backend

ATMACA - Məktəb var, bina var, şagird var… direktor hanı?

Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik, müasir standartlara cavab verən, təptəzə məktəb binası fəaliyyət göstərir. Kağız üzərində hər şey qaydasındadır: bu tədris ilində məktəbdə 450 nəfərdən artıq şagird təhsil alır, məktəbəhazırlıq qrupunda isə 30-a yaxın uşaq tədris prosesinə cəlb olunub. Təhsil ocağında 40 nəfər pedaqoji işçi çalışır.

Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinetləri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib.

Məktəbin həyəti də abadlaşdırılıb: hasar çəkilib, tamet və asfalt örtük döşənib, nəzarət-buraxılış məntəqəsi qurulub, şəhidlər abidəsi ucaldılıb, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, işıqlandırma dirəkləri basdırılıb.

Bir sözlə, müasir məktəb üçün lazım olan hər şey var.
Hər şey… direktor istisna olmaqla.

Kənddə olduğumuz zaman yerli sakinlər və məktəblə bağlı məlumatlı şəxslər diqqətçəkən bir faktı bildirdilər: məktəbin direktoru Elşən Səfərovu məktəbdə tapmaq müşkül məsələyə çevrilib. Direktorun təhsil müəssisəsində mütəmadi iştirakı ilə bağlı ciddi suallar yaranır.

Burada təbii və haqlı bir sual ortaya çıxır:
Özü məktəbdə olmayan direktorun rəhbərlik etdiyi təhsil müəssisəsində şagirdlərin dərsə davamiyyəti, təlim-tərbiyə prosesi və ümumi nizam-intizam necə təmin olunur?

Məktəb təkcə bina deyil. Məktəb idarəetmədir, nəzarətdir, məsuliyyətdir. Direktor isə bu mexanizmin əsas fiqurudur. Direktorun faktiki olaraq məktəbdə görünməməsi müəllim kollektivinə, şagirdlərə və valideynlərə hansı mesajı verir? Təhsil müəssisəsində intizamın, dərsə davamiyyətin, pedaqoji prosesin effektivliyi necə ölçülür?

Əgər direktor məktəbdə yoxdursa, bəs:

  • müəllimlərin dərsə davamiyyəti kim tərəfindən nəzarətdə saxlanılır?

  • şagirdlərin davamiyyəti və davranışı necə tənzimlənir?

  • valideynlərin müraciətləri kim tərəfindən qəbul olunur?

  • məktəbin gündəlik fəaliyyəti kimə hesabat verir?

Bu suallar cavabsız qaldıqca problem təkcə bir direktor məsələsi olmur, dövlətin milyonlarla vəsait xərclədiyi təhsil müəssisəsinin faktiki idarə olunması məsələsinə çevrilir.

“Atmaca” olaraq mövzunu diqqət mərkəzində saxlayacağıq. Müvafiq qurumların məsələyə münasibət bildirməsini vacib hesab edirik. Eyni zamanda, qarşı tərəfin – məktəb rəhbərliyinin və direktor Elşən Səfərovun mövqeyini dərc etməyə hazırıq.

Çünki məqsədimiz sensasiya deyil, təhsildə məsuliyyət və şəffaflıqdır.


Mövzu diqqət mərkəzində saxlanılacaq.

Qaynarxett.az