbəsinin köhnə inzibati binası ilə üzbəüz olan bulaq isə, canını Vətən, xalq yolunda şəhid edən polis şəhidlərinin adını daşıyır. İcra hakimiyyətinə məxsus binanın təqribən 30-40 metrliyindəki bulaq isə, 20 Yanvar şəhidlərinin adını daşıyır. Diqqəti cəlb edən hal odur ki, bir neçə gün bundan əvvəl 20 Yanvar faciəsi ilə bağlı hər yerdə hazırlıq işləri görüldü, müəyyən tədbirlər proqramı işlənib hazırlandı. Məqsəd o olur ki, faciə qurbanlarının xatirəsi unudulmasın, bir daha yada salınsın. Elə bu səbəbdən də, hansı şəhər və rayonda 20 Yanvar faciəsi qurbanlarının adını daşıyan küçələr varsa, bu gün də həmin küçələrdə təmizlik işləri aparılır, bulaqlar varsa təmir olunur, abidələri ucaldılıbsa nəzər-diqqət həmin abidələrə yönəldilir.
Bütün bunların qarşılığında isə, milli qəhrəman və səhid adını daşıyan bulaqlara Qazax rayon rəhbərliyi başda olmaqla, digər vəzifə sahibləri də sanki qənim kəsilmişlər. Bəlli münasibət bu cür olmasaydı, yəqin ki, rayonun mərkəzi hissəsində yerləşən və cəmi 3 dənə olan bulaq, belə bir görkəmdə olmazdı.
Bir faktı da qeyd edək ki, şəhid bulaqlarına bəslənilən bəlli münasibət digər şəhər və rayonlarda da yaşandığından, hələ bir neçə gün bundan əvvəl Xəzər televiziyasında bu yöndə tənqidi açıqlamalar verilmişdir. 04 yanvar 2015-ci il tarixdə verilən verlişdə Mingəçevir və Göyçay şəhərlərində yaşanan problemlərin varlığına cavabdehlik daşıyan şəxslər tənqid olunduqdan sonra, elə başa düşdük ki, Qazax rayon rəhbərliyi həmin tənqiddən bir nəticə çıxaracaq. Amma, çox təəssüflər olsun ki, bu belə olmadı. Necə deyərlər, bəslənilən münasibət yenə də yaşadıldı.
Milli qəhrəmanın və şəhidlərin adını daşıyan bulaqların baxımsızlıq ucbatından bərbad halda olması, onu söyləməyə əsas verir ki, bəli bu gün Qazax rayon rəhbərliyi belə bir məsələlərdə olduqca unutqandır. Əgər bu belə olmasaydı, o halda gündəlik yüzlərlə, minlərlə insanın gəlib-keçdiyi yerdə olan bulaqlar, belə bir görkəmdə olmazdı. Rəhbərliyin bəlli münasibəti, bu gün yəqin ki, hər kəsi sızıldadır, milli ruhu olanların milli ruhunu azacıq da olsa sındırır, tam əksəriyyəti özünə qapanmağa sövq edir. Odur ki, biz belə bir münasibəti qəbul etmirik və rəhbərliyi bu cür idarəsizlikdə, bacarıqsızlıqda, Vətəninə, xalqına ögey münasibətdə, daha dəqiq desək milli qəhrəmana və şəhid ruhuna hörmətsizlikdə qınayırıq. Bu bizim haqqımız, vətəndaş təəssübkeşliyimizdən irəli gələn yanaşmamızdır.
Hörmətli oxucular! Rayon ərazisində yaşanan digər problemlərin də varlığını, bundan sonra da qabartmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Mübariz Əlioğlu

Qazaxda milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik

Qazaxda milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik

Qazaxda milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik