backend

11oktyabr “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur

BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilmək üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Fəxrlə deyə bilərik ki, Azərbaycanda hər zaman qadınlara, qızlara xüsusi münasibət, diqqət və qayğı olub və biz bunu daim hiss etmişik.
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin məntiqi nəticəsi kimi bütün sahələrdə qadınların fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır.
Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə yeni uğurlu addımlar atılmaqdadır.
Xeyirxahlıq, yaxşılıq, mərhəmət kimi ali mənəvi dəyərləri fəaliyyətinin əsas istiqamətinə çevirən Mehriban xanım Əliyevanın rolu danılmazdır.
Hər birimiz Mehriban xanımın həm bir qadın, ana, bacı kimi dəstəyini görür, hiss edir, həm də ictimai-siyasi xadim kimi fəaliyyətini müşahidə edir, yüksək qiymətləndirir və dəyərləndiririk!
Mehriban xanım, Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Bu, bizim üçün fəxr, stimul və nümunədir!
Beynəlxalq Qızlar Günü münasibətilə bütün qızlarımızı təbrik edir, onlara həyat yollarında uğurlar arzulayiram.

Ülviyyə Həmzəyeva 

Milli Məclisin deputatı