“Sabunçu” xəstəxanasında həkim ÇATIŞMIR – TƏBİB kadr axtarışına ÇIXDI
519
3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) tibbi personal çatışmazlığı iddia olunur. Turantv.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya həmin xəstəxanada yaxınları müalicə olunan bir neçə vətəndaş müraciət edib. Dediklərinə görə, xəstəxanaya ağır durumda gətirilən xəstə 1 saatdan çox dəhlizdə gözləmədə qalır. Onu ilkin müayinə etmək üçün həkim tapılmır. Həkimlər isə bu vəziyyəti xəstə çoxluğu ilə əlaqələndirirlər. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik. Qurum Bizim.Media-nın sorğusuna cavab olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasında həkim çatışmazlığının olduğunu təsdiqləyib:“Sabunçu Tibb Mərkəzində qismən tibb personalı çatışmazlığı mövcuddur. Xüsusilə də tibb bacısı, porter sahələrində çalışanlara ehtiyac var. Bununla əlaqədar olaraq, bildiririk ki, kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə vakant yerlər üzrə kadrların işə cəlb olunması istiqamətində addımlar atılır”, – deyə qurumdan bildirilib.