Xaçmaz rayonunda səhiyyə sisteminin vəziyyəti ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi araşdırma mövzusu doğurur. Vətəndaşların bildirdiyinə görə, illərdir həllini tapmayan problemlər artıq sosial narazılıq həddinə çatıb.
KT problemi: Rayon camaatı niyə başqa şəhərlərə üz tutur?
Şikayətçilər bildirirlər ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında kompüter-tomoqrafiya (KT) aparatının olmaması ciddi problemə çevrilib. Müasir tibbdə həyati əhəmiyyət daşıyan KT müayinəsi üçün rayon sakinləri qonşu rayonlara getməyə məcbur qalırlar.
Bu isə əlavə maliyyə yükü, vaxt itkisi, ağır xəstələr üçün həyati risk deməkdir.
Vətəndaşın sözlərinə görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev məsələ ilə bağlı “baxılacağını və müsbət həll olunacağını” desə də, real nəticə yoxdur. Sual yaranır: əgər problem qəbul edilirsə, niyə həlli uzadılır? Dövlət proqramlarında regionların tibbi infrastrukturunun gücləndirilməsi prioritet olduğu halda, Xaçmaz kimi strateji rayonda KT aparatının olmaması nə ilə izah edilir?Xudat şəhər Xəstəxanası faktiki bağlanıb?
Şikayətdə daha acınacaqlı mənzərə Xudat şəhəri ilə bağlıdır. Bildirilir ki, illərdir bu xəstəxana yalnız ailə-sağlamlıq mərkəzi kimi fəaliyyət göstərir. Halbuki əvvəllər burada:
Doğum şöbəsi
Terapiya şöbəsi
Digər stasionar xidmətlər
fəaliyyət göstərib.
Hazırda isə Nabran-Yalama zonasında, Xudat şəhərində və ətraf kəndlərdə yaşayan 70-80 minə yaxın əhali bu xidmətlərdən məhrum qalıb. Bu qədər əhalinin yalnız bir mərkəzi xəstəxanadan asılı vəziyyətə düşməsi səhiyyə əlçatanlığı prinsipinə zidd deyilmi?
Yarımçıq qalan təcili yardım binası və ölüm riski
Şikayətçi bildirir ki, Xudatda təcili tibbi yardım binasının tikintisi bir ildən çoxdur yarımçıq qalıb. Qəza və ağır xəsarət hallarında xəstələr dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanası-na aparılır.
Bu məsafə isə bəzən həyatla ölüm arasında sərhədə çevrilir. İddialara görə, vaxt itkisi səbəbindən yolda həyatını itirənlər də olub. Əgər bu faktlar təsdiqlənərsə, məsələ artıq inzibati yox, hüquqi məsuliyyət doğura bilər.
Dərman təminatında müəmmalı vəziyyət
Xaçmazda yüzlərlə şəkərli diabet xəstəsinin qeydiyyatda olduğu bildirilir. Şikayətçilərin sözlərinə görə:
Verilən dərmanların keyfiyyəti aşağıdır;
Xəstələrin təxminən 50 faizi dərman almağa gəlmir;
Buna baxmayaraq, dərman çatışmazlığı var;
Dərman almağa gələnlərə “çatmadığı” deyilir.
Əgər xəstələrin yarısı dərman götürmürsə, o zaman preparatlar artıq qalmalıdır. Bəs dərmanlar hara gedir? Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyevun nəzərinə catdırırıq ki, bu sual ictimai nəzarət və audit tələb edir.
Bütün bunlar göstərir ki, problem təkcə texniki deyil, idarəetmə xarakterlidir. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər fonunda region xəstəxanasında bu qədər boşluğun qalması ciddi araşdırma tələb edir.










