Örüşlər Kimin Malıdır?
Kənd sakinlərinin illərdir istifadə etdiyi örüş torpaq sahələri bələdiyyə sədrinin şəxsi qərarları əsasında müxtəlif şəxslərə icarəyə verilir. Bu sahələr kənd camaatının birgə istifadəsində olan ərazilərdir. Onların satılması və ya uzunmüddətli icarəyə verilməsi yalnız kənd ictimaiyyətinin razılığı, açıq və şəffaf mexanizm əsasında mümkündür. Amma görünən odur ki, Fuad Rəhimov nə bu hüquqi prinsiplərə, nə də insanlara hörmət edir. Sakinlər öz malı olan torpağa ayaq basa bilmirlər, çünki artıq həmin torpaq başqasına verilib – kiminə pulla, kiminə də "tanışlıqla".
Məhkəmə Qərarları Hara Baxır?
Ən ciddi məqam isə budur: kənd sakinləri bu haqsızlıqla barışmayıb məhkəməyə üz tutublar və bəli, məhkəmə onların xeyrinə qərar çıxarıb. Amma qərar var, icra yoxdur! İcra və probasiya şöbəsi qanunla üzərinə düşən vəzifəni yerinə yetirmir. Sual yaranır: niyə? Kimlər bu prosesə mane olur? Hansı dairələr kənddə bu özbaşınalığın davam etməsində maraqlıdır?
Məhkəmə qərarlarının icra olunmaması hüquqi nihilizmin bariz nümunəsidir. Əgər adi bir bələdiyyə sədri məhkəmə qərarlarını saya salmırsa və bunun cəzasız qalacağını bilirsə, vətəndaşlar bu dövlətdə hansı hüquqa inanmalıdır?
“Əliniz hara çatır, gedin şikayət edin”
Fuad Rəhimovun kənd sakinlərinə “əliniz hara çatır, gedin şikayət edin” deməsi, sadəcə təkəbbür deyil – bu, sistemə açıq çağırış, qanunlara qarşı qəsddir. Bələdiyyə sədrinin bu davranışı, bir tərəfdən insanların hüquqlarını ayaq altına atmaq, digər tərəfdən isə dövlətin nüfuzuna kölgə salmaq deməkdir. Bu cür çıxışlar onun hüquqi məsuliyyət daşıdığını unudaraq özünü toxunulmaz hesab etdiyini göstərir. Sual olunur: bu toxunulmazlıq ona kim tərəfindən verilib?
Rəsmi Qurumların Susqunluğu
Məsələ barədə müvafiq nazirliklərə, Saatlı Rayon İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinə, o cümlədən yerli icra və probasiya şöbəsinə dəfələrlə məlumat verilib. Lakin nəticə yoxdur. Əgər vətəndaşın hüququ pozulursa və bu pozuntu dövlət orqanlarının səssizliyi ilə davam edirsə, bu zaman haqlı narazılıqlar da artır. Qanunsuzluğu görüb tədbir görməyən məmur, əslində onu dəstəkləyən məmurdur.
Çağırış: Hüquqların Müdafiəsi Üçün İctimai Təzyiq Artırılmalıdır
Bu təkcə Azadkənd kəndinin problemi deyil. Bu, ölkədə yerli idarəetmənin nə qədər məsuliyyətsiz əllərdə olduğunu göstərən acı nümunədir. Hüquq müdafiəçiləri, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri bu kimi hallara göz yummamalıdır. Çünki bu gün Azadkəndin örüşü əldən çıxırsa, sabah başqa kəndin suyu, yolu, havası da “icarəyə verilə” bilər.
Mərkəzi icra hakimiyyətindən tələb olunur: Fuad Rəhimovun fəaliyyəti araşdırılsın, məhkəmə qərarlarının icrasına dərhal başlanılsın və bu cür hallar sistemli şəkildə nəzarətə götürülsün. Əks halda, hüquqi dövlət anlayışı, vətəndaşın güvən duyğusu ciddi şəkildə sarsılacaq.