Ölkənin ən iri təbiət qoruqlarından biri olan Şahdağ Milli Parkı bu gün təkcə ekoloji deyil, həm də ictimai-siyasi müzakirələrin mərkəzindədir. Son həftələr sosial şəbəkələrdə yayılan kadrlar, bölgə sakinlərinin narazılıqları, ayrı-ayrı media resurslarının məlumatları bu sualı yenidən gündəmə çıxarıb: “Meşələrimiz kimlərin əlində və nəyin hesabına məhv olunur?”
Sosial platformalarda ard-arda yayılan videolarda böyük diametrli, 50–120 illik qiymətli ağacların kütləvi şəkildə qırıldığı görünür. Lentin başqa kadrlarında təpədən aşağı uzanan çılpaq meşə zolaqları, yüzlərlə kəsilmiş gövdənin ard-arda düzüldüyü sahələr diqqəti çəkir. Bölgə sakinlərindən gələn şikayətlərə görə, bu qırıntılar təkcə təsadüfi və ya “sanitar təmizləmə” adı ilə aparılan lokal fəaliyyət deyil. Əksinə, məqsədli şəkildə geniş əraziləri əhatə edən, ardıcıllığı olan və kommersiya yönümlü bir prosesdən danışılır.
Bu iddialar həmin videoların yaratdığı ictimai rezonansı daha da gücləndirir.

Müxtəlif media resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, kütləvi ağac qırıntılarının başında dayandığı iddia edilən şəxs Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribovdur.
İddialara görə, o, burada özünü “tam səlahiyyət sahibi” kimi aparır və meşə ərazilərini şəxsi təsərrüfatı kimi idarə edir. Onun göstərişləri ilə uzunillik ağacların kəsildiyi, hətta nadir fauna növlərinin ovlandığı barədə də iddialar var.
Maraqlı olan odur ki, ictimaiyyət tərəfindən tənqid olunan bu şəxs əvvəllər də meşə təsərrüfatı sistemində çalışıb, lakin ayrı-ayrı mənbələrə görə, ciddi pozuntulara görə vəzifədən uzaqlaşdırılıb.
Məlumatlara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə məhz videolarda görünən ərazilərdə yoxlama aparıb. Yoxlamanın qeyri-rəsmi nəticələrinə dair yayılan informasiyalarda 700-dən artıq iri gövdəli, tikinti üçün yararlı ağacın kəsildiyi iddia olunur.
Burada bir kicik haşiyəyə cıxaq. Nadir fauna növlərinin ovlandığı barədə iddialara aydınlıq gətirmək ücün 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Xəzər Vəliyevlə əlaqə yaratmağa calışdıq. Maləsəf, mümkün olmadı. Öyrəndik ki, Xəzər müəllim bu vəzifəyə təzəcə təyin olunub, özü də deyilənə görə köhnə bazara təzə "nırx" qoyub. Ya obyektlərə ölcü aparatları qoylacaq, ya da ildə 1000 manat "tüstü pulu" alınacaq. Nə isə... gecək əsas məsələyə.
Daha diqqətçəkən məqam isə budur: yoxlamada iştirak edən şəxslərdən biri – media məlumatlarında adı çəkilən Nəriman Cırıyev adlı nazirlik əməkdaşı – guya Əfqan Qəribovla əlaqəyə girərək “yaşdan quru çıxarmaq” üçün müxtəlif manevrlərə cəhd edib.
İctimaiyyətə sızan xəbərlərə görə, bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi ilə əlaqə yaradılıb və qırıntı aparılan ərazinin guya Şahdağ Milli Parkına deyil, İsmayıllı Meşə Təsərrüfatı İdarəsinə aid olması haqda sənəd tərtib etdirilib.
Sonradan həmin sənədin saxta olduğu barədə iddialar yayıldı.
Məlumatlara görə, sənəd qalmaqalından sonra Əfqan Qəribov nazirliyə işdən azad olunması barədə ərizə ilə müraciət edib. Lakin aparılan yoxlama davam etdiyi üçün ərizəsi qəbul edilməyib.
Bu da hüquqi ehtimalları artırır:
– Əgər yoxlama yekunlaşmayıbsa, demək ki, ortada ciddi şübhələr var;
– Əgər ərizənin qəbul ediləcəyi təqdirdə məsuliyyətdən yayınma ehtimalı mövcuddursa, proses qəsdən ləngidilib.
Beləliklə, suallar yenidən açıq qalır.
İddialar bununla da bitmir. Media mənbələrinin illər öncə yaydığı məlumatlara görə, Əfqan Qəribov bir vaxtlar Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəhbəri olub. Həmin dövrdə də onun fəaliyyəti barədə çoxsaylı şikayətlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qədər gedib çıxmışdı.
Daha bir iddiaya görə, o zaman Qəribov müxtəlif pozuntulara nazirlikdə işləyən əmisi Cabbar Qəribovun himayəsi ilə yol verə bilib.
Bu cür iddialar yeni deyil, lakin yeni olan bir şey var: həmin dövrdə işdən uzaqlaşdırılan Qəribovun Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəyişdikdən sonra yenidən sistemə qaytarılması.
İctimaiyyətin sualı belədir:
Bu təyinat hansı əsasla edilib və bu qərar kimə lazım idi?
Ardı var...
Qaynarxett.az









