backend

Prezidentə şok müraciət

Prezidentə şok müraciət
























GDU rəhbərliyi haqqı tapdanan müəllimə qarşı təzyiqlərin sifarişininin “yuxarıdan” gəldiyini iddia edir

Gəncə Dövlət Universitetinin haqqı tapdanan müəllimi Fikrət Hacıyev prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. Həmin müraciətin bəzi məqamlarını diqqətinizə təqdim edirik:

“Cənab Prezident! GDU-nun Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək əməkdaşı kimi mənim Xocalı faciəsinin 20 illiyi öncəsi işdən qovulmağımdan 3 ildən çox keçib. Bu müddət ərzində 2 aclıq aksiyası ( 52 və 29 günlük ) keçirmiş və uzun məhkəmə çəkişmələrindən sonra işə bərpa olunsam da, məcburi iş buraxmaya görə itirilən 17 aylıq əmək haqqımı və aclıq aksiyalarının sağlamlığıma vurduğu zərərə görə təzminatı hələ də ala bilməmişəm. Bu bəs deyilmiş kimi GDU məmurları mənim 2013/14 dərs ilinin məzuniyyət pulumu da kəsmiş və buna görə Prezident Administrasiyasına 4 dəfə şikayətə getməyimə baxmayaraq, nəinki məzuniyyət pulumu vermiş, hələ şikayətə getdiyim 22.04.2014 tarixin də əmək haqqı qanunsuz tutmuşdular. Bu hərəkətləri ilə GDU məmurları məni inandırmağa çalışırdılar ki, müharibə veteranının acından öldürülməsi yuxarıdan gələn tapşırıqla yerinə yetirilir.

Gəncə məhkəmələri iddia müddətinin ötürülməsi bəhanəsi ilə əmək haqqımın verilməməsi barədə qətnamə qəbul etsə də, Ali Məhkəmə öz qərarı ilə iddia müddətinin ötürülmədiyini bildirmiş və işi yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarmışdı. Buna baxmayaraq 16 yaşlı Almaz Kərimlinin özünü yandırılmasında adı hallanan Zərbəli Zərbəliyev MPM-in 420-ci maddəsini kobud şəkildə pozaraq yenə də iddia müddətinin ötürülməsi bəhanəsi ilə əmək haqqımın verilməsinə mane olan qətnamə qəbul etmişdi. Halbuki MPM-in 420-ci maddəsində göstərilir ki, kassasiya şikayətinə baxan məhkəmənin qərarındakı göstərişlər işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə çıxır ki, Gəncə hakimləri Azərbaycan Respublikası qanunlarını ya bilmirlər, ya da onu bilərəkdən pozurlar. Onda çox maraqlı bir sual ortaya çıxır, qanunları pozan hakimləri olan xalqa erməni kimi düşməni neyləyirdin İlahi? Əgər hakim qaçqın evini uçurtdurub, onun övladının özünü yandırmasına səbəb olduqdan sonra, müharibə veteranının əmək haqqına göz tikməyə cürət edirsə, onda bu millətə xarici düşmən lazımdırmı? Möhtətəm Zərbəli Zərbəliyevin bədnam qətnaməsindən yazdığım kassasiya şikayətimə 5.03.2015 tarixində hakim Mirzəliəev Əsəd Abdulla oğlunun sədrliyi ilə baxılacaq.

Ancaq möhtərəm hakim Əsəd Mirzəliyey bir dəfə şikayət ərizələrində yazdığım ifadələrə görə GDU-nun mənə qarşı qaldırdığı işgüzar nüfuzun müdafiəsi və təkzib iddiasını təmin etmişdi. Bundan sonra icra məmurları məni 3 il həbslə hədələyərək, təkzib yazdırmağa məcbur etmək istəsələr də, buna nail olmadılar. Rüşvət faktları barədə şikayət edən müharibə veteranını həbs etdirmək istəyən bir hakimə yenə də onun əmək haqqı iddiasına baxılmasının tapşırıması nə qədər qanunidir? Doğrudanmı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda könüllü müharibəyə getmiş müharibə veteranı əmək haqqını ala bilmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməli olacaq? Əgər müharibə veteranı əlində vəsiyyətnamə ola-ola yaşadığı və qeydiyyatda olduğu evi öz adına çevirə bilmirsə, işdən qanunsuz qovulub, işə bərpa olmaq üçün 52 və 29 günlük aclıq aksiyaları keçirib, sağlamlığını birdəfəlik itirdikdən sonra işə bərpa olunsa da, məhkəmələrdəki rüşvətxor hakimlər üzündən məcburi işburaxmaya görə itirilən əmək haqqını ala bilmirsə, onda hüquqi dövlətdə yaşadığımızı necə deyə bilərik?

Cənab Prezident! Bütün bunları nəzərə alıb, kassasiya şikayətimə möhtərəm Mirzəliyev Əsəd Abdullah oğlunun deyil, başqa hakimin sədrliyi ilə baxılmasına sərəncam verməyinizi xahiş edirəm. Mən həmin şəxsin GDU məmurları ilə qeyri-qanuni "işbirliyində" olmasını artıq bir biabırçı məhkəmə prosesində gözlərimlə görmüşəm. Aclıq aksiyalarından sonra hələ ayaq üstə çətinliklə durduğum bir müddətdə istehza ilə müharibə veteranını ələ salan bir hakimin mənim taleyimi həll etməsini qəbul edə bilmirəm. Xahiş edirəm kömək edin”.