backend

Məktəbli forması monopoliyadan çıxıb: – BTE nişan vurur, “Sədərək” ucuz satır…

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Valideynlər isə bu formaları paytaxt üzrə 18 məntəqədən əldə edə bilərlər.
Lakin bu məntəqələrdən əlavə, bir sıra ticarət mərkəzlərində də məktəbli formaları satılır.
Məsələn, hər il Sədərək Ticarət Mərkəzində satışa çıxarılan məktəbli formaları daha ucuz qiymətə təklif olunur. Bu formaların sintetik materialda olduğu deyilsə də, qiymətləri valideynlər üçün daha əlverişli hesab olunur. Bundan əlavə, bu il sıraya “Panda Kids” şəbəkəsi də qoşulub. Məktəbli formaları “Panda Kids” şirkəti tərəfindən də istehsal olunur.
Xatırladaq ki, əvvəllər məktəblərdə formalara nəzarət olunurdu. Belə ki, “BTE” (“Bakı Tikiş Evi”) nişanlı formalardan istifadə etməyən şagirdlərin sayı barədə indiki Elm və Təhsil Nazirliyi məlumatlandırılırdı.
Maraqlıdır, digər mağazalarda satılan və “BTE” nişanı olmayan formaların satışı barədə Elm və Təhsil Nazirliyinə müraciət edilibmi?
DİA.AZ-ın məlumatına görə, bununla bağlı “Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda proseslərə nazirlik də nəzarət edə bilmir:
“Biz istehsalçıyıq, satışa çıxarırıq. Məhsullarımızın üzərində “BTE” nişanı var. İnsanlar özləri qiymət verir, kim keyfiyyətli məhsul istehsal edir, gedib oradan alır.
Kimə uşağının taleyi maraqlı deyil, sabah geyinəndə allergiya olacaq və ya hansısa başqa xəstəlik tutacaq, onu maraqlandırmırsa, gedib ucuz, saxta formalar alır. Kim istəyir, bizim satış mərkəzimizdən ala bilər, kim də istəmirsə, bu insanların şəxsi işidir, nə edək?
Bütün ərazilərə nəzarət edə bilmirik. Heç vaxt da nəzarət edə bilməmişik. Qarşısını almaq mümkün deyil. Qarşısını almağa gücümüz də çatmır. Oradan-buradan parça gətirib tikib satırlar. Bu, həmişə olub, yenə də olacaq. Elm və Təhsil Nazirliyi nə etsin? Bu gün bazarda həm keyfiyyətli, həm də keyfiyyətsiz yağ var. Onun qarşısını kim ala bilir? Kim harada necə satır, nə satır, bu bizi düşündürən məsələ deyil.
Biz öz məhsullarımıza cavabdehik. Məhsullarımızın qiyməti baha deyil, üstəlik pambıqdandır, sintetik deyil, zərərsizdir. Keyfiyyətsiz, ucuz mal almaq istəyən gedib Sədərək Ticarət Mərkəzində alır. Məktəbli formalarının satışı ilə bağlı heç bir problemimiz yoxdur. Satışımız yaxşıdır”.