backend

Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat

Bir müddət əvvəl Tbilisidə erməni, azərbaycanlı və gürcü “fəalların” COP29-a qarşı aksiya keçirməsi yerli mediada və ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Aksiyalar zamanı iştirakçılar Azərbaycanı xaricdəki erməni lobbisinin şüarı olan “etnik təmizlik”də ittiham ediblər.

İsveçli “ekoloji fəal” kimi təqdim edilən Qreta Tunber Tbilisidə Azərbaycan əleyhinə aksiyalar keçirdi. İndi də o, Ermənistana gedib. Ötən gün orada “Azərbaycanın təcavüzünün insan hüquqlarına və ətraf mühitin mühafizəsinə təsiri” mövzusundakı forumda iştirak edib. Bunun ardınca isə qondarma “erməni soyqırımı” memorialı önündə şəkil çəkdirib. Aydın şəkildə görünür ki, Azərbaycana qarşı qeyri ekoloji kampaniya aparılır.

Azərbaycan buna necə cavab verəcək?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, həmin aksiyaların keçirilməsi birbaşa Qərbin sifarişidir və iqlim dəyişiklikləri, yaxud ekoloji fəaliyyətlə heç bir bağlılığı yoxdur:

“Bir ilə yaxın davam edən anti-Azərbaycan fəaliyyətin heç bir nəticə vermədiyini görən dairələr konfransın gedişində özlərinin layihəsi olan gənc autizm xəstəsini prosesə cəlb etməklə ölkəmiz əleyhinə qarayaxma kampaniyasını növbəti mərhələyə daşımağı hədəfləyir. Lakin əgər həmin dairələr, o cümlədən imperializmin əlində oyuncağa çevrilmiş Qreta Tunberq eko-aktivist kimi fəaliyyətində səmimidirsə, Azərbaycan ərazilərinin 30 illik işğalı dönəmində Livan ölçüdə bir ərazidə – Qarabağ və Şərqi Zəngəzurda flora və faunaya vurulan bərpası mümkün olmayan zərərə, o cümlədən törədilən çoxsaylı ekoloji cinayətlərə görə niyə bir dəfə də olsun nəinki etirazını, heç münasibətini də bildirməyib. Yaxud iki il öncə azərbaycanlı eko-fəalların Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində Ermənistanın dövlət səviyyəsində dəstəkləyərək törətdiyi çoxsaylı ekoloji cinayətlərə etiraz olaraq Şuşa-Xankəndi yolunda aksiyalarına Qreta Tunberq və onun havadarları niyə hər hansı formada dəstək ifadə etmədilər?”

Deputatın sözlərinə görə, bu addımlar bir daha göstərir ki, Tbilisidə Azərbaycan əleyhinə aksiyalar birmənalı şəkildə ölkəmiz əleyhinə qarayaxma kampaniyasının bir hissəsidir:

“Qreta Tunberq isə bu prosesin ucuz alətlərindən biridir. Təsadüfi deyil ki, Qərb dairələri Qreta Tunberqi regionda gətirmişkən həm ticarət, həm ziyarət düşüncəsi ilə ondan hər tərəfli istifadə etmək fürsətini fövtə verməyib. Heç bir aidiyyəti olmadığı halda eko-aktivisti Gürcüstan müxalifətini parlament önündə mitinqlərinə də cəlb etdilər. Ardınca isə Qreta Tunberqin Ermənistana səfəri və bu ölkədə “Azərbaycanın təcavüzünün insan hüquqlarına və ətraf mühitin mühafizəsinə təsiri” mövzusunda “forumda” iştirakı, həmçinin “erməni soyqırımı” memorialı önündə şəkil çəkdirməsi bir daha göstərir ki, əslində bu proses çoxdan ekoloji çərçivədən çıxıb və birmənalı şəkildə təcavüzkar mahiyyət daşımaqdadır”.

Siyasi şərhçi Elvin Baxşalızadə isə məsələyə belə münasibət bildirib:

“Qreta Tunberq 21 yaşlı isveçli eko fəaldır. O ilk dəfə COP24 çərçivəsində dünya miqyasında tanınmağa başlanıb. Amma onun fəaliyyətinə nəzər salsaq görərik ki, Tunberq son illərdə əsasən başqa istiqamətlərə yönəlib. Əgər Tunberqi həqiqətən də planetin gələcəyi narahat edirsə, o, sırf ekoloji fəal kimi fəaliyyətdədirsə niyə bu gün Bakıda COP29 çərçivəsində keçirilən sammitlərdə iştirak etmir?

Əvəzində isə o bir qrup şəxslə birgə Tbilisidə Azərbaycan əleyhinə aksiyalar təşkil edir. Ölkəmizi ermənilərə qarşı etnik təmizləmədə günahlandırırlar. Bu, sadəcə gülməlidir. Bu gün Azərbaycan ərazisində minlərlə erməni yaşayır.
Qreta Tunberq etnik təmizləmə mövzusunda səmimidirsə Ermənistandan qovulan 300 minə qədər azərbaycanlı haqda danışsın. Amma danışmayacaq çünki ölkəmizə qarşı qərəzlidir.

Daha sonra Ermənistanda keçirilən forum mövzusu da bizə hər şeyi aydın izah edir. Orada isə ölkəmizi təcavüzdə günahlandırıblar.

Halbuki Azərbaycan sadəcə öz ərazisində legitim hərbi əməliyyatlar keçirərək torpaqlarını azad etmişdi.

Bütün bu qeyd olunanlar cəmiyyət olaraq bizdə qəzəb yaratsa da, mən Qreta və onun təşkil etdiyi anti-Azərbaycan aksiyalarını cavabsız qoymağı təklif edirəm. Fikrimcə, hazırkı məqamda onları ciddiyə almamalıyıq. Azərbaycan dünya miqyasında səs-küy yaradan, qlobal əhəmiyyətli işlər həyata keçirir. Qərəzli və ciddi təsir gücü olmayan bu məlum qrupla mübarizə aparmaq üçün əlavə resurs xərcləməyə ehtiyac yoxdur. Dünya ictimaiyyəti hər şeyi yaxşı görür və qiymətləndirir”.