Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “İnci” körpələr evi–uşaq bağçası ilə bağlı valideynlərin səsləndirdiyi iddialar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Valideynlər uşaqlara yetərli və keyfiyyətli qida verilmədiyini, meyvə və ət məhsullarının menyuda faktiki olaraq yer almadığını bildirirlər. İddialara cavab olaraq bağçanın direktoru Rəvanə Ağayeva açıqlama /mənbə-Tribuna/ verib.
Lakin bu açıqlama sualları azaltmaq əvəzinə, yeni və daha ciddi məqamları üzə çıxarır.
“Doymayan uşağa əlavə vermək olmaz”
Bizimesr.az bildirir ki, direktorun sözlərinə görə, bağçada yeməklər qramla verilir və bu normadan kənara çıxmaq mümkün deyil: “Doymayan uşağa mən ikinci peraşkini verə bilmərəm. Mən qramdan kənara çıxa bilmərəm.”
Bu açıqlama ciddi suallar doğurur. Söhbət 3–6 yaşlı uşaqlardan gedirsə, onların hamısının eyni miqdarda qida ilə doyacağını düşünmək nə dərəcədə doğrudur? Əgər uşaq ac qalırsa, dövlət bağçasında bunun məsuliyyəti kimə aiddir - “qram norması”namı, yoxsa həmin normanı müəyyən edən sistemə? Üstəlik, valideynlərin iddia etdiyi kimi, şorbada yalnız su və kartofun olması, ətin dad üçün istifadə edilməsi ehtimalı direktor tərəfindən birbaşa təkzib olunmur. Bu daha böyük biabırçılıqdır..
Meyvə niyə məhduddur?
Direktor bildirib ki, bağçada uşaqlara əsasən alma və banan verilir. Digər meyvələrin olmaması isə açıqlanmır. Halbuki dövlət bağçaları üçün təsdiqlənmiş qida normalarında mövsümi və müxtəlif meyvələrin nəzərdə tutulduğu məlumdur. Bu da diğər təsdiq ki, diğər meyvələr göndərilmir.
Daha diqqətçəkən məqam isə valideynlərin uşaqlara kənardan meyvə gətirməsinə qadağa qoyulmasıdır. Direktor bunu “digər uşaqların nəfsi çəkməsin” arqumenti ilə izah edir. Bu yanaşma isə əsas problemi bağçanın özü tərəfindən yetərli qida təminatını kölgədə qoyur.
“Dövlət bağçasıdır, amma bəzən pul yığılır”
Ən çox müzakirə doğuran məsələ isə ödənişlərlə bağlı açıqlamadır. Direktor bildirir ki, bağça dövlətə məxsusdur və valideynlər ödənişə məcbur edilmir. Lakin eyni zamanda etiraf edir ki: “Hərdən valideynlərin istəyi ilə bayramlarda 20 manat pul yığılır.”
Dövlət bağçasında valideynlərdən hər hansı formada pul yığılması qanunidirmi? Valideyn istəyi adı altında bu vəsaitlərin yığılması, faktiki olaraq, qeyri-rəsmi ödəniş mexanizmi hesab olunur, daha doğrusu, dövlət bağçasında pul yığımı faktlarını təsdiqləyir. Üstəlik, valideynlərin iddia etdiyi 40 manatlıq aylıq ödəniş məsələsi tam və aydın şəkildə təkzib edilmir.
15 illik rəhbərlik və “özəlləşmiş” bağça görüntüsü
Direktorun 15 ildir bu vəzifədə çalışması da diqqətdən kənarda qalmır. Uzunmüddətli rəhbərlik, qeyri-rəsmi ödənişlər, qida ilə bağlı sərt “qram” yanaşması və valideynlərin şikayətlərinin sistemli xarakter alması bu dövlət bağçasının faktiki olaraq şəxsi idarəetmə modelinə keçdiyi təəssüratını yaradır.
Valideynlər maraqlandıran, düşündürən və cavab almaq istədikləri suallar cavabsız qalır.
Əgər bağça dövlətə məxsusdursa və dövlət tərəfindən bu sahəyə vəsait ayrılırsa, uşaqlar niyə ac qalır və valideynlər niyə pul ödəməyə məcbur olur?
Bu məsələ artıq tək bir bağçanın yox, ümumilikdə məktəbəqədər təhsil sisteminin ciddi yoxlamaya ehtiyacı olduğunu göstərir.
Qeyd edək ki, uşaq bağçaları Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin balansındadır. Agentliyin direktoru Eşqi Bağırovdur.
Bizimesr.az
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
---
Sosial
Siyasət
Sosial / Təhsil









