2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik İli"kimi qeyd olunur. Bu barədə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı var. Bu sərəncamdan irəli gələn məsələlər ondan ibarətdir ki, ölkə ərazisində yaşıllıqlara xüsusi qulluq edilməli, təbiətin hər bir ünsürünə diqqətlə yanaşılmalıdır. Dünyamızın oksigen fabriki hesab olunan ağacların sayı artırılmalı, onları kəsənlərə qarşı ciddi tədbirlər həyata keçirilməlidir. Bundan əlavə ölkəmizdə dünyanın 100 dən artıq dövlət başçılarının iştirakı ilə COP 29 Beynəlxalq Sammit keçirilir. Sammitin əsas məqsədi dünyada baş verən iqlim dəyişikliklərinə diqqəti yönəltmək və buna səbəb olan amilləri aradan qaldırmaqdır. Bu hər bir vətəndaşın Ana Təbiət qarşısında bir vicdan borcu olmaqla yanaşı dövlətimiz qarşısında da məsuliyyətidir.
Lakin əfsuslar olsun ki, belə bir zamanda bəzi yerli idarə rəhbərləri Cənab Prezidentin sərəncamını ciddiyə almır, yaşıllıqları ən azı bu ildə qorumaq əvəzinə onların məhvinə səbəb olacaq qanunsuz işlərlə məşğuldurlar.
Redaksiyamıza Göyçay Rayon Qarabaqqal kənd sakinlərindən müraciət daxil olub. Kənd sakinləri adından müraciət edən bir qrup şəxs bildirir ki, kənddə dahi Azərbaycan şairi Nizami Gəncəvi adına qanuni sənədlə park mövcuddur. Hətta bir zamanlar onun heykəli də parkda var idi. Parkın ərazisində müxtəlif növ ağaclar var. Lakin son günlər həmin parkın ərazisində qanunsuz obyekt tikilir. Həyat və yaşam səbəbimiz olan ağaclar məhv edilir. Üzücü haldır ki, bütün bu hadisələr dövlət məmurlarının gözü qarşısında baş verir. Vətəndaşların haqlı şikayətlərinə Kənd İcra Nümayəndəsi Kamil Qasımov, Bələdiyyə Sədri Əli Xəlilov biganə qalırlar.Nə hikmətdirsə öz həyətində ağacını budayan vətəndaşa sərt cəza tətbiq etməyə hazır olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da bu qanunsuz işə dur demirlər.
Biz Göyçay Rayon Qarabaqqal kənd sakinləri sizin vasitənizlə cənab prezident İlham Əliyevə,I Vitse Prezident Zat Aliləri Mehriban xanım Əliyevaya müraciət edərək onlardan xahiş edirik ki, qanunsuz şəkildə ağacları məhv edən, əhalinin istirahət yeri olan parkda qanunsuz obyekt tikən və bu qanunsuzluqlara göz yuman dövlət rəsmiləri cəzalandırılsın,vətəndaşların haqlı şikayətlərinə biganə qalınmasın.
Biz də öz növbəmizdə qeyd edilən məsələni nəzarətdə saxlayacağıq,çünki vətəndaşımızın haqlı şikayətini işıqlandırmaq əsas qayəmizdir.
Sonda qeyd edək ki, məlum məsələ ilə bağlı əlimizdə foto və video görüntülər var, onları da təqdim edəcəyik...